Məhkəmə qərarları › İş №e-2(078)-1171/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1171/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1171/2024 06.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçı Nümayəndə Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Təsviri hissə: İddiaçı Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 40 manatın, nəticə etibarilə ümumilikdə 440 (dörd yüz qırx) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nümayəndə iddia ərizəsində, Cavabdeh ilə 20 iyul 2021-ci il tarixdə 52 nömrəli Nisyə satış Müqaviləsi bağladıqlarını, 20 iyul 2021-ci il tarixli, 52 nömrəli Nisyə satış Müqaviləsinə əsasən Cavabdeh telefon aksesuarlarını 2 aylıq kreditlə 800 manat dəyərində aldığını və hazırki vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla, 400 manat ödəndiyini, lakin hazırda qalan 400 manat borcunu ödəməkdən imtina etdiyini, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat penya (cərimə) pulunun ödənilməsinin nəzərdə tutulduğunu, buna görə də, həmin məbləğlərin də cavabdehin borcu hesab olunduğunu, telefon aksesuarlarının satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə etdiyini və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, yəni vaxtında ödənilməyən ödənişlərin onun üçün maddi zərərlərə gətirib çıxardığını, hazırki vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pullarının onun maddi itkilərə məruz qalmağına səbəb olduğunu, cavabdehə yox, başqa şəxsə həmin telefon aksesuarları satılsaydı, maddi itkilərlə qarşılaşmayacağını, həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəflərindən dəfələrlə şifahi xəbərdarlıq olunduğunu və borc pulun ödənilməsinin ondan tələb edildiyini, lakin onun borcun ödənilməsindən imtina etdiyini, buna görə ciddi maddi itkilərlə qarşılaşdığını, Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanındığını, geniş müştəri dairəsinin olduğunu, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malik olduğunu, satıcı-alıcı münasibətlərinin kəskinləşməsinin, münasibətlərin pozulmasının və mübahisənin məhkəməyə daşınmasının heç də yaxşı hal olmadığını, lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şəraitin dayandığını, əgər cavabdeh borcu vaxtında ödəsəydi, məsələnin də bu səviyyəyə gəlib çıxmaya biləcəyini, cavabdehin yuxarıda qeyd olunan 20 iyul 2021-ci il tarixli, 52 nömrəli müqavilədən yaranan 400 manat əsas borcunun olduğunu, bundan əlavə, müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 40 manat penya pulunun və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş: Nümayəndə ilə Cavabdeh arasında bağlanmış 20 iyul 2021-ci il tarixli, 52 nömrəli Malların nisyə alqı-satqı Müqaviləsinə əsasən, müqaviləyə əsasən satıcı alıcıya ümumi məbləği 800 manat dəyərində telefon aksesuarlarını satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada telefon aksesuarlarının dəyərini ödəməyi öhdəsinə götürür. 20 iyul 2021-ci il tarixli, 52 nömrəli Malların nisyə alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, iş üzrə Cavabdeh telefon aksesuarlarını tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. 20 iyul 2021-ci il tarixli, 52 nömrəli Malların nisyə alqı-satqı Müqaviləsinə 2 nömrəli əlavəyə əsasən, Cavabdeh 800 manat məbləğində pulun 400 manatını nağd qaydada, qalan 400 manatını xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə hər ay 200 manat olmaqla ödəməyi öhdəsinə götürür. 21 iyul 2024-cü il tarixli arayışa əsasən, Cavabdeh Nümayəndə 20 iyul 2021-ci il tarixli, 52 nömrəli müqaviləyə görə 400 manat əsas borc və 40 manat penya pulu olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində ödənilməmiş borcu mövcuddur. Borcalan Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Məhkəmənin qiymətləndirməsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə görə, satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 29 iyul 2024-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 01 avqust 2024-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 20 iyul 2021-ci il tarixli, 52 nömrəli Malların nisyə alqı-satqı Müqaviləsi üzrə 400 (dörd yüz) manat əsas borc və 40 (qırx) manat gecikdirilmiş penya pulu olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində borc iddiaçı Nümayəndə xeyrinə tutulmalıdır. İddia tələbi qalmış hissədə rədd edilməlidir. İddia ərizəsi təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia ərizəsi üzrə Nümayəndə tərəfindən 24 iyul 2024-cü il tarixdə **********9 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia təmin edilsin. Cavabdeh 20 iyul 2021-ci il tarixli, 52 nömrəli Malların nisyə alqı-satqı Müqaviləsi üzrə 400 (dörd yüz) manat əsas borc və 40 (qırx) manat gecikdirilmiş penya pulu olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində borc iddiaçı Nümayəndə xeyrinə tutulsun. Nümayəndə tərəfindən 24 iyul 2024-cü il tarixdə **********9 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar