Məhkəmə qərarları › İş №e-2(077)-87/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-87/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-87/2023 04.04.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2021-cı il tarixli BBLK4178443A299 saylı kredit müqaviləsinə əsasən 3145 manat əsas borc, 546,69 manat faiz borcu olmaqla, cəmi 3691,69 manat məbləğində borcun, xx.xx.2021-ci il tarixli GTZK4340153A299 saylı kredit müqaviləsinə əsasən 1587,38 manat əsas borc, 213,29 manat faiz borcu olmaqla, cəmi 1800,67 manat məbləğində borcun və 74,92 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-cı il tarixli BBLK4178443A299 saylı kredit müqaviləsinə əsasən cavabdehin kartına illik 25 faiz dərəcəsi ilə 3145 AZN məbləğində, xx.xx.2021-ci il tarixli GTZK4340153A299 saylı kredit müqaviləsinə əsasən illik 24 faiz dərəcəsi ilə 1862 AZN məbləğində kredit vəsaiti mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2021-cı il tarixli BBLK4178443A299 saylı kredit müqaviləsinə əsasən 3145 manat əsas borc, 546,69 manat faiz borcu olmaqla, cəmi 3691,69 manat məbləğində borcu, xx.xx.2021-ci il tarixli GTZK4340153A299 saylı kredit müqaviləsinə əsasən 1587,38 manat əsas borc, 213,29 manat faiz borcu olmaqla, cəmi 1800,67 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan, təqdim olunmuş sənədlər əsasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-cı il tarixli BBLK4178443A299 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alanın kartına illik 25 faiz dərəcəsi ilə 3145 manat məbləğində kredit vəsaiti mədaxil edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTZK4340153A299 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alanın kartına illik 24 faiz dərəcəsi ilə 1862 manat məbləğində kredit vəsaiti mədaxil edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2021-cı il tarixli BBLK4178443A299 saylı kredit müqaviləsinə əsasən 3145 manat əsas borc, 546,69 manat faiz borcu olmaqla, cəmi 3691,69 manat məbləğində borcu, xx.xx.2021-ci il tarixli GTZK4340153A299 saylı kredit müqaviləsinə əsasən 1587,38 manat əsas borc, 213,29 manat faiz borcu olmaqla, cəmi 1800,67 manat borcu vardır. xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 74,92 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır. Buna görə də, cavabdehdən xx.xx.2021-cı il tarixli BBLK4178443A299 saylı kredit müqaviləsinə əsasən 3145 manat əsas borc, 546,69 manat faiz borcu olmaqla, cəmi 3691,69 manat məbləğində borc, xx.xx.2021-ci il tarixli GTZK4340153A299 saylı kredit müqaviləsinə əsasən 1587,38 manat əsas borc, 213,29 manat faiz borcu olmaqla, cəmi 1800,67 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-cı il tarixli BBLK4178443A299 saylı kredit müqaviləsinə əsasən 3145 manat əsas borc, 546,69 manat faiz borcu olmaqla, cəmi 3691,69 (üç min altı yüz doxsan bir manat 69 qəpik) manat məbləğində borc, xx.xx.2021-ci il tarixli GTZK4340153A299 saylı kredit müqaviləsinə əsasən 1587,38 manat əsas borc, 213,29 manat faiz borcu olmaqla, cəmi 1800,67 (bir min səkkiz yüz manat 67 qəpik) manat məbləğində borc və 74,92 (yetmiş dörd manat 92 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar