Məhkəmə qərarları › İş №e-2(078)-1108/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1108/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1108/2022 21.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 027DSFFM nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə cəmi 4363.53 (dörd min üç yüz altmış üç manat, əlli üç qəpik) manat, bundan 4266.00 (dörd min iki yüz altmış altı manat 00 qəpik) manat əsas, 97.48 (doxsan yeddi manat qırx səkkiz qəpik) manat faiz və 0,05 (beş qəpik) manat cərimə borcu 64 (altmış dörd) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.4-cü maddəsinə əsasən ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilir. "Elektron Məhkəmə" informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuş iddia ərizəsini qanunvericiliyin yuxarıda qeyd edilən şərtləri daxilində yoxlayan zaman aydın olur ki, iddia ərizəsi prosessual qaydalara əməl edilməklə tərtib edilməyib. Belə ki, "Elektron Məhkəmə" informasiya sistemində ərizəni imzalayan şəxs haqqında məlumat bölməsində iddia ərizəsinin kim tərəfindən imzalanması qeyd edilməmiş, sadəcə iddiaçı hüquqi şəxsin adı qeyd edilməklə kifayətlənmişdir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.4 və 1.1.6-cı maddələri ilə müəyyən edilir ki, elektron imza digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir. Elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Həmçinin həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Yuxarıda qeyd edilən hüquq normalarının tələbinə əsaslanmaqla məhkəmə qeyd edir ki, hüquqi şəxs fiziki baxımdan imza ilə hər hansı prosessual sənədi imzalamaq iqtidarına malik deyildir. Bunu o, özünü təmsil etmək səlahiyyətinə malik olan şəxslər vasitəsi ilə həyata keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsi ilə müəyyən edilir ki, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud həmin Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, elektron kabinet vasitəsilə məhkəməyə göndərilmiş iddia ərizəsində iddiaçı qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti qeyd olunsa da ərizəyə əlavə edilmiş digər iddia ərizəsində isə iddiaçı qismində Ləğv Prosesində olan Atabank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçı qismində qeyd olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin iddiaçıya izah olunmalıdır ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsilə 13 oktyabr 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsilə 13 oktyabr 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar