Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-99/2021 06.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia qaldıraraq, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsinə əsasən 55198,50 (əlli beş min bir yüz doxsan səkkiz manat əlli qəpik) manat məbləğində əsas borcun, 6127 (altı min yüz iyirmi yeddi) manat məbləğində cərimə borcu,150 (bir yüz əlli) manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla,cəmi 61505,50 (altmış bir min beş yüz beş manat əlli qəpik) manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 02.02.2016-cı il tarixdə təsis edilmiş və Cəmiyyət mineral gübrə və pestisidlərin,o cümlədən bitki mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. İddiaçı MMC ilə Cavabdeh arasında 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsi imzalanmışdır.Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı MMC alıcını,yəni Cavabdeh bu müqavilənin əlavələrində qeyd olunmuş məhsulla təmin etməyi, Cavabdeh isə həmin malı qəbul edib,hər ay bərabər hissələrlə olmaqla 3 aydan gec olmamaq şərtilə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh tərəfindən ümumilikdə 3520 manat məbləğində ödəniş edilmiş və 9933 manat məbləğində olan mallar geri qaytarılmışdır.Cavabdehin imzaladığı alqı-satqı müqaviləsinə görə 19.01.2021-ci il tarixə əsas borcu 55198,50 manat və müqavilənin 5.3cü bəndinə əsasən cərimə borcu 6127 manat hesablanmışdır.Qalıq borcunun ödənilməsi barədə 29.12.2020-ci il tarixdə AG-92/20 saylı xəbərdarlıq məktubu göndərilmiş,lakin cavabdeh öhdəliklərini lazımi qaydada icra etməmişdir.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, İddiaçı MMC ilə 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsi imzalamış və pomidor məhsulunun yetişdirilməsi üçün lazımi bitki mühafizə vasitələrini oradan əldə etmişdir.Bir müddət aldığı məhsulların ödənişini vaxtında etsə də,sonradan məlum səbəblərlə bağlı pomidor məhsullarını xarici ölkələrə idxal edə bilmədiyi üçün məhsul əlində qalmış və maddi vəziyyəti pisləşmişdir.Hazırda borcunu pomidor məhsullarının yetişdirilməsi üçün qurduğu istixananı sataraq ödəyə bilər.Lakin iddia tələbinin cərimə borcu hissəsi razı deyildir.Belə ki,borcun ödənilməsində olan gecikmələr onun təqsirindən baş verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək,iş materiallarını tədqiq edərək hesab edir ki,iddia aşağıdakı göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsindən görünür ki,satıcı tərəfindən alıcının bu müqavilənin əlavələrində qeyd olunmuş məhsulla təmin edilməsi,alıcı tərəfindən isə hər ay bərabər hissələrlə olmaqla 3 aydan gec olmamaq şərtilə malın dəyərini qaytarması müqavilənin predmetini təşkil etmişdir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən ödənişlərin bu müqavilənin 5.2-ci bəndində göstərilən qaydada həyata keçirilməməsi halında Satıcı Alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.1% miqdarında cərimə tələb edə bilər. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.06.2020-ci il tarixli 001 saylı qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi ilə Cavabdeh aşağıda qeyd edilən: ümumi qiyməti 11232 manat çəkisi 4800 kq olan Nova MAP 12-61-02,ümumi qiyməti 6657,60 manat çəkisi 2400 kq olan Nova Peak 0-52- 34,ümumi qiyməti 6615 manat çəkisi 7000 kq olan Nova Mag S,ümumi qiyməti 5600 çəkisi 4000 kq olan Nova Mag N,ümumi qiyməti 10058,40 çəkisi 3600 kq olan Polyamix 18-18- 18 və ümumi qiyməti 6360 manat çəkisi 3000 kq olan Nova NK 13-0-46 malların qiyməti və miqdarı barədə razılığa gəlmişlər. - İddiaçı MMC-nin 29.06.2020-ci il tarixli 087 saylı qaimə-fakturasından görünür ki, İddiaçı MMC 29.06.2020-ci il tarixdə ümumi qiyməti 46523 manat olan məhsulu Cavabdeh təhvil vermişdir. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20.07.2020-ci il tarixli 002 saylı qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi ilə Cavabdeh aşağıda qeyd edilən: ümumi qiyməti 5088 manat çəkisi 2400 kq olan Nova NK 13-0-46 və ümumi qiyməti 53 manat çəkisi 25 kq olan Potassium Nitrate 13-0-46 malların qiyməti və miqdarı barədə razılığa gəlmişlər. - İddiaçı MMC-nin 20.07.2020-ci il tarixli 097 saylı qaimə-fakturasından görünür ki, İddiaçı MMC 20.07.2020-ci il tarixdə ümumi qiyməti 5141 manat olan məhsulu Cavabdeh təhvil vermişdir. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04.08.2020-ci il tarixli 003 saylı qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi ilə Cavabdeh aşağıda qeyd edilən: ümumi qiyməti 16960 manat çəkisi 8000 kq olan Nova NK 13-0-46 və ümumi qiyməti 27,50 manat çəkisi 25 kq olan Nova Ca malların qiyməti və miqdarı barədə razılığa gəlmişlər. - İddiaçı MMC-nin 04.08.2020-ci il tarixli 107 saylı qaimə-fakturasından görünür ki, İddiaçı MMC 04.08.2020-ci il tarixdə ümumi qiyməti 16987,50 manat olan məhsulu Cavabdeh təhvil vermişdir. - İddiaçı MMC-nin 28.10.2020-ci il tarixli 010 saylı qaytarma qaiməsindən görünür ki,Cavabdeh 28.10.2020-ci il tarixdə ümumi qiyməti 9933 manat olan məhsulu İddiaçı MMC-yə geri qaytarmışdır. - İddiaçı MMC-nin 27.07.2020-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsi üzrə əldə etdiyi məhsulun dəyərindən 1020 manat məbləğində ödəniş etmişdir. - İddiaçı MMC-nin 13.11.2020-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsi üzrə əldə etdiyi məhsulun dəyərindən 2500 manat məbləğində ödəniş etmişdir. - İddiaçı MMC-nin 19.01.2021-ci il tarixli AG-09/21 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsi üzrə 19.01.2021-ci il tarixinə İddiaçı MMC qarşısında yerinə yetirilməmiş öhdəliyi 55198,50 manat əsas borc və 6127 manat cərimə borcu təşkil edir. - İddiaçı MMC tərəfindən cavabdehə Cavabdeh göndərilmiş 29.12.2020-ci il tarixli AG-92/20 saylı xəbərdarlıq məktubundan görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,10 gün ərzində öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - 19.01.2021-ci il tarixli 006XOH********** saylı qəbzin surətindən görünür ki, İddiaçı MMC hüquqi yardımla bağlı Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində ödəniş etmişdir. - 23.01.2021-ci tarixli 14177 saylı qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsi imzalanmış.Həmin müqaviləyə əsasən satıcı bu müqavilənin əlavələrində qeyd edilən məhsulları alıcıya verməyi,alıcı isə hər ay bərabər hissələrlə olmaqla 3 aydan gec olmamaq şərtilə malın dəyərini qaytarmalı idi. İddiaçı MMC 29.06.2020-ci il tarixdə ümumi qiyməti 46523 manat,20.07.2020-ci il tarixdə ümumi qiyməti 5141 manat və 04.08.2020-ci il tarixdə ümumi qiyməti 16987,50 manat məhsulları alıcıya təhvil vermişdir.Alıcı aldığı məhsulların dəyərindən 27.07.2020-ci il tarixdə 1020 manat və 13.11.2020-ci il tarixdə 2500 manat olmaqla,cəmi 3520 manat məbləğində ödəniş etmişdir.Həmçinin 28.10.2020ci il tarixdə ümumi dəyəri 9933 manat olan məhsulu satıcıya geri qaytarmışdır.Cavabdehə qalan borcun ödənilməsi barədə bildiriş göndərilmiş,lakin cavabdeh borcunu ödəməmişdir.Hazırda İddiaçı MMC cavabdehin 19.01.2021-ci il tarixinə ümumi borcunun 61325,50 manat təşkil etdiyini iddia edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və əlavələrdə göstərilən məhsulları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır.Həmin müqaviləyə əlavə edilmiş əlavələrdə məhsulun qiyməti,ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir.Cavabdeh həmin məhsulları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilənin şərtlərini pozmuşdur.Nəticədə iddiaçıya 61325,50 manat məbləğində borcu yaranmışdır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsi üzrə 55198,50 manat məbləğində əsas borc müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə ödənilməsi tələb edilən 6127 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 550 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Məhkəmə iddia tələbinin hüquqi xidmətin göstərilməsi üçün çəkilən xərclərə görə 150 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində nümayəndəyə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də,şərh olunan maddədə nümayəndə və ya vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipi konkret meyarlara söykənmir.Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilir.Konkret hallara göstərilən yardımın həcmi,məhkəmə iclaslarının sayı,müddəti,nümayəndələrin sayı,baxılan işin mürəkkəbliyi və s. aid edilə bilər.Odur ki,məhkəmə qeyd edilən maddəyə əsaslanaraq və mülki işi nəzərə alaraq göstərilən bu xidmətin dəyərini 100 manat məbləğində qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli,Cavabdeh 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsinə əsasən 55198,50 manat məbləğində əsas borc, 550 manat məbləğində cərimə borcu,100 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclər və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla,cəmi 55868,50 manat məbləğində borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh 55198,50 (əlli beş min bir yüz doxsan səkkiz manat əlli qəpik) manat məbləğində əsas borc, 550 (beş yüz əlli) manat məbləğində cərimə borcu,100 (bir yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardıma görə xərclər və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla,cəmi 55868,50 (əlli beş min səkkiz yüz altmış səkkiz manat əlli qəpik) manat məbləğində borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(077)-99/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-99/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver