Məhkəmə qərarları › İş №e-2(078)-1128/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1128/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1128/2025 22.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: Ümumi oferta müqaviləsi üzrə pul tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. “X1” Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4999.90 AZN əsas, 789.44 AZN faiz, 157.05 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5946.39 AZN borcun və ödənilmiş 79.47 AZN rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. "xxxx" KB ASC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəni-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir.

3. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 35 ay müddətinə, illik 25 % olmaqla 4999.90 manat məbləğində kredit xətti açılmışdır.

4. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir.

5. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 15 iyul 2025-ci il, çərşənbə axşamı tarixinə "xxxx" KB ASC-yə 4999.90 manat əsas, 789.44 manat faiz,157.05 manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla, cəmi 5946.39 manat borcu yaranmışdır.

6. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

7. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1 və 445.2.1-ci maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İş üzrə iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səsəbləri barədə hər hansı məlumat verməmişdir.

Sübutların tədqiqi:

9. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizə-anketi imzalamaqla (aksept) etdiyi “Ümumi Oferta” müqaviləsindən görünür ki, həmin tarixdə iddiaçı təşkilat "xxxx" KB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən "xxxx" KB ASC tərəfindən cavabdehə 35 ay müddətinə, illik 25 % olmaqla 4999.90 manat məbləğində kredit xətti açılmışdır.

10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 2018sSTB2b/23 sayılı kredit müqaviləsi üzrə Cavabdeh həmin tarixə "xxxx" KB ASC-yə 4999.90 manat əsas, 789.44 manat faiz, 157.05 manat cərimə, 0.00 manat komisyon borcu olmaqla cəmi 5946.39 (beş min doqquz yüz qırx altı manat, otuz doqquz qəpik) manat borcu yaranmışdır.

11. 10 aprel 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

13. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

14. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

15. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxsi (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli ,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir(425.1); Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər( 425.2).

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

20. Maddə 443.1 Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

24. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.

25. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

26. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

27. Maddə 743. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər(743.1); Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2); Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir(743.3).

Mülki Prosessual Məcəllə

28. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.4. Hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 217.3. Qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır.

Məhkəmənin mövqeyi:

35. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 27 aprel 2023-cü ildə müqavilənin bağlanması, həmin müqavilə üzrə cavabdehə "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən istehlak məqsədləri üçün 35 ay müddətinə illik 25 faiz ödəmək şərt ilə 5000 (beş min) manat məbləğində kredit xətti açması barədə müqavilə tərəflərinin razılığa gəlmələri işin mübahisəsiz hallarıdır.

36. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 27 aprel 2023cü il tarixli ərizə və SMS məlumatlarından aydın olur.

37. İddia tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi qismən əsaslı sayılaraq təmin olunmalıdır.

38. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır.

39. İddiaçının tələbi Cavabdeh ilə arasında bağlanmış Ümumi oferta müqaviləsinə və cavabdehin 27 aprel 2023-cü il tarixli ərizəsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir.

40. Cavabdehin imzalayaraq iddiaçıya təqdim etdiyi 27 aprel 2023-cü il tarixli ərizəanket-ərizə nümunəsi adlı sənəddə iş üçün əhəmiyyəti olan aşağıdakılar qeyd edilir Bu ərizəni imzalamaqla mən, Cavabdeh təsdiq edirəm ki, "xxxx" X2 Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində (https://www.unibank.az/) yerləşdirilmiş xx.xx.2021-ci tarixli, 01U/21 saylı ümumi ofertası ilə tanış olmuşam və onun bütün şərtləri ilə razıyam. Bütün öhdəliklərimi vaxtlı vaxtında, düzgün, qeyd şərtsiz yerinə yetirəcəyəm (1-ci bənd); Bu ərizənin, eləcə də hesabın açılması üçün müraciətimi də əhatə etdiyini nəzərə alaraq, xahiş edirəm mənə təqdim edilən kartın növündən (VİSA, Martercard) asılı olaraq VİSA kart olduğu halda AZN, USD, EUR, GBP valyutasında, MasterCard ilə olduğu halda AZN, USD, EUR valyutasında hesab açılmasını təmin edəsiniz. Mənə məlumdur ki, həmin hesablardan sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edə bilmərəm (2-ci bənd); Nağd kredit və ya kredit xətti üzrə şərtləri ümumi ofertada qeyd edildiyi kimi qəbul edirəm. Mənə ayrılacaq kredit xətti limitinin Bankın mülahizəsinə görə azaldılması və çoxaldılmasına razılıq verirəm. Tərəfimdən kredit limitinin azaldılması və artırılması, həmçinin nağd kredit ilə bağlı banka müraciət edəcəyim halda bu barədə bankın qəbul edəcəyi müvafiq qərarla razıyam. Bütün bu məlumatlandırmaların mənə SMS, mobil əlavə vasitəsilə və ya ofertada göstərilən digər elektron üsullarla göndərilməsinə razıyam. "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən tələb edildiyi kimi münasibət bildirəcəyəm (3-cü bənd); Təsdiq edirəm ki, banka təqdim etdiyim məlumat - sənədlər hər cəhətdən tam və düzgündür. Bu sənədlərdəki baş verəcək hər hansı dəyişikliklər barədə banka dəyişikliklər baş verdikdən sonra 3 gündən gec olmayaraq məlumat verməyi öhdəmə götürürəm (4-cü bənd); Xahiş edirəm ki, mənim əlyazma/fiziki imzamı və onun analoqlarını hazırda mövcud olan və ya gələcəkdə bankda açılacaq hesablar üzrə əməliyyatlar apararkən tərəfimdən həqiqi / fiziki imza kimi hesab edəsiniz. Bankla aramızdakı bütün münasibətlər, yazışmalar sənədlərin imzalanması əlyazma / fiziki imza ilə yanaşı, mənə məxsus ********* mobil nömrəsinin bağlı olduğu mobil əlavə, SMS və ya bankin texniki imkanları nəzərə alınmaqla digər sənəd mübadiləsi yolu ilə elektron üsulla, həmçinin video zənglə imzalana bilər. Xahiş edirəm ki, bütün qeyd olunanları həqiqi imzamın analoqu hesab edəsiniz. Təsdiq edirəm ki, bundan sonrakı bütün razılaşmalar (o cümlədən hüquqi sənədlərin, razılaşmaların və məktubların imzalanması) analoq imzadan istifadə edilməklə təsdiq edilə bilər (5-ci bənd); Mənim ödəniş kartı ilə aparacağım əməliyyatlar nəticəsində baş verə biləcək silinmələr zamanı overdraft (hesabda vəsait olmadıqda silinmenin baş verməsi) baş verərsə, oferta şərtlərinə uyğun öhdəliyimi qəbul edirəm (9-cu bənd)

41. 28 dekabr 2021-ci il tarixli, 01U/21 nömrəli Ümumi oferta adlı sənədin əsas anlayışlar hissəsindən qeyd edilir ki; aksept ofertanı tam və qeyd-şərtsiz qəbul etməsi barədə müştərinin ərizəsidir. Analoq imza, imza edənlə şəxsi açar vasitəsi ilə əlaqələndirilmiş elektron şəkildə imza atma imkanı yaradan unikal məlumatlar başa düşülür. Analoq imza bank və “müştəri” arasında qarşılıqlı razılaşdırılmış bütün əməliyyatlarin (müqavilələrin, məktubların, hesab üzrə sərəncamların, tapşırıqların, etirazların və sair imzalanması da daxil olmaqla) imzalanması üçün bank tərəfindən “müştəri”yə SMS və ya mobil əlavə vasitəsilə təqdim edilmiş, həmçinin bunlarla məhdudlaşmayaraq imzanın digər analoqları da daxil olmaqla “müştəri”nin şəxsi imzasının alternativi olan və eyni hüquqi nəticələrə gətirən imzadır. Analoq imza, həmçinin “müştəri”nin identifikasiyası üçün bir vasitə və bank alətidir və müştərinin kağız üzərində təqdim etdiyi fiziki imza ilə eyni hüquqi qüvvəyə malikdir. Bank xidməti – bu müqavilə ilə təqdim edilən bank hesabları üzrə xidmətlər; internet və mobil bankçılıq xidmətləri (elektron bankçılıq); kredit (kredit xətti); ödəniş kartı üzrə xidmətlərdir; ümumi müddəalar hissəsi ilə müəyyən edilir ki, bu oferta (gələcəkdə həm müqavilə, həm də oferta kimi təsvir oluna bilər) üzrə müştəriyə fərqli valyutalarda bir neçə hesablar açıla bilər (VİSA karta bağlı AZN, USD, EUR, GBP valyutasında, Mastercard-a bağlı AZN, USD, EUR valyutasında), bir və ya bir neçə ödəniş kartı (sonradan “kart”) təqdim edilə bilər. Bankın texniki imkanları nəzərə alınmaqla, gələcəkdə müştəri tərəfindən internet bankçılıq və ya mobil əlavə vasitəsilə müxtəlif bank hesabları açıla bilər. Müştəri tərəfindən hər bir karta bağlı olan bank hesabları fərqli müəyyən edilə bilər. Oferta üzrə müştəri ilə bank arasında bütün münasibətlər yazılı qayda ilə yanaşı, internet, elektron poçt ünvanı, SMS və/və ya mobil əlavə vasitəsilə də tənzimlənə bilər. Tərəflər razılaşırlar ki, internet, elektron poçt ünvanı, SMS və/və ya mobil əlavə vasitəsilə və bu müqavilədə nəzərdə tutulmuş istənilən digər qaydada təqdim edilən və təsdiq edilənlər onların həqiqi imzasının analoqudur. Bu oferta 25 (iyirmi beş) il müddətinə bank və müştəri arasındakı münasibətləri əhatə edir. Bu müddət ərzində bank elektron üsulla və ofertanın şərtlərinə uyğun dəfələrlə kredit verə və bu oferta ilə müəyyən olunmuş digər bank xidmətlərini təqdim edə bilər; 16.1 və 16.3-cü bəndlərinə əsasən bank müştəriyə SMS bildirişdə qeyd olunan məbləğdə, müddətdə, illik faiz dərəcəsində kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Ödəniş kartından POS-terminal vasitəsilə istifadə zamanı müştəri taksitli (kreditin məbləğindən istifadə edilmiş vəsaitin komissiya ilə və ya komissiyasız mümkün bərabər hissələrlə ödənilməsi. müştəri, taksitli ödəmə barədə məlumatları (aylıq ödəniş məbləği, taksitli ödənişin müddəti, faiz dərəcəsi, komissiya) şəxsi kabinet, mobil tətbiq və ya Bank tərəfindən təklif edilən digər vasitələrlə əldə edə bilər) və ya birdəfəlik alış-veriş etmək barədə seçim edir və bu zaman seçimə görə müştəri şəxsən məsuliyyət daşıyır. Taksitli alışveriş üçün komissiya tətbiq edilə bilər. Ödəniş kartının istifadə müddəti 60 aydır. Ödəniş kartı müştərinin həm kredit, həm də debet kartıdır, bu karta bir neçə hesab bağlıdır və bu hesabların valyutaları da fərqlidir. Ödəniş kartının istifadəsi bu oferta ilə tənzimlənir. Kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Kredit xətti SMS məlumatlandırmada qeyd edilən məbləğ və maksimum müddətə, illik 36 (otuz altı) faizədək olmaq şərtilə ayrılır. Əgər müddətin sonunadək (sonuncu ay) müştəri qalıq borcu tam ödəməsə, növbəti aydan etibarən 60 (altmış) ay müddətinədək və kreditin verildiyi eyni illik faiz dərəcəsinə bərabər olmaqla qalıq borcu miqdarında yeni nağd kredit (restrukturizasiya) rəsmiləşdirilə bilər. Bu zaman müştəriyə aylıq ödənişin məbləği və müddətləri barədə (ödəniş cədvəli) SMS, elektron poçt və ya mobil bankçılıq vasitəsilə bildiriş göndərilir; 16.7 və 16.7.1-ci bəndlərinin mahiyyətindən aydın olur ki, bank, müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə daxili təlimatlara əsaslanaraq müəyyən edilmiş və ayrılmış kredit xəttinin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və kredit xəttinin açılması ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin bu şərtlərin və kreditin ödəniş gününün dəyişdirilməsi barədə SMS göndərir. Bu məlumatlar müştərinin banka bildirdiyi elektron poçt ünvanına, həmçinin mobil bankçılıq vasitəsilə və ya digər formada da müştəriyə göndərilə bilər. Müştəriyə göndərilmiş SMS-dən sonra razılıq bildirən cavab SMS-i (məlumatlar elektron poçt adresi və ya digər formada göndərildiyi halda müvafiq qaydada cavablandırma) tələb olunmur. Bu müqaviləni imzalamaqla müştəri bütün şərtləri qəbul etmiş sayılır. Müştəri kart vasitəsilə kredit xəttindən istifadə etdiyi təqdirdə üzərinə öhdəlik götürmüş sayılır. Kredit xəttindən istifadə etdikdən sonra kredit xəttinin məbləği, müddəti, illik faiz dərəcəsi, aylıq ödəniş ilə razılaşmadığı barədə Banka qarşı heç bir tələb irəli sürə bilməz; 16.7.3-cü bəndinə əsasən müqavilə üzrə kreditdən faktiki istifadə dedikdə, müştəri tərəfindən kartdan istifadə edilməklə kredit xətti üzrə nağd pul vəsaitlərinin çıxarılması və (və ya) nağdsız ödənişlərin aparılması başa düşülür. Müştəriyə verilmiş kartın 16 (on altı) rəqəmi bu müqaviləyə əsasən verilən kredit üzrə müştərini eyniləşdirmək üçün istifadə olunur. Bu müqavilə üzrə SMS vasitəsilə müştərinin təklifləri və bankın bütün təklif və etirazlarına dair mobil yazışmaları bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir; 17.1-ci və 17.4-cü bəndlərinə görə kreditin və kreditdən istifadəyə görə faizlərin və əsas borcun müştəri tərəfindən banka qaytarılmasının dövriliyi bu müqavilə ilə müəyyən olunur. Müştəri bu müqavilə üzrə ödənişləri kredit xəttindən nağd və ya nağdsız istifadə etdiyi tarixdən asılı olmayaraq hər növbəti ayın kreditin verildiyi ayın müvafiq günü ilə eyni günündən başlayaraq sonrakı 10 (on) gün müddətində ödəməlidir, bura 10-cu gün də daxildir və bu müddət “ödəmə müddəti” adlanır. Ödəmə müddəti ərzində müştəriyə SMS və/və ya mobil əlavə vasitəsilə həmin ödəmə müddəti üçün ödənilməli borc məbləği barədə məlumat göndərilə bilər. Əgər müştəri taksit borcunu ödəmə müddəti ərzində ödəməsə, ödəmə müddətindən sonra onun aylıq taksit borcu adi kredit xətti borcu kimi nəzərə alınacaq və ödəmə müddətindən sonrakı dövr üçün kreditin illik faiz dərəcəsi ilə hesablama aparılacaq. Kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir; 17.7, 17.8 və 17.8.1-ci bəndlərinin tələbinə görə müştərinin kredit borcu onun kredit xəttindən faktiki istifadəsi zamanı yaranır. Müştəri krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda bank bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilədə nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği, həmçinin bu Müqavilənin 17.1-ci maddəsində nəzərdə tutulmuş digər ödənişlərlə birlikdə qaytarılmasını müştəridən tələb edə bilər.

42. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının cavabdehə müqavilədə nəzərdə tutulmuş kredit məbləğini ayırması, bank hesabı açması, cavabdehin isə həmin müqavilə üzrə ona verilmiş krediti ümumi oferta müqaviləsinin şərtlərinə uyğun olaraq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir.

43. İddiaçının öz öhdəliyini icra etməsi iş materiallarına əlavə edilmiş SMS məlumatları və hesabdan çıxarışla sübuta yetirilir.

44. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə onun müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materiallarına əlavə edilmiş "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən iş üzrə Cavabdeh ünvanlanmış 10 aprel 2024-cü il tarixli bildirişdən məlum olur.

45. Həmin sənədlərlə müəyyən edilir ki, cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilib, borcun ödənilməsi üçün ona 3 iş günü müddət təyin edilmişdi.

46. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır.

47. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə olunmuş 15 iyul 2025-ci il tarixli maliyyə arayışında Cavabdeh "xxxx" X2 Səhmdar Cəmiyyətinə 4999.9 (dörd min doqquz yüz doxsan doqquz manat, doxsan qəpik) manat əsas, 789.44 (yetmiş səkkiz manat, qırx dörd qəpik) manat faiz və 157.05 (yüz əlli yeddi manat, beş qəpik) manat cərimə borcunun olması qeyd edilir.

48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında məhkəmə vurğulamışdır ki, Mülki Məcəllənin 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür.

49. Həmin qərarda həmçinin qeyd edilmişdi ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir.

50. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

51. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır.

52. Mülki Məcəllənin 422-ci maddəsində şəraitin sonradan dəyişməsinin tərəflər arasındakı müqavilə münasibətlərinə təsirinin şərtləri və əsasları, Məcəllənin 423-cü maddəsində isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin qaydası (forma və üsulu) göstərilmişdir.

53. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdi ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər.

54. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı.

55. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.

56. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir.

57. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.

58. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdi ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır.

59. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

60. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

61. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir.

62. Aşağıdakı hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: - bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; - öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; - xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (Mülki Məcəllənin 447.2-ci maddəsi).

63. Müqavilədən imtinanı istisna edən hallar Məcəllənin 447.3-cü maddəsində əks olunmuşdur.

64. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

65. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.

66. Sonda Konstitusiya Məhkəməsinin həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

67. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

68. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

69. Qeyd edilən qərarda göstərilənləri iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş sənədlərdən tərəflər arasında 27 aprel 2023-cü il tarixdə müqavilə bağlanması, iddia tələbindən və ərizəyə əlavə edilmiş bildirişdən Cavabdeh "xxxx" X2 Səhmdar Cəmiyyəti qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi aydın olur ki, bu da müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulmasının baş verməsidir.

70. İddiaçı isə 10 aprel 2024-cü il tarixdə cavabdehə bildiriş göndərərək həmin sənəddə ondan banka olan borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməyi təklif etmişdi. İddiaçının cavabdehə verdiyi xəbərdarlığı Konstitusiya Məhkəməsinin Qərarında formalaşdırdığı mövqeyi ilə əlaqələndirən məhkəmə onun nəzərinə çatdırır ki, cavabdehə həmin xəbərdarlığı göndərməklə aralarında bağlanmış müqaviləni ləğv etmişdi. Bu səbəbdən də cavabdehin ona qarşı olan borcu məhz müqavilənin ləğv edildiyi tarixədək hesablanmalıdır.

71. "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh göndərdiyi bildirişdə isə müqavilənin ləğv edildiyi tarixə cavabdehin 4999.90 (dörd min doqquz yüz doxsan doqquz manat, doxsan qəpik) manat əsas, 458.68 (dörd yüz əlli səkkiz manat, altmış səkkiz qəpik) manat faiz borcu və 2.58 (iki manat, əlli səkkiz qəpik) manat cərimə borcu olması qeyd edilmişdi.

72. Müqavilənin ləğv edildiyi tarixə olan əsas borc məbləği iddia tələbində olan miqdarla eynilik təşkil etsə də, faiz, cərimə borcunun fərqli olması müəyyən edilir. Bu səbəbdən də məhkəmə iddiaçının tələbini faiz, cərimə borcuna münasibətdə qismən əsaslı hesab edir.

73. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

74. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

75. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

76. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər.

77. Tərəflər arasında bağlanmış müqavilənin 17.10-cu bəndindən aydın olur ki, müştəri kreditin və / və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank, borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) faizinin bir günə olan məbləği miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər.

78. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini bir daha əsaslı olmasını müəyyən edərək, onun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, 15 iyul 2025-ci il tarixli maliyyə arayışında Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya 157,05 cərimə borcunun olması qeyd edilsə də, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında formaladırdığı mövqeyə əsaslan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi bu hissədə də qismən əsaslı sayılıb müqavilənin ləğv edildiyi günədək olan cərimə borcu, yəni 2.58 (iki manat, əlli səkkiz qəpik) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir.

79. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

80. Ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" KB ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X3 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 79.47 manat dövlət rüsumunun 74.61 manat hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nə qaytarılmalıdır.

81. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

82. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - Cavabdeh 4999.90 (dörd min doqquz yüz doxsan doqquz manat, doxsan qəpik) manat əsas, 458.68 (dörd yüz əlli səkkiz manat, altmış səkkiz qəpik) manat faiz borcu və 2.58 (iki manat, əlli səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5461.16 (beş min dörd yüz altmış bir manat, on altı qəpik) manat məbləğində borc tutularaq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin 74.61 (yetmiş dörd manat, altmış bir qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" X2 Səhmdar Cəmiyyətinə verilməli; -iddia tələbi qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir.

83. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qətetdim: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 2018sSTB2b/23 sayılı kredit müqaviləsinə əsasən, 4999.90 (dörd min doqquz yüz doxsan doqquz manat, doxsan qəpik) kredit borcu, 458.68 (dörd yüz əlli səkkiz manat, altmış səkkiz qəpik) manat faiz borcu və 2.58 (iki manat, əlli səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5461.16 (beş min dörd yüz altmış bir manat, on altı qəpik) manat məbləğində borc iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. "xxxx" KB ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X3 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 79.47 manat dövlət rüsumunun 74.61 (yetmiş dörd manat, altmış bir qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar