Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-51/2024 14.02.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli MNR-400-0020-23 saylı kredit müqaviləsinə əsasən 697,32 manat əsas borc, 238,90 manat cərimə borcu olmaqla, cəmi 936,22 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli MNR-400-0020-23 saylı krеdit müqaviləsinə əsasən, borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə 1500 manat məbləğində krеdit vеrilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə 697.32 manat əsas borc, 238.90 manat cərimə borcu olmaqla,cəmi 936.22 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli MNR- 400-0020-23 saylı kredit müqaviləsinin surətindən görünür ki, borcverən tərəfindən borcalana 12 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh BOKT "xxxx" QSCyə 697,32 manat əsas borc, 238,90 manat cərimə borcu olmaqla, cəmi 936,22 manat təşkil edir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada,öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh iddiaçı BOKT "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixli MNR-400-0020-23 saylı müqaviləyə əsasən 697,32 manat əsasə borcunun qalması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 238,90 manat cərimə alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan cərimə 38,90 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 78 faiz həcmində təmin edildiyinə görə 30 manat dövlət rüsumunun 23,40 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli MNR-400-0020-23 saylı kredit müqaviləsinə əsasən 697,32 manat əsas borc, 38,90 manat cərimə borcu olmaqla, cəmi 736,22 (yeddi yüz otuz altı manat 22 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 23,40 (iyirmi üç manat 40 qəpik) manat hissəsi tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-51/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-51/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver