Məhkəmə qərarları › İş №e-2(077)-58/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-58/2024

15.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-58/2024 15.02.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X10 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin və əlavə xərclərə görə hər ay 100 manat sabit pul məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qeyri-rəsmi nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X5 doğulmuşdur. Şuşa rayon Qeydiyyat şöbəsinin xx.xx.2010-cu il tarixli 145220 qeydiyyat nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən Cavabdeh X2 atası hesab edilmişdir. Cəbrayıl rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(072)-160/2010 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanılması qət edilmişdir. Cəbrayıl rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(072)-379/2012 saylı əmri ilə xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi qərara alınmışdır. Həmin əmr əsasında Cavabdeh İddiaçı cüzi miqdarda, yəni ayda cəmi 117 manat ödəyir. Aydındır ki, həmin məbləğ uşağın heç bir tələbatını ödəmir. Halbuki, cavabdehin maddi vəziyyəti kifayət qədər yüksəkdir. Belə ki, cavabdehin biri yük, biri minik maşını olmaqla, iki maşını vardır. Yük maşını beton qarışdıran nəqliyyat vasitəsi olduğundan cavabdehə həmin nəqliyyat vasitəsindən ayda külli miqdarda qazanc gəlir. Cavabdehə alimentin məbləğinin artırılması barədə təklif verilsə də, heç bir müsbət nəticəsi olmamışdır. Uşaq isə gündən-günə böyüməklə hazırda 9-cu sinifdə oxuyur, xərcləri durmadan artır və cavabdehin ödədiyi aliment uşağın tələbatını ödəmir. Onun qayğısını və ehtiyaclarını iddiaçı özü tək çəkir. Uşaq böyüdükcə atasına qarşı ehtiyac və tələbatları artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onun maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Uşaq alopesiya, yəni ocaqlı saç tökülməsi diaqnozu ilə xəstədir, onun müayinəsinə və müalicəsinə davamlı olaraq pul tələb olunur. Ölkədə uşaqlar üçün 2024-cü il üzrə yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Aimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun olmalıdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-6676/16 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən H.Cavabdeh saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İcra vərəqəsinə əsasən hər ay vaxtlı vaxtında 120 manat olmaqla aliment ödəyir. Hal hazırda 2-ci dəfə ailə qurmuşdur, himayəsində 3 azyaşlı uşağı, anası və atası vardır. Özü fərdi əməklə məşğul olur. Ailədə ondan başqa işləyən yoxdur. İddia ərizəsini qismən qəbul edir, uşağın saxlanılması üçün hər ay 170 manat aliment ödəyə bilər. Həmçinin bildirir ki, İddiaçı məktəbdə müəllimə-psixoloq işləyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbini qismən qəbul etdiyini bildirmiş və hər ay 170 manat məbləğində aliment ödəyə biləcəyini göstərmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şuşa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ №145220 saylı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2009-cu il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(072)-379/2012 saylı məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi əmr edilmişdir. Məhkəməyə təqdim edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)- 6676/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəməyə təqdim edilmiş nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında nikah xx.xx.2013-cü il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə üzrə nümayəndəliyi tərəfindən 18 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 anadan olmuşlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin xx.xx.2024-cü il tarixli, 2- 4219/2024 saylı məktubundan və məlumatların kompüter çıxarışından müəyyən olunur ki, Cavabdeh adına xx.xx.2014-cü il tarixdə "MAN yük" markalı **-DB-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2023-cü il tarixdə "MAN TGA xüsusi təyinatlı" markalı **-VY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdan keçmişdir. İş materiallarında olan Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ambulator kitabçadan cıxarışdan (xəstəlik tarixindən) görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 “Ocaqlı alopesiya. Dazlıq” diaqnozu qoyulmuş və müalicə təyin olunmuşdur. İş materiallarında olan mediator X9 tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞC/MT020/2023-01801 saylı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı 50 manat məbləğində mediasiyaya xərcini ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, ““Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün cavabdehdən 117 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu artmışdır. Məhkəmə hesab edir ki, iddiaçı alimentin məbləğinin dəyişdirilməsinə dair tələb irəli sürməkdə haqlıdır. Hazırkı şəraitdə uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, həmçinin, cavabdehin ikinci nikahından 3 azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi alimentin məbləğinin artırılması hissəsində qismən təmin edilməli, tərəflərin faktiki nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan alimentin məbləği artırılaraq hər ay 235 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırıldığına görə, həmçinin iddiaçı tərəfindən iddia tələbi cavabdehin əlavə xərclərdə iştiraka cəlb edilməsi hissəsində kifayət qədər əsaslandırılmadığından iddia tələbi əlavə xərclərin ödənilməsində iştirak hissəsində də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.” Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia tələbi əlavə xərclərin ödənilməsində iştirak hissəsində də qismən təmin edilməli, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 müalicəsi üçün əlavə xərclərə cəlb olunmaqla, ondan hər ay sabit pul məbləğində 40 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)-6676/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar əlavə xərclərə cəlb olunmaqla, ondan hər ay sabit pul məbləğində 40 (qırx) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar