Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-479/2025 15.12.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1, iddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Azərbaycan” QSC kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 16263,75 manat borcun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 203,30 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “X4 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 305192 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. “X4 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Öhdəliklər tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə bank məhkəməyə müraciət etmiş və Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)- 132/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə cəmi 16263,75 manat məbləğində bоrc tutulması qət edilmişdir. Cavabdeh bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 203,30 manat məbləğində banka maddi zərər dəymişdir. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 90 gün olmaqla cəmi 203,30 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-132/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi təmin edilərək, cavabdehdən xx.xx.2024-cü il tarixli, 305192 saylı kredit müqaviləsinə əsasən 15000 manat əsas borc, 1078,28 manat faiz borcu, 47,09 manat cərimə olmaqla, cəmi 16125,37 manat məbləğində borcun və 138,38 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “Elektron Məhkəmə” sistemində olan məlumatlardan müəyyən olunur ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-132/2025 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün xx.xx.2025-ci il tarixində Şuşa rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinin tələblərinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki: “MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. “..kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həminmüddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. “Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 305192 saylı kredit müqaviləsinə əsasən cəmi 16125,37 manat məbləğində borcun tutularaq iddiaçı “X4 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmiş Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-132/2025 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan və icraya yönəldildikdən sonra da, cavabdeh tərəfindən icra edilməmiş və bununla da, iddiaçıya zərər vurmuşdur. Belə olan halda, məhkəmənin gəldiyi qənaətə görə, cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü əsas borcun illik 5%-i qismində dəymiş zərərin tutulması tələbi əsaslıdır. Buna görə də, cavabdehdən 16263,75 manat borcun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 203,30 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16263,75 (on altı min yüz iyirmi beş manat 37 qəpik) manat borcun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 203,30 (iki yüz üç manat 30 qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X4 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-479/2025
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-479/2025
15.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver