Məhkəmə qərarları › İş №e-2(078)-1052/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1052/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1052/2023 23.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2995 AZN əsas overdraft borc, 447.50 AZN hesablanmış cərimə faizi borcu olmaqla, cəmi 3442.50 AZN borcun və 54.43 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin 09 avqust 2022-ci il tarixli ərizəsi və 28 dekabr 2021-ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB ASC-nin cavabdehə bank hesabı açdığını və onun əsasında debet (hesab) kartı təqdim edildiyini, həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclunun ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə, bu günədək geri qaytarmadığını, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini, kreditor "xxxx" KB ASC-nin öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəldiyini, bunları nəzərə alaraq, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2995 AZN əsas overdraft borc, 447.50 AZN hesablanmış cərimə faizi borcu olmaqla, cəmi 3442.50 AZN borcun və 54.43 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 09 avqust 2022-ci il tarixli, 6010sSUMb/22 nömrəli Kredit Xətti Müqaviləsinə əsasən, borcverən borcalana 35 (otuz beş) ay müddətinə 09 iyul 2025-ci il tarixədək illik 29% ödəmək şərtilə, 3000 (üç min) manat məbləğində kredit xətti ayırır. Borcalan isə, həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. 12 iyul 2023-cü il tarixli arayışa əsasən, Cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə borcu aşağıdakı kimidir: Əsas məbləğ üzrə borcu: 2995 (iki min doqquz yüz doxsan beş) AZN; Faiz üzrə borcu: 0 (sıfır) AZN; Cərimə faizləri: 447.50 (dörd yüz qırx yeddi manat əlli qəpik) AZN; Komisyon haqqı: 0 (sıfır) AZN; Cəmi: 3442.50 (üç min dörd yüz qırx iki manat əlli qəpik) AZN. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 14 iyul 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 17 iyul 2023-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 2995 (iki min doqquz yüz doxsan beş) manat əsas borc və 447.50 (dörd yüz qırx yeddi manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 3442.50 (üç min dörd yüz qırx iki manat əlli qəpik) manat məbləğində borc və ödənilmiş 54.43 (əlli dörd manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, 09 avqust 2022ci il tarixli, 6010sSUMb/22 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, borcalan kredit müqaviləsindən irəli gələn, yəni krediti və hesablanmış faizləri razılaşdırılmış müddətdə banka qaytarmamış, nəticədə öhdəliyi lazımınca icra etməmişdir. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2995 (iki min doqquz yüz doxsan beş) manat əsas borc və 447.50 (dörd yüz qırx yeddi manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 3442.50 (üç min dörd yüz qırx iki manat əlli qəpik) manat məbləğində borc və ödənilmiş 54.43 (əlli dörd manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar