Məhkəmə qərarları › İş №e-2(078)-1189/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1189/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1189/2025 22.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6350.91 (altı min üç yüz əlli manat doxsan bir qəpik) manat borcun, dövlət rüsumu üçün ödənilmiş 84 (səksən dörd) manat pulun, vəkil qonararı üçün ödənilmiş 300 (üç yüz) manat pulun, ümumilikdə 6734.91 (altı min yeddi yüz otuz dörd manat doxsan bir qəpik) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəni onunla əsaslandırmışdır ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti topdan və pərakəndə tikinti materillarının və elektronika avadanlıqlarının alğı-satqısı ilə məşğul olur. Uzun müddətdir ki, Muxtar Respublikada həm vətəndaşlarla, həm də sahibkarlarla qarşılıqlı olaraq fəaliyyət göstərir. Hazırki iş üzrə cavabdeh də nümayəndəsi olduğu təşkilatdan pərakəndə olaraq müxtəlif adlarda məhsullar almışdır. Nümayəndəsi olduğu şirkət həmçinin müxtəlif tikinti mallarının və elektronika avadanlıqlarının pərkanədə alğı-satqısı ilə məşğul olur. Hazırki iş üzrə cavabdeh də MMCdən xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərində dəyəri cəmi 8288.51 (səkkiz min iki yüz səksən səkkiz manat əlli bir qəpik ) manat dəyərində inşaat malları almış, 1937.60 ( min doqquz yüz otuz yeddi manat altmış qəpik) manat həmin borcdan pul ödəmişdir. Bununla bağlı tərəflərin arasında borcu təsdiqləyəcək müqavilə də imzalanmışdır. Bununla bağlı cavabdehə şifahi və sonuncu dəfə pretenziya qaydasında (xəbərnamə əlavə olunur) yazılı müraciət edilsə də, bunun bir nəticəsi olmamışdır. Hal-hazırda cavabdehin 6350.91 (altı min üç yüz əlli manat doxsan bir qəpik) manat borcu qalmaqdadır. Cavabdeh borcu ödəmədiyindən məcbur qalaraq məhkəməyə müraciət olunur. Həmçinin iddiaçı dövlət rüsumu üçün ödənilmiş olan 84 (səksən dörd) manat pulun və vəkil xərci (vəkil qonorarı) üçün ödənilmiş 300 (üç yüz) manat pulun da məhkəmə qaydasında iddia təmin olunduğu təqdirdə ona qaytarılmasını istəyir.

3. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 324, 389, 390, 425-ci maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında bildirdi ki, hüquqi şəxs X4 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında nisyə mal alqı-satqısı barədə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən cavabdeh 8288.51 manat borcdan 1937.60 manat ödəniş olunmuşdur. Keçən iclas cavabdeh özü etiraf etmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. 06 oktyabr 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etdiyini, borcu olduğunu lakin, borclardan müyyən qismini ödədiyini bildirmişdir. Lakin, nə qədər ödəniş etdiyini xatırlamadığını bildirmişdir.

6. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə əsasən) xəbərdar edilmələrinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir.

7. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Sübutların tədqiqi:

8. İş materiallarında olan 14 may 2022-ci il tarixli, 11 nömrəli müqavilədən görünür ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında İnşaat Mallarının nisyə satılması barədə müqavilə bağlanmışdır. Tərəflər müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2022-ci il tarixdən 401.00 manat olmaqla, 12 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin müqaviləni imzalamışlar.

9. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli, 238 nömrəli müqavilədən görünür ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında İnşaat Mallarının nisyə satılması barədə müqavilə bağlanmışdır. Tərəflər müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2022-ci il tarixdən 238.80 manat olmaqla, 12 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin müqaviləni imzalamışlar.

10. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 85 nömrəli fakturadan görünür ki, Cavabdeh 2865.31 (iki min səkkiz yüz altmış beş manat otuz bir qəpik) manat məbləğində malları almışdır.

11. İş materiallarında olan 10 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “X4” MMC-nə borc olaraq 300 manat məbləğində ödəniş etmişdir.

12. İş materiallarında olan 02 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh “X4” MMC-nə xx.xx.2022-ci il tarixdə “1001 home” mağazasına 177.60 manat, “İnşaat bazarına” 600 manat, xx.xx.2022-ci il tarixdə “1001 home” mağazasına 200 manat, “İnşaat bazarına” 160 manat, xx.xx.2022-ci il tarixdə “1001 home” mağazasına 100 manat, “İnşaat bazar”na 400 manat, xx.xx.2022-ci il tarixdə “1001 home” mağazasına 100 manat “İnşaat bazarı”na 200 manat məbləğində ödənişlər etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

14. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

15. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: - 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 17.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 18.Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 19.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 20.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 21.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 22.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 23.Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 24.Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 26.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 27.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 28.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 29.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

Tətbiq edilən prosessual hüquq normaları:

Mülki Prosessual Məcəllə

30.Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

31. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

45. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməməlidir.

46. Məhkəmə ilk növbədə qeyd edir ki, prosessual qanunvericilikdə “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir. 47.Məhkəmə hesab edir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 600 və 601-ci maddələri yəni, əşyanın nisyə satılması və hissə-hissə ödənilməsi ilə bağlı müddəaları təşkil edir. 48.Məhkəmə qeyd edir ki, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 49.“N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). 50.İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 51.Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. 52.Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. 53.Məhkəmə qeyd edir ki, iddiaçının tələbinə iki hissəli yanaşma aparılmalıdır. Belə ki, ilkin olaraq iddiaçı cavabdehə 6350.91 (altı min üç yüz əlli manat doxsan bir qəpik) manat dəyərində inşaat malları verdiyini, cavabdehin isə həmin malların dəyərini ödəmədiyi iddia etmişdir. 54.Məhkəmə qeyd edir ki, ilk növbədə 6350.91 (altı min üç yüz əlli manat doxsan bir qəpik) manat dəyərində inşaat malların cavabdehə verilib-verilməməsini sübut etmə yükü iddiaçının üzərinə düşür, mallar verilmişsə həmin malların dəyərinin qaytarılmasını sübut etmə yükü cavabdehin üzərindədir. 55.Məhkəmə 6350.91 (altı min üç yüz əlli manat doxsan bir qəpik) manat dəyərində inşaat malların cavabdehə verilib-verilməməsi hissəsində qeyd edir ki, tərəflər mülki məcəllənin müqavilə azadlığı prinsipləri çərçivəsidə xx.xx.2022-ci il tarixli, 238 nömrəli və xx.xx.2022-ci il tarixli 11 nömrəli İnşaat Mallarının nisyə satılması barədə müqavilə bağlamışlar və malları tam qüsursuz şəkildə təhvil almışdır. 56.Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmiş və qeyd edilən malların ona verildiyini təsdiqləmişdir. 57.Göründüyü kimi tərəflər arasında etibarlı müqavilə münasibətləri olmuş və iddiaçı qeyd edilən inşşat mallarını cavabdehə təhvil verdiyini tam sübuta yetirmişdir. 58.Cavabdehin tərəfindən xx.xx.2022-ci il tarixli, 238 nömrəli və xx.xx.2022-ci il tarixli 11 nömrəli müqavilələr üzrə malların dəyərinin ödənilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, cavabdeh tərəfindən satın alınmış mallar üzrə “1001 home” mağazasına 177.60 manat, “İnşaat bazarına” 600 manat, xx.xx.2022-ci il tarixdə “1001 home” mağazasına 200 manat, “İnşaat bazarına” 160 manat, xx.xx.2022-ci il tarixdə “1001 home” mağazasına 100 manat, “İnşaat bazar”na 400 manat, xx.xx.2022-ci il tarixdə “1001 home” mağazasına 100 manat “İnşaat bazarı”na 200 manat həmin borcdan pul ödənimişdir. Cavabdeh isə, müqavilənin dəyərinin tam şəkildə ödənilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. 59.Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. 60.Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. 61.Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. 62.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). 63.Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). 64.Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). 65.Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. 66.İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. 67.Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). 68.Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 69.Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 70.Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). 71.Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

72. Məhkəmə iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat qonararın cavabdehdən tutulmasına münasibətdə tələbinə dair aşağıdakıları qeyd edir.

73. İş materiallarında olan EM-06/62VK-42467/25 nömrəli, xx.xx.2025-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, “X4” MMC-nə Naxçıvan şəhər Məhkəməsində pul tələbinə dair hüquqi yardım göstərilməsi üçün onunla Vəkil arasında müqavilə bağlanmış və hüquqi yardıma görə haqq qarşılıqlı razılıq əsasında 300 manat müəyyən olunmuşdur. Lakin, həmin məbləğin ödənilməsi barədə ödəniş qəbzi iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə iclaslarında təqdim olunmamışdır.

74. Mülki prosessual Məcəllənin Maddə 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

75. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat qonararın cavabdehdən tutulmasına dair ödəniş qəbzi təqdim olunmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir.

76. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

77. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə “X4” MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 84 (səksən dörd manat) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.

78. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 238 nömrəli və xx.xx.2022-ci il tarixli 11 nömrəli Malın satın alması müqavilələri üzrə 6350.91 (altı min üç yüz əlli manat doxsan bir qəpik) manat borc iddiaçı “X4” MMC-nin xeyrinə tutulsun. “X4” MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 84 (səksən dörd manat) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat qonararın cavabdehdən tutulmasına münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar