Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-7/2023 06.04.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X5 Bəşərəddin oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «kreditin,ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada iddiaçının xeyrinə 23058,02 manat əsas borc, 2445,18 manat faiz borcu, 330,98 manat cərimə borcu olmaqla, cəmi 25834,18 manat borcun və 168 manat dövlət rüsumunun tutulması, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1, zaminlər Cavabdeh2, Cavabdeh3,Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, MK/25274/80/19 saylı kredit sazişinə əsasən bank dövriyyə vəsaitlərinin alınması məqsədilə borcalana 36 ay müddətinə, illik 24% hesablanmaqla 27000 manat məbləğində kredit vermişdir. Zaminlər həmin müqаviləyə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borcalanla birgə məsuliyyət dаşımağı öhdələrinə götürmüşlər və krеditin qаytаrılmаsı ilə bаğlı onun bütün öhdəliklərini icrа еtməlidir. xx.xx.2022-ci il tarixinə 23058,02 manat əsas, 2445,18 manat faiz və 330,98 manat cərimə borcu hesablanmışdır. İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh1, zaminlər Cavabdeh2, Cavabdeh3,Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK/25274/80/19 saylı kredit sazişinin surətindən görünür ki, borc verən tərəfindən borc alana bank dövriyyə vəsaitlərinin alınması məqsədi ilə 36 ay müddətinə, illik 24% hesablanmaqla 27000 manat məbləğində kredit verilmişdir. Sazişin 3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə müştərinin öhdəliyi zaminliklə təmin olunmuşdur. Sazişin kredit şərtləri hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında müqavilələrdən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər "X9" ASC-nin xx.xx.2014-cü il tarixli “Müştərilərinə kreditləşmə və xidmət şərtləri” ilə müəyyən olunur. Şərtlər bu sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur. Şərtlərin 6.12-ci bəndinə əsasən, zamin, müqavilədən irəli gələn pul öhdəlikləri (bundan sonra zaminliklə təmin olunan öhdəlik) müştəri tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəliklərin tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında müştəri ilə birgə məsuliyyət daşıyır. 6.13-cü bəndinə görə, zaminin tam məsuliyyət daşıdığı zaminliklə təmin edilmiş öhdəliklərə kredit sazişi ilə müəyyən olunan əsas borc, fazilər, dəbbə pulu bundan başqa xidmət haqları, xərclər və dəymiş ziyanın ödənilməsi kimi pul öhdəlikləri daxildir. 6.14-cü bəndinə görə, zamin bəyan edir ki, öz əmlak və maliyyə vəziyyəti barəsində tam və düzgün məlumatı Banka təqdim etmişdir və müqavilə onun, əri/arvadı, uşaqları və himayəsində olan şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmur. Həmçinin, zaminin hüquqları və vəzifələri ayrıca olaraq, Şərtlərin 7.4-cü bəndində geniş təsvir olunmuşdur. xx.xx.2021-ci il tarixli, MK/25274/80/19 saylı kredit sazişi və "X9" ASC-nin xx.xx.2014-cü il tarixli “Müştərilərinə kreditləşmə və xidmət şərtləri” borcalan və zaminlər tərəfindən imzalnmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, MK/25274/80/19 saylı kredit sazişi üzrə banka 23058,02 manat əsas borc, 2445,18 manat faiz borcu, 330,98 manat cərimə olmaqla, cəmi 25834,18 manat borcu qalmışdır. Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)–302/2022 saylı qərardadı ilə mülki iş üzrə ekspertiza təyin edilmiş və ekspert qarşısında İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK/25274/80/19 saylı kredit müqaviləsinə əsasən aparılan ödənişlər nəzərə alınmaqla əsas, faiz və cərimə borcunun müəyyən edilməsi sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X3 tərəfindən aparılmış tədqiqatın nəticələrinə dair xx.xx.2022-ci il tarixli 9/7830 saylı ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli MK/25274/80/19 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 21582,23 manat və faiz borcu 2187,72 manat müəyyən edilmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(077)–7/2023 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspert qarşısında İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK/25274/80/19 saylı kredit müqaviləsinə əsasən aparılan ödənişlər, dövlət qurumları tərəfindən qoyulmuş sərəncamlar üzrə silinmiş məbləğlər, komissiyalar və gecikmələr nəzərə alınmaqla əsas, faiz və cərimə borcunun müəyyən edilməsi sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X4 tərəfindən aparılmış tədqiqatın nəticələrinə dair xx.xx.2023-cü il tarixli 9/809 saylı ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli MK/25274/80/19 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 22757,14 manat və faiz borcu 2412,26 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesb edir ki, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair xx.xx.2023-cü il tarixli 9/809 saylı ekspert rəyi, ekspert qarşısında qoyulmuş suallar daha müfəssəl qoyulduğuna və cavablandırıldığına görə, qərar qəbul edilərkən əsas götürülməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli MK/25274/80/19 saylı kredit müqaviləsi əsasında İddiaçı ASC-dən borc alması və onu vaxtında ödəməməsi, nəticə də 22757,14 manat əsas borc, 2445,18 manat faiz borcunun qalması, digər cavabdehlərn zamin qismində kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə məsuliyyəti öz üzərlərinə götürməsi təsdiq olunduğundan və cavabdehlər tərəfindən müqavilə şərtləri pozulduğundan, həmin borc məbləği cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalı, tərəflər arasında imzalanmış kredit müqaviləsi ləğv edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 330,98 manat məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən tələb olunan dəbbə pulu 30,98 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2023-cü il tarixli 9/809 saylı ekspert rəylərinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 97 faiz həcmində təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 168 manat dövlət rüsumunun 163 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyərinin 97 manat hissəsi cavabdehlərdən, 3 manat hissəsi isə iddiaçıdan tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada xx.xx.2021-ci il tarixli MK/25274/80/19 saylı kredit müqaviləsi üzrə 22757,14 manat əsas borc, 2412,26 manat faiz borcu, 30,98 manat cərimə borcu olmaqla cəmi 25200,38 (iyirmi beş min iki yüz manat 38 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 163 (bir yüz altmış üç) manat hissəsi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK/25274/80/19 saylı kredit müqaviləsi ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 97 (doxsan yeddi) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3, 3 (üç) manat hissəsi İddiaçı ASC-dən tutulub X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-7/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-7/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver