Məhkəmə qərarları › İş №e-2(078)-1185/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1185/2025

15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1185/2025 15.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: Kredit müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 1626.25 (min altı yüz iyirmi altı manat, iyirmi beş qəpik) manat əsas, 79.74 (yetmiş doqquz manat, yetmiş dörd qəpik) manat faiz borcu, 334.78 (üç yüz otuz dörd manat, yetmiş səkkiz qəpik) manat cərimə borcu, 14.95 (on dörd manat, doxsan beş qəpik) manat əldən çıxmış fayda olmaqla ümumilikdə 1134.4 (bir min yüz otuz dörd manat, qırx qəpik) manat məbləğində borcun və ödənilmiş 40.56 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 28 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1626.25 manat əsas, 79.74 manat faiz borcu, 334.78 manat cərimə borcu, 14.95 manat əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 2055.72 manat borcun və 40.56 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edəsini xahiş etmişdir.

3. İddiaçı ASC ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 14.7 faizlə 24 ay müddətinə 12000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır.

4. 03 iyun 2025-dək Cavabdeh banka 28 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1626.25 manat əsas borc, 79.74 manat faiz borcu, 669.56 manat cərimə və kredit müqaviləsi üzrə 28 mart 2025 il tarixdən, 03 iyun 2025 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 14.95 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 2390.5 manat borcu vardır. Cavabdeh 28 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 669.56 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 18.18 manat məbləğində tələb olunur.

5. 28 mart 2023 il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir.

6. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 21, 465.2, 467, 445.2.1, 501, 445.7, 449.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.

Sübutların tədqiqi:

8. İş materiallarında olan 28 mart 2023-cü il tarixli, 10-Y-1-0-882-23 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında illik 14.7 faizlə 24 ay müddətinə 12000 manat kreditin götürülməsi barədə müqavilə bağlanmışdır. Tərəflər müqavilə üzrə aylıq ödənişlərin hər ayın 28-i, 580.13 manat olmaqla 24 ay ərzində ödənilməsinə dair razılığa gələrək müqaviləni imzalamışlar.

9. İş materiallarında olan 03 iyun 2025-ci il tarixli Maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 mart 2023-cü il tarixli, 10-Y-1-0-882-23 nömrəli müqavilə üzrə, müqavilənin müddəti 24 ay olmuş, müqavilə üzrə məbləğ 12000 manat, faiz dərəcəsi 14,7 faiz, əsas borcdan ödənilən məbləğ 10373,75 manat olmuş, qrafik üzrə ən son ödəmə xx.xx.2025-ci il tarixdə 10,85 manat, əsas borc qalığı 1626,25 manat olmuş ,faiz üzrə qalıq 79,74 manat, cərimə məbləği 669,56 manat təşkil etmiş, İddiaçı ASC-yə olan kreditin bitmə tarixinə əsas borc 1626,25 manat, faiz borcu 38,57 manat olmuşdur.

10. İş materiallarında olan 03 iyun 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

12. Maddə 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxsi (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli ,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardır.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir(425.1); Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər( 425.2).

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

16. Maddə 443.1 Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

17. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

18. Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

20. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

21. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Tətbiq edilən prosessual hüquq normaları:

Mülki Prosessual Məcəllə

22. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

23. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

24. Maddə 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

25. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

26. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi:

29. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.

30. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 10-Y-1-0-882-23 saylı kredit müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.

31. Məhkəmə ilk növbədə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

32. Məhkəmə qeyd edir ki, təqdim olunan sənədlər əsasında müəyyən edilir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur.

33. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh xx.xx.2023-cü il tarixli, 10-Y-1-0-882-23 nömrəli kredit müqaviləsinə əsasən 1626.25 manat əsas, 38.57 manat faiz, 81.31 manat cərimə borcu olmaqla, cəmi 1746.13 (min yeddi yüz qırx altı manat, on üç qəpik) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

34. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetimədiyindən iddiaçı 1626.25 manat əsas borcu tələb etməkdə haqlı olmuşdur.

35. Məhkəmə faiz borcuna münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində 79.74 (yetmiş doqquz manat, yetmiş dörd qəpik) manat faiz borcu tələb etsə də, iş materiallarında olan 03 iyun 2025-ci il tarixli Maliyyə arayışından aydın olur ki, kreditin bitmə tarixinə cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə qalıq faiz borcu 38,57(otuz səkkiz manat əlli yeddi qəpik) manat olmuşdur.

36. Məhkəmə hesab edir ki, kreditin bitmə tarixinə cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə qalıq faiz borcu 38,57(otuz səkkiz manat əlli yeddi qəpik) manat olduğundan, iddia faiz borcunun tutulması hissəsində qismən təmin edilməklə, cavabdehdən 38,57(otuz səkkiz manat əlli yeddi qəpik) manat faiz borcu tutulmalıdır.

37. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya münasibətdə qeyd edir ki, İddiaçı ASC cavabdehdən 14.95 manat əldən çıxmış faydanın tutulmasını xahiş etsə də, həmin halı təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Buna görə də əldən çıxmış fayda ilə bağlı hissədə iddia tələbi təmin edilməməlidir.

38. Məhkəmə dəbbə puluna münasibətdə qeyd edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə dəbbə pulu olaraq cavabdehdən 334.78 manat tutulmasını xahiş etmişdir.

39. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, əsas borcun 5% miqdarında 81.31 manat məbləğində müəyyən olunmalıdır. Tələb dəbbə pulunun qalan hissəsində rədd edilməlidir.

40. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

41. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 40.56 (qırx manat, əlli altı qəpik) manat dövlət rüsumunun 34.45 (otuz dörd manat, qırx beş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.

42. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh 28 mart 2023-cü il tarixli 10-Y-1-0-882-23 nömrəli müqavilə üzrə 1626.25 (min altı yüz iyirmi altı manat, iyirmi beş qəpik) manat əsas, 38.57 (otuz səkkiz manat, əlli yeddi qəpik) manat faiz, 81.31 (səksən bir manat, otuz bir qəpik) manat gecikdirilmiş dəbbə pulu olmaqla ümumilikdə 1746.13 (min yeddi yüz qırx altı manat, on üç qəpik) manat borc İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 40.56 (qırx manat, əlli altı qəpik) manat dövlət rüsumunun 34.45 (otuz dörd manat, qırx beş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar