Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-112/2025 07.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı1 iştirakları ilə, İddiaçı1 Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1634 (bir min altı yüz otuz dörd) manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 166 (bir yüz altmış altı) manatın, nəticə etibarı ilə ümumilikdə 1800 (bir min səkkiz yüz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 38 (otuz səkkiz) manat dövlət rüsumunun alınaraq İddiaçı1 qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, 16 noyabr 2023-cü il tarixində 107 nömrəli kredit-satış müqaviləsi bağlamışıq. 16 noyabr 2023-cü il tarixində 107 nömrəli kreditsatış müqaviləsinə əsasən Cavabdeh Kombi və hissələrini 2 aylıq kreditlə 3834 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 2200 manat ödənilmiş, lakin hazırda qalan 1634 manat borcunu ödməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyirəm ki, mən İddiaçı1 kombi və hissələrinin satışı ilə məşğul olaraq özüm üçün maddi qazanc əldə edirəm və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Yəni vaxtında ödənilməyən ödənişlər mənim üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığım mal üçün ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağıma səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin kombi və hissələri satılsaydı mən İddiaçı1 maddi itkilərlə qarşılaşmayacaqdım. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimizdən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Mən buna görə ciddi maddi itkilərlə qarşılaşmışam. Həmçinin onu da qeyd edim ki, mən Abbasov X1 şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınıram. Mənim geniş müştəri dairəm vardır. Mən müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikəm. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 16 noyabr 2023-cü il tarixində 107 nömrəli müqavilələrdən yaranan 1634 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 166 manat peniya və 38 manat dövlət rüsumununda cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. Məhkəmə iclası zamanı izahat verən İddiaçı1 iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, cavabdehin pulu ödəməsinin gecikməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət edib. Cavabdehin telefonlarına zəng çatmadığını, yekunlaşmasını istədiyini və 1100 manat borcu qaldığını, məhkəmə prosesləri zamanı belə ödənişi etmədiyini və telefonlarına da cavab vermədiyini bildirmişdir. İddiaçı sonda qeyd olunanları nəzərə alıb cavabdehdən borcun alınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini, 1100 manat borcu qaldığını, borcunu ödəmək üçün maddi imkanı olmadığını bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki işin materiallarında olan 16 noyabr 2023-cü il tarixli 107 nömrəli kredit satış müqaviləsində görə satıcı İddiaçı1 ilə alıcı Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə alıcı dəyəri 3834 manat olan kombi dəstini 2 ay müddətinə kreditlə alır. Alınan malın 2200 manat nağd qaydada qalan borcu 1634 manat 18 dekabr 2023cü ildə 817 manat, 18 yanvar 2024-cü ildə 817 manat olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə görə alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 manat həcmində penya hesablanır. Müqaviləyə Əlavədən aydın olur ki, mallar satıcı tərəfindən yoxlanılaraq alıcıya təhvil verilmişdir. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin 24 sentyabr 2024-cü il tarixli arayışından aydın olur ki, İddiaçı1 xx.xx.2012-ci il tarixdən fiziki şəxs kimi qeydiyyatda durur və hal-hazırda fəaliyyəti aktivdir. İddiaçı1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh borcu 1634 manat, penya 166 manat olmaqla ümumilikdə 1800 manat təşkil edir. 30 iyul 2024-cü il tarixdə Cavabdeh borcun ödənilməsinə dair xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə aşağıdakı əsalara görə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin olunmalıdır. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı1 cavabdehin ona 1100 (dörd min beş yüz) manat əsas borcu olduğunu, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbində əsas borc 1634 manat göstərilsə də iddiaçı özü izahatında cavabdehin ona 1100 manat borcu olduğunu bildirmiş, cavabdeh də məhkəmə hazırlıq iclasında 1100 manat borcu olduğunu təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan işin hallarını nəzərə alaraq hesab edir ki, tərəflər arasında borc münasibətlərinə dair hüquqi öhdəliklər yaranmışdır. Birinci tərəf olaraq iş üzrə İddiaçı1 satıcı olaraq malı alıcıya –cavabdehə təhvil vermiş, Cavabdeh götürdüyü öhdəliyi pozaraq iddiaçıdan aldığı malın pulunu geri qaytarmamışdır. Beləliklə, tərəflər arasında alqısatqı müqaviləsinə dair mülki hüquq münasibətlər yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı1 alqı-satqı müqaviləsi üzrə dəbbə pulu olaraq cavabdehdən 166 manat tutulmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, əsas borcun 5% miqdarında 55 manat məbləğində müəyyən olunmalıdır. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə belə hesab edir ki, Cavabdeh 1100 (bir min yüz) manat əsas borc və 55 (əlli beş) manat dəbbə pulu olmaqla ümumilikdə İddiaçı1 xeyrinə tutulacaq 1155 (bir min yüz əlli beş) manat məbləğində pul ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı1 tərəfindən 27 sentyabr 2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 31.55 (otuz bir manat əlli beş qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Qalan hissədə rüsum iddiaçıya aid edilsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. İş üzrə Cavabdeh 1155 (bir min bir yüz əlli beş) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı1 verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı1 tərəfindən 27 sentyabr 2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 31.55 (otuz bir manat altmış əlli qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qalan hissədə rüsum iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-112/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-112/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver