Məhkəmə qərarları › İş №e-2(078)-1166/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1166/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1166/2022 14.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin Səbail rayon filialı ilə Cavabdeh1 arasında bağlanmış 05 mart 2015-ci il tarixli, 05-03/102/İK müqaviləsinə əsasən 36876,09 (otuz altı min səkkiz yüz yetmiş altı manat doqquz qəpik) manat əsas, 1311,05 (min üç yüz on bir manat beş qəpik) manat faiz, 40,03 (qırx manat üç qəpik) manat cərimə, ümumilikdə 38 227,17 (otuz səkkiz min iki yüz iyirmi yeddi manat on yeddi qəpik) manat borc, məhkəməyə müraciət üçün ödənilmiş 205.08 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 47 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi Bank xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında 11 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 63.37 kv.m, yaşayış sahəsi 39.02 kv.m olan mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdehlərin yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə şəxsin məhkəməyə nümayəndə vasitəsi ilə müraciət etmək imkanı da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-ci maddəsi ilə müəyyən olunur ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edildikdə isə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər yerinə yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmçinin həmin Məcəllənin 69.3-cü maddəsinin tələbinə görə təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə qeyd edir ki, iddia ərizəsini Nümayəndə Cavid Mirzəyev tərəfindən ona verilmiş etibarnamə əsasında imzalamışdır. Cavid Mirzəyevə isə etibarnamə verilməsi səlahiyyətini 17 fevral 2017-ci il tarixli əmrlə Rövşən Allahverdiyev vermişdir. Qeyd olunan əmrdə isə sonuncu qeyd edilən şəxsin idarə heyətinin sədri olması göstərilmişdir. Lakin əmrdə şəxsin idarə heyətinin sədri olması qeyd edilsə də, onun vəzifəsini təsdiq edən, yəni hüquqi şəxsin adından belə etibarnamə vermək səlahiyyətini təsdiq edən təsis sənədi, nizamnamə, hüquqi şəxsin qeydiyyatına dair çıxarış, xidməti vəzifəsini bildirən hər hansı digər sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, yuxarıda qeyd edilən prosessual norma ilə müəyyən edilir ki, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Hökumət ödəniş portalı vasitəsilə 26 oktyabr 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 204.68 (iki yüz dörd manat, altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Hökumət ödəniş portalı vasitəsilə 26 oktyabr 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 204.68 (iki yüz dörd manat, altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar