Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1001/2024 03.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 30 dekabr 2022-ci il tarixli, KRNPU-05205 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5487.18 (beş min dörd yüz səksən yeddi manat on səkkiz qəpik) manat, faiz borcuna görə 278.67 (iki yüz yetmiş səkkiz manat altmış yeddi qəpik) manat, dəbbə borcuna görə 560.37 (beş yüz altmış manat otuz yeddi qəpik) manat, cəmi 6326.22 (altı min üç yüz iyirmi altı manat iyirmi iki qəpik) manat məbləğində pulun və 83.27 (səksən üç manat iyirmi yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Kürdəmir filialı ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli, KRNPU-05205 saylı kredit müqaviləsinə əsasən illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 8000 (səkkiz min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 30 dekabr 2022-ci il tarixli, KRNPU-05205 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli, KRNPU-05205 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 30-dan gec olmayaraq hər ay 273.43 (iki yüz yetmiş üç manat qırx üç qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 30 dekabr 2022-ci il tarixli, KRNPU-05205 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 5487.18 (beş min dörd yüz səksən yeddi manat on səkkiz qəpik) manat, faiz borcuna görə 278.67 (iki yüz yetmiş səkkiz manat altmış yeddi qəpik) manat, dəbbə borcuna görə 560.37 (beş yüz altmış manat otuz yeddi qəpik) manat, cəmi 6326.22 (altı min üç yüz iyirmi altı manat iyirmi iki qəpik) manat təşkil edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən Elektron Məhkəmə İnformasiya sistemi vasitəsilə 04 iyul 2024-cü il, 15 iyul 2024-cü il və 15 avqust 2024-cü il tarixlərdə məhkəməyə ərizə göndərilərək icraatınızda olan iddiaçı "xxxx" ASCnin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsasında başlanılmış mülki iş üzrə məhkəmə hazırlıq iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini istədiklərini, iddia tələbini müdafiə etdiklərini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmiş və 03 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərilərək icraatda İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə keçiriləcək mülki işin məhkəmə prosesində iştirak edə bilməmələrinin nəzərə alınmasını, mülki işlə əlaqədar əlavə heç bir vəsatətləri olmadığını işə iştirakları olmadan baxılmasını və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin qeyd olunan ərizələrini nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 30 dekabr 2022-ci il tarixli, KRNPU-05205 saylı kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 36 ay müddətinə illik 14% ödəmək şərtilə 8000 (səkkiz min) manat məbləğində cavabdehə kredit verməsi barədə müqavilə tərəflərinin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 30 dekabr 2022-ci il tarixli, KRNPU-05205 saylı kredit müqaviləsi ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh yaranmış borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə öz təsdiqini qismən tapdığından, onun tələbi qismən əsaslı sayılaraq qismən təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə cavabdeh Qaçaylı X3 şəhəri, Hərbi şəhərcik 1 massivi, ev 41, mənzil 2 ünvanında qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 14 iyun 2024-cü il tarixli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 30 dekabr 2022-ci il tarixli, KRNPU-05205 saylı Kredit müqaviləsi imzalanmış və cavabdehə 36 ay müddətinə illik 14% ödəmək şərtilə 8000 (səkkiz min) manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən müştəri İddiaçı ASC-də xx.xx.2022-ci i tarixində təsdiq edilmiş Müqavilənin hazırkı tarixə qüvvədə olan və Bankın (https://www.rabitabank.com/yuklemeler-ve-destek) İnternet Səhifəsində dərc olunan Ümumi Şərtlərini yüklədiyini, həmin Şərtlərlə diqqətlə tanış olduğunu, onlarla razılaşdığını və qəbul etdiyini bu Razılaşmanı imzalamaqla təsdiq edir və bu Razılaşmanın imzalanması nəticəsində həmin Ümumi Şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan X2 9.29 və 9.29.1-ci bəndlərinə əsasən Bank bu Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən müştəri ona verilmiş kreditin və/və ya onun faizinin Kreditin Ödəniş Cədvəli üzrə ödənişini 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirdikdə, yaxud kreditin və/və ya onun faizinin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozduqda (90 (doxsan) gündən az olmamaqla verdiyi krediti hesablanmış faiz, komissiya və müvafiq halda gecikdirilmə faizi və dəymiş zərərlə birlikdə vaxtından əvvəl qaytarılmasını Müştəridən tələb edə bilər. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən isə Cavabdeh həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2025-ci il tarixədək 273.44 (iki yüz yetmiş üç manat qırx dörd qəpik) manat, sonuncu ay isə yəni xx.xx.2025-ci il tarixdə 271.90 (iki yüz yetmiş bir manat doxsan qəpik) manat ödəməli olması aydın olur. İddia ərizəsinə əlavə edilmiş 11 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30 dekabr 2022-ci il tarixli, KRNPU-05205 saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 5487.18 (beş min dörd yüz səksən yeddi manat on səkkiz qəpik) manat əsas, 278.67 (iki yüz yetmiş səkkiz manat altmış yeddi qəpik) manat faiz, 560.37 (beş yüz altmış manat otuz yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 6326.22 (altı min üç yüz iyirmi altı manat iyirmi iki qəpik) manat borcu vardır. Həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsindən, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş orderdən görünür ki, xx.xx.2022-ci il tarixdə bank tərəfindən 8000 (səkkiz min) manat məbləğində pul cavabdehin hesabına köçürülmüşdür. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli, KRNPU-05205 saylı kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə olunmuş 11 iyun 2024-cü il tarixli bildirişdən isə Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməməsi və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xəbərdarlıq göndərilməsi aydın olur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini əsas borca və faizə dair hissədə əsaslı qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericiliyin tələbləri daxilində ərizəni və ona əlavə olunmuş sənədləri araşdıran məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbinin aşkar olduğu iş materialları ilə təsdiq olunur. Buna görə də iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 3.2 və 3.2.2-ci bəndlərində qeyd olunur ki, məbləği 3000 manat/ABŞ dolları/avro və yuxarı olan kreditlər üzrə müştəri qrafik üzrə ödənişi gecikdirərsə, 1-ci gecikmə günündən 11-ci gecikmə gününədək - Bank Müştəridən kredit götürülməsinə dair müvafiq Razılaşma və ya SMS-lə təsdiq olunmuş Razılaşma üzrə gecikdiriimiş məbləğin 0,1 (sıfır tam onda bir) faizi həcmində 11-ci gecikmə günündən başlayaraq annuitet ödənişi üzrə gecikdirilmiş məbləğin 1,0 faizi həcmində dəbbə pulu (cərimə) ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 560.37 (beş yüz altmış manat otuz yeddi qəpik) manat məbləğində dəbbə pulu əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, hesablanmış 560.37 (beş yüz altmış manat otuz yeddi qəpik) manat məbləğində tələb olunan cərimə (dəbbə pulu) 274.36 (iki yüz yetmiş dörd manat otuz altı qəpik) manat məbləğədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 83.27 (səksən üç manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumunun 79.51 (yetmiş doqquz manat əlli bir qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənlərə əsasən məhkəmə aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - 30 dekabr 2022-ci il tarixli, KRNPU-05205 saylı kredit müqaviləsi üzrə 5487.18 (beş min dörd yüz səksən yeddi manat on səkkiz qəpik) manat əsas, 278.67 (iki yüz yetmiş səkkiz manat altmış yeddi qəpik) manat faiz və 274.36 (iki yüz yetmiş dörd manat otuz altı qəpik) manat cərimə olmaqla cəmi 6040.21 (altı min qırx manat iyirmi bir qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli; - iddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; - iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 83.27 (səksən üç manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumunun 79.51 (yetmiş doqquz manat əlli bir qəpik) manat hissəsi Cavabdeh tutularaq iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 30 dekabr 2022-ci il tarixli, KRNPU-05205 saylı kredit müqaviləsi üzrə 5487.18 (beş min dörd yüz səksən yeddi manat on səkkiz qəpik) manat əsas, 278.67 (iki yüz yetmiş səkkiz manat altmış yeddi qəpik) manat faiz və 274.36 (iki yüz yetmiş dörd manat otuz altı qəpik) manat cərimə olmaqla cəmi 6040.21 (altı min qırx manat iyirmi bir qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. İddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 83.27 (səksən üç manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumunun 79.51 (yetmiş doqquz manat əlli bir qəpik) manat hissəsi Cavabdeh tutularaq iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1001/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1001/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver