Məhkəmə qərarları › İş №e-2(077)-70/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-70/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-70/2025 12.02.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc tələbi barədə” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli TPP-1065-5962-24 saylı krеdit müqaviləsinə əsasən 200 manat əsas borc, 312 manat faiz borcu, 24 manat komissiya və 166,50 manat cərimə olmaqla, cəmi 702,50 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli TPP-1065-5962-24 saylı krеdit müqaviləsinə əsasən təşkilat tərəfindən borcalana 6 ay müddətinə aylıq 26% ödəmək şərtilə 200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixinə 200 manat əsas borc, 312 manat faiz borcu, 24 manat komissiya və 166,50 manat cərimə olmaqla, cəmi 702,50 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli TPP-1065-5962- 24 saylı krеdit müqaviləsinin surətindən görünür ki, təşkilat tərəfindən borcalana 6 ay müddətinə aylıq 26% ödəmək şərtilə 200 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh 24 manat komissiya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli TPP-1065-5962-24 saylı krеdit müqaviləsi üzrə 200 manat əsas borc, 312 manat faiz borcu, 24 manat komissiya və 166,50 manat cərimə olmaqla, cəmi 702,50 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh iddiaçı "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli TPP-1065-5962-24 saylı krеdit müqaviləsinə əsasən 200 manat əsas borc, 312 manat faiz borcu və 24 manat komissiya borcunun qalması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 166,50 manat cərimə alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan cərimə 10,50 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 77 faiz həcmində təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun 23,10 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli TPP-1065-5962-24 saylı krеdit müqaviləsinə əsasən 200 manat əsas borc, 312 manat faiz borcu, 24 manat komissiya və 10,50 manat cərimə olmaqla, cəmi 546,50 (beş yüz qırx altı manat 50 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 23,10 (iyirmi üç manat 10 qəpik) manat hissəsi tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar