Məhkəmə qərarları › İş №e-2(078)-1191/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1191/2025

21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1191/2025 21.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı “X13” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı “X13” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı “X13” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13457.91 (on üç min dörd yüz əlli yeddi manat doxsan bir qəpik) manat borcun, dövlət rusumu üçün ödənilmiş 131 (yüz otuz bir) manat pulun, vəkil qonararı üçün odənilmiş 300 (üç yüz) manat pulun ümumilikdə 13888.91 (on üç min səkkiz yüz səksən səkkiz manat doxsan bir qəpik) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 ərizəni onunla əsaslandırmışdır ki, “X13” Məhdud Məsuliyyətli Cəmiyyəti topdan və pərakəndə tikinti materillarının və elektronika avadanlıqlarının alğı-satqısı ilə məşğul olur. Uzun müddətdir ki, Muxtar Respublikada həm vətəndaşlarla, həm də sahibkarlarla qarşılıqlı olaraq fəaliyyət göstərir. Hazırki iş üzrə cavabdeh də nümayəndəsi olduğu təşkilatdan pərakəndə olaraq müxtəlif adlarda məhsullar almışdır. Nümayəndəsi olduğu şirkət həmçinin müxtəlif tikinti mallarının və elektronika avadanlıqlarının pərkanədə alğı-satqısı ilə məşğul olur. Hazırki iş üzrə cavabdeh də MMCdən xx.xx.2023-cü il tarixdə dəyəri 16648.10 (on altı min altı yüz qırx səkkiz yüz manat on qəpik) manat dəyərində inşaat malları almış, 3190.19 (üç min yüz doxsan manat on doqquz qəpik) manat həmin borcdan pul ödəmişdir. Bununla bağlı tərəflərin arasında borcu təsdiqləyəcək müqavilə də imzalanmışdır. Bununla bağlı cavabdehə şifahi və sonuncu dəfə pretenziya qaydasında (xəbərnamə əlavə olunur) yazılı müraciət edilsə də, bunun bir nəticəsi olmamışdır. Hal-hazırda cavabdehin 13457.91 (on üç min dörd yüz əlli yeddi manat doxsan bir qəpik) manat borcu qalmaqdadır. Cavabdeh borcu ödəmədiyindən məcbur qalaraq məhkəməyə müraciət olunur. Həmçinin iddiaçı dövlət rüsumu üçün ödənilmiş olan 131 (yüz otuz bir) manat pulun və vəkil xərci (vəkil qonorarı) üçün ödənilmiş 300 (üç yüz) manat pulun da məhkəmə qaydasında iddia təmin olunduğu təqdirdə ona qaytarılmasını istəyir.

3. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 324, 389, 390, 425-ci maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, o 3 ədəd qapı-pəncərə alması bağlı müqaviləyə imza çəkmiş və təhvil almışdır. Aprel ayından hərbi xidmətdə olmuşdur. Bu ilin mart ayından ona pretenziya məktubu gəlmişdir. O, iddia edilən malı götürməmiş, təxminən 3000 manatlıq malın götürülməsi barədə müqaviləyə imza etmişdir. Həmin mal da qapı-pəncərə olmuşdur. O, həmin vaxt Karvan MMC-də 800 manat deyil, 345 manat əmək haqqı almışdır.

5. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, 2023-cü ildə Karvanda işləyəndə müdiri Sarvan Bünyatov olmuşdur. Sarvan onlara dedi ki, Cahanda bəzi mallar var onlara imza çəkilməlidir ki, həmin mallar gətirilsin. Müqavilədəki imzalar ona məxsusdur. O Cahana getmiş və bildirmişdir ki, bu qədər petləni o necə götürə bilər. O, 345 manat maaş almışdır. O, 17 minlik mal götürməmişdir. Birinci dəfə deyildir ki, o şirkətdən gedib mal götürmüşdür. Həmişə gedib malları alıb təhvil vermişdir. O məbləğdə mal alınmasını müqavilədə görməmişdir. Malların təhvil alınması barədəki qəbzdəki imza da ona məxsusdur.

6. 19.11.2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahatında bildirdi ki, müqavilənin tarixinin 11 mart 2023-cü il kimi yazılması texnki səhvlikdir. Müqavilənin tarixi 31 martdır. Mülki hüquq nəzəriyyəsi baxımından müqavilə tam mətniylə müqavilə hesab olunur. Müqavilənin bəndlərində ziddiyyətlər olduğunu və sübutların bir-birinə uyğun olmadığını bildirirlər. Təqdim edilmiş arayışlara münasibətdə bildirir ki, bu işin mübahisəsiz halıdır, onlar həmin hissəni mübahisələndirmirlər. Müəssisə tərəfindən arayış verilir ki həmin hissədə ödənişlər edimişdir. Əgər iddia edirlərsə ödəniş etməyib, iddianın həcmini artırmaq olar. Malın təhvil verilməsindəki qəbz, A4 deyil ki boş kağız olsun imzalansın sonra yazılsın. Bu sənəd də alıcının malı aldığını təsdiq edir. İradi ifadəsi var, tərəflər arasında müqavilə münasibətləri var, imzaları var və imzalarının olduğunu mübahisələndirmirlər. 2500 manat ilkin ödəniş edilməli olduğu göstərilsə də, cavabdeh tərəfindən 2500 manat ödəniş olunmamışdır. Ödənilən məbləğlə bağlı məhkəməyə arayış təqdim edilmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

7. 19.11.2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, Sarvan bura gələ bilmir. Buna görə də məhkəmə tapşırığı verilsin və izahatı alınsın. Həmçinin ekspertiza keçirilməlidir. Bəzi məsələlərə aydınlıq gəlməlidir. İddiaçı X13 ilə Cavabdeh qarşı məlum olan tələbi ilə bağlı məhkəmə prosesi getməkdədir. Hazırda məhkəmədə baxılan iş üzrə iddiaçı və cavabdeh guya alqı-satqı müqaviləsi bağladıqlarını və həmin müqaviləyə əsasən cavabdehlə iddiaçı arasında pul öhdəliyi yarandığı iddia edilməkdədir. Cavabdeh "X13" Məhdud Məsuliyyətli Cəmiyyətdən pərakəndə olaraq müxtəlif adlarda məhsullar almışdır."Pərakəndə olaraq" dedikdə-yəni xırda, az miqdarda, istehlakçı kimi almaq başa düşülür. Başqa sözlə, malı topdan satış yəni çox miqdarda, yenidən satmaq üçün deyil, öz şəxsi və ya istehlak məqsədi ilə almaq nəzərdə tutulur. Nəticə etibarı ilə mağazadan pərakəndə olaraq müxtəlif adlarda məhsullar almaq fərqli növ malların az-az və şəxsi istifadə üçün alınması deməkdədir. Belə olan halda cavabdeh nə üçün topdan mal almaq üçün alqı-satqı müqaviləsi bağlayıb ödəniş cədvəli tərtib olunmalı idi. Qeyd etmək zəruridir ki, alqı-satqı müqaviləsinin mövcud olması, ödəniş cədvəli tərtib olunması cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin yaranması demək deyildir.

8. İddiaçı tələbində işin faktiki halı kimi cavabdehin mağazadan pərakəndə olaraq müxtəlif adlarda məhsullar almasını göstərdiyi halda, məhkəməyə təqdim edilmiş etibarlılığı şübhə altında olan müqavilədə və qəbzdə inşaat malları qismində topdan olaraq, xeyli sayda, qapı cəftəsinin bir dəfəmə topdan olaraq heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan aylıq əmək haqqısı 396 manat olan cavabdehə satması görsənməkdədir. Burada sual yaranır ki, aylıq qazancı bu qədər aşağı olan şəxs necə olar ki, ilkin olaraq 2500 manat, sonrakı üç ayda hər ay 4716.03 manat ödəniş olmaqla 3 ay içində 16648,10 manat pulu ödəmə edə bilərdimi və yaxud eyni adda bu qədər malı nə edəcəkdir? Bütün bunlar isə cavabdehin iradəsi ifadə olunmadan tərtib olunan müqavilənin, ödəniş cədvəlinin və sair sübut qismində məhkəməyə təqdim edilən sənədlərin və tələbin ziddiyətli, əsassız, qanunsuz olmasını təsdiq etməkdədir. Hazırki iş üzrə cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixdə dəyəri 16648.10 manat dəyərində inşaat malları almış, 3190.19 manat həmin borcdan pul ödəmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, hazır ki, iş üzrə cavabdeh iddiaçı MMC-dən xx.xx.2023-cü il tarixində dəyəri 16648,10 manat dəyərində inşaat malları almış, 3190,19 manat həmin borcdan pul ödəmişdir. Etibarlı olması şübhə doğuran, cavabdehin iradəsi olmadan bağlanmış müqaviləyə və ona əlavə olunmuş ödəniş cədvəlindən aydın görsənir ki, cavabdeh təşkilatla xx.xx.2023-cü il tarixində deyil, xx.xx.2023-cü il tarixində müqavilə bağlamış və həmin müqavilə ödəniş cədvəlinə əsasən ilkin ödəniş 2500 manat olmalı olduğu halda nə üçün cavabdeh 3190.19 manat ödəniş etmişdir. İddiaçının tələbinə inanmış olsalar necə olur ki, cədvəl ilə ödəniş 2500 manat olduğu halda nə üçün ödəniş cədvəlinə uyğun aparılmamışdır? Həmin etibarsız sayılmalı müqavilənin 1.2. bəndinə əsasən bu müqavilənin 9-cu maddəsi ilə müəyyən edilən "Ödəniş cədvəli"nə müvafiq olaraq ödənişlər aparılmalı idi. Bütün bu hallar tələbin, təqdim edilmiş sənədlərin mötəbərliyini sual altında saxlamaqdadır.

9. Həmçinin tələbdə göstərilir ki, cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixdə dəyəri 16648.10 manat dəyərində inşaat malları almışdır. Belə olan halda aşağıdakı sualların cavabı açıq qalmaqdadır. Hansı sübutlarla həmin malların cavabdeh tərəfindən alınması öz təsdiqini tapır? İddiaçı nə ilə sübut edir ki, mallar cavabdehə təhvil verilib? Alqı-satqı müqaviləsinin şərtləri daxilində real olaraq hansı işlər, xidmətlər göstərilib? Real olaraq verilmiş mallarla bağlı ödəniş tapşırıqları yazılaraq cavabdehə təqdim olunubmu? Hesab edir ki, tələblə təqdim olunan sübutlar arasındakı ziddiyyətlər, heç bir mötəbər sübutun olmaması bu tələbin tamamilə qanunsuz olmasının əlamətidir və cavabdehin aldadılaraq iradəsi ifadə olunmayan həmin etibarsız sayılmalı müqavilə və onun əlavələrinə imzalanması ilə nəticələnmişdir. İddiaçı tərəfindən təqdim olunan etibarsız sayılmalı olan alqı-satqı müqaviləsinə nəzər salarkən müəyyən olunur ki, etibarsız sayılmalı olan bu müqavilə tarix olaraq xx.xx.2023-cü il tarixdə satıcı adlandırılacaq Cahan AVM MMC-nin məsul şəxsi X1 hansı məsul vəzifəni təmsil etməsini müəyyən etmək qeyri-mümkündür.

10. Həmin müqavilədə X5 zamin kimi göstərilir. Lakin nədənsə həmin şəxslə zaminlik müqaviləsi bağlanmamışdır və belə müqavilə yoxdur.

11. Həmin müqavilədə göstərilir ki, alıcı satıcıya bu müqavilənin 1.2-ci bəndində müəyyən edilmiş qaydada və müddətdə alınan malın və xidmətin qiymətini tam şəkildə satıcıya ödəməyi öhdəsinə götürür. Malların alıcıya, başqa sözlə cavabdehə çatdırılması nə ilə təsdiqini tapmaqdadır? Nə üçün hansı inşaat mallarının satılması barədə müqavilədə açıqlama yoxdur. Hər bir halda müqavilənin predmeti müqavilədə açıq şəkildə təsvir edilməli olduğu halda nə üçün bu yoxdur.

12. İddiaçı tərəfindən təqdim olunan digər sübutlara (arayışlara, üzərində faktura yazılmış kağıza və iş yerindən əldə olunmuş əmək haqqı barədə arayışa) nəzər salarkən müəyyən olunur ki, faktura kimi təqdim etdikləri kağızda Cavabdeh yazılaraq imza atıldığı yerin nə üçün təhvil alan qrafasında yəni bunun üçün ayrılmış yerdə yox, yalnız vərəqin baş hissəsində adı, soyadı yazılıb imzalanmışdır. Bütün bunlar cavabdehin müqavilə imzalamağından xəbərsiz qalmasını, onun əsassız yerə borclandırılmasından məlumatsız qalmasını təmin etmək üçün edilmiş hərəkətlər olmuşdur. Bunun özü belə sübut edir ki, cavabdeh müqavilə tərəfindən aparılmış proseslərdən xəbərdar olmasın deyə ona vərəqin baş hissəsindən imza atdırılmışdır. Əgər ki, iddiaçı tərəfindən hazırlanmış həmin vərəqin imza üçün ayrılmış yerlə tanış edib qol çəkilsə idi, cavabdeh materialların ona təhvil verilməsini, borclu qaldığının yazılmasını görə bilərdi ki, nəticə etibarı ilə bu gün müqavilə öhdəliyi kimi üzərinə qoyulmuş qanunsuz müqaviləyə və ya ona əlavə edilənlərə imza atdığını bilərək imza atmamış olardı. Ümumiyyətlə,cavabdehin hazırda faktura kimi iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi vərəqdə yazılanlardan heç bir məlumatı olmamış, ad, soyad yazılaraq imza atılarkən həminki yazılar mövcud olmamış, həmin yazılar sonradan Cavabdeh adı, soyadı və imzasının altından yazılmışdır. Həmin vərəqə nəzər salanda görmək olur ki, yazılar vərəqin baş hissəsindən deyil yuxarıdan aşağı məsafə verilərək hazırlanmışdır. Bu isə həmin faktura kimi göstərilən yazıların Cavabdeh imza atmasından sonra hazırlanaraq onun imzası, adı və soyadı olan boş vərəqə çıxarılma ehtimalını istina etməməkdədir. Cavabdeh tərəfindən adı, soyadı, imzasının yazılmasından sonra göstərilən yazıların yazılıb-yazılmamasını müəyyənləşdirmək zəruridir. Həmin imza maddi, psixoloji təzyiq, aldatma və ya diqqətsizlik şəraitində atıla bilərmi? Bütün bunlara aydınlıq gətirilməsi zəruridir.

13. İddiaçı tərəfindən cavabdehin borclu olub onlara borcunu ödəməsi ilə bağlı 10 sentyabr 2025-ci il və 06 oktyabr 2025-ci il tarixlərində verdiyi arayışlarda göstərilən xx.xx.2023-cü il tarixində 1600,70 manat və xx.xx.2023-cü il tarixində isə 1589,49 manat ödəniş etməsi göstərilən tarixdə Cavabdeh həqiqi hərbi xidmətdə olmuşdur. Həmin tarixlərdə cavabdehin ödəniş aparması qeyri-mümkün haldır. Həmin hal işə əlavə olunmuş Qənbərova məxsus SX № ******* nömrəli hərbi biletdən də aydın görsənməkdədir. Əgər iddiaçı iddia edirsə ki, cavabdeh ödəniş etmişdir, o, zaman ödəniş aparmasını göstərmiş kimi görünən arayışlar deyil, cavabdehin ödəniş etməsini və ödənişin qəbul edilməsini təsdiq edən sübutları (qəbz və ya qəbzləri) məhkəməyə təqdim etməlidir. Təqdim olunan arayışlar cavabdeh tərəfindən ödənişlərin aparılmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Onsuzda iddia tələbi üzrə məhkəməyə təqdim edilmiş bütün sübutlar öncədən planlı, düşünülmüş şəkildə hazırlanmış, nəticə etibarı ilə bir-birini zahirən təsdiq edəcək şəkildə, məhkəməni yanıldacaq səviyyədə hazırlanaraq təqdim edilmişdir. Ona görə də işin mahiyyəti üzrə araşdırma zamanı işin heç bir detalı gözdən qaçılmamalı, hər bir hala qiymət verilməlidir

14. . İddiaçı tərəfindən cavabdehin Cavabdeh əldə etdiyi əmək haqqısı ilə bağlı 31 mart 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən Cahan X13nə verilmiş arayışda Cavabdeh 800 manat əmək haqqı alması göstərilir. Həmin arayışın nə vaxt, kimə verilməsi və hansı zərurətlə verilməsi "xxxx" MMC-nin vasitəsi ilə araşdırılması mütləqdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, Cavabdeh "xxxx" MMC-də 2023-cü il ərzində yalnız 2 ay işləmiş, 2023-cü ilin yanvar ayı üçün 396 manat, fevral ayı üçün isə 396 manat əmək haqqı almışdır. Buradan da aydın olur əmək haqqı ilə bağlı təqdim olunan arayış belə əsassız və qanunsuzdur.

15. Nəticə etibarı ilə məhkəməyə təqdim olunan iddia ilə bağlı nəzərə alınması zəruri olan hallar vardır. Həmin hallara münasibətdə: Birincisi hazırki, mübahisə ilə bağlı iradə ilə ifadənin uyğun gəlməməsi mövcuddur.Burada diqqət etmək lazımdır ki, cavabdeh Qənbərov imzanı başqa məqsədlə atıb, mal, borc almaq iradəsi olmamış, müqavilənin varlığından xəbərsiz olmuşdur. Ona veriləcək malların adları, dəyəri, sayı, çəkisi müqavilədə təhrif olunaraq göstərilməmişdir. Heç bir qaimə, faktura kəsilməmiş, ödəniş tapşırığı vurulmamışdır. Ümumiyyətlə müqavilə ilə bağlı tərəflər tərəfindən bir-birinə heç bir təklif (oferta) sənədi və razılıq (aksept) sənədi mövcud olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə halda mövcud olan, etibarlılığı şübhəli olan müqavilə "aldatma" və ya "əhəmiyyətli aldatma" nəticəsində imzalanmış hesab edilir. Mövcud olan müqavilə tərəflərin iradəsini ifadə etməməkdədir. Yuxarıda göstərdiyi kimi cavabdeh işlədiyi təşkilat üçün verilmiş mallar ilə bağlı təşkilat rəhbərinin tapşırığına uyğun, işlədiyi mühasib vəzifəsinə uyğun iddiaçı müəssisəyə gedərək, təşkilatları ilə bağlı aparılmış işlərlə bağlı sənədlərə imza atdığını bilmişdir. Ümumiyyətlə göstərilən müqavilə üzrə ona heç bir mal (əmlak) verilməmiş, bu günədək onun tərəfindən hər hansı borca görə iddiaçı qruma heç bir ödəniş edilməmişdir. Xüsusilə diqqət etmək lazımdır ki, müqavilə üzrə təqdim edilən bütün sübutların hər birində uyğunsuzluq və natamamlıq göz önündədir. Sadə bir halı təkrar edərək, məsələn cavabdeh Qənbərov hərbi xidmətdə olduğu zamanda onun tərəfindən xx.xx.2023-cü il tarixində və xx.xx.2023-cü il tarixində ödənişlər aparılmasını göstərən "xxxx" MMC-nin adından icraçı direktorun müavini N.A. Əlizadənin imzası ilə arayış hazırlanaraq məhkəməyə təqdim olunmuşdur. Həmin arayışa cavabdehin pul ödənişini icra etdiyini qəbz nədənsə təqdim edilməmişdir. Hesab edir ki, iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutların heç birinin mötəbərliyi yoxdur, iddianın əsaslı olması təsdiq edilməməkdədir. İkincisi hər hansı əqdin əsas şərti pulun verilməsi, işlərin, xidmətlərin faktiki olaraq göstərilməsinin sübuta yetirilməsidir. Tərəflər arasındakı müqavilə (alqı-satqı, borc və sair) yalnız tərəflərin imzası ilə deyil, pul vəsitinin verilməsi, işlərin, xidmətlərin və sairin faktiki olaraq göstərilməsi ilə qüvvəyə minir. Əgər ki, iddiaçı göstərdiyi dəyərdə mal cavabdehə mal verməyibsə, iddiaçı vəsait almayıbsa (iddiaçı kimi mal verməsini və pul almasını təsdiq edən sübut təqdim edə bilmirsə) müqavilənin real icrasından söhbət gedə bilməz. Üçüncüsü müqavilə üzrə mal verildiyini, borc olmasını sübut etmək iddiaçının öhdəliyidir. Yalnız müqavilədə imzanın olması, amma malın verilməsi, pulun alınması barədə qəbz, bank köçürməsi, şahid ifadəsi və sair hallarla bu hal öz təsdiqini tapa bilmirsə, tələb əsassızdır və qanunsuz sayılmalıdır. Hesab edir ki, işin halları araşdırılarkən müqavilə üzrə heç bir faktiki münasibətlər olmaması üzə çıxmaqdadır. İddiaçının göstərdiyi müqavilə yalnız kağız üzərindədir. Lakin tərəflər arasında faktiki olaraq heç bir real münasibətlər (alqı-satqı, borc və sair) mövcud olmamışdır. Əgər cavabdehə həqiqətən mal (işlər) verilsə idi, iddiaçı ən azından bunu təsdiq edən qəbz, ödəniş sənədi və ya şahidlər ilə bunu təsdiq etməli idi. Lakin belə bir sübutlar mövcud olmamışdır. Xüsusi ilə diqqət olunmalıdır ki, Cavabdeh alqı-satqı müqaviləsi imzalamaq (bağlamaq) niyyətində olmamış, cavbdeh müqavilənin məzmunu və nəticələri barədə məlumatlandırılmamış, xəbərsiz olmuş, cavabdehi aldadaraq və ya faktiki olaraq iradəsini təhrif etməklə imza atdırılmışdır.

16. Müqavilə imzalanarkən cavabdehə onun məzmunu və hüquqi nəticələri izah edilməmiş, sənədlər cavabdehə başqa məqsədlə təqdim edilmişdir. Beləliklə də müqavilə aldadılmaqla və iradə pozuntusu ilə bağlandığından hüquqi cəhətdən nəticə doğura bilməz. Nəticə etibarı ilə bütün bunlar göstərir ki, mövcud olan aldadılaraq imzalanmış müqavilə yalnız imza ilə məhdudlaşmış, real faktiki icrasından heç bir söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin plenimum qərarının mövqeyinə görə alqı-satqı, borc müqavilələri üzrə iddialarda malın, pulun verilməsi, işlərin göstərilməsi faktını iddiaçı sübut etməlidir. Yalnız imzanın olması müqavilə üzrə əməliyyatların yerinə yetirilməsini, borcun olmasını sübuta yetirmir. İşin halları və digər sübutlarla cavabdehin müqavilə şərtlərindən, məbləğindən, ümumiyyətlə mövcudluğundan heç bir məlumatı olmamışdır. Əgər ki, iddiaçı malın verilməsi, pulun alınması, xidmətlərin göstərilməsini real olaraq (şahidlərlə) sübut edə bilmirsə belə iddia tələbi əsassız sayılaraq rədd edilməlidir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

17. 19.11.2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, mikro proqramı öyrəndiyi üçün Sarvan onu aparmışdır ki, sən artıq proqramı bilirsən. Şirkət açmış və orada hazırlıq keçməyini təklif etmişdir. Sarvanla əlaqə saxlayanda, sizin günahınız yoxdur, günah onlarındır, yeyintiləri var, onları bağlamaq üçün belə olduğunu demişdir. Proqramı quraşdıran Sarvan idi. Nurlan və Abbas adlı şəxs Sarvana müraciət etmişdir ki, yeyintiləri var, bunu 2-3 aya bağlayacaqlar. Sarvana demişdirlər ki bunu necə bağlamaq olar. Sarvanda onları göndərmişdir. Əgər bilsə ki, belə olacaqdı atası yeni rəhmətə getmiş, anası xəstədir, qardaşı isə universitetdə tələbə olduğuna görə belə bir şeylə razılaşmazdı. Müqavilə bağlanandan 10-15 gün sonra əsgərliyə getmişdir. Əsas rolu Sarvan və Cahan AVM oynayır. Sadəcə imzada onun imzası olmuşdur və imzanın onun olduğunu təsdiq edir. Amma boş kağıza imza çəkib-çəkmədiyini xatırlamır. Baxanda görmüşdür ki, müqavilədə adı, soyadı və imzası vardır. Burada dələduzluq vardır. 35 min pulun heç olmasa 17 minini Sarvandan istəmiş, lakin Sarvan pulu almadığını demişdir. Məhkəmədə sona qədər getməyi və lazım gələrsə özünün də məhkəməyə gələ biləcəyini demişdir. Hal-hazırda isə işi ilə əlaqədar gələ bilməmişdir. Bakıda işləyir. Ədalətli qərar verilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

Sübutların tədqiqi:

18. İş materiallarında olan 11 mart 2023-cü il tarixli, 59 nömrəli müqavilədən görünür ki, “X13” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında İnşaat Mallarının nisyə satılması barədə müqavilə bağlanmışdır. Tərəflər müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2023-cü il tarixdən 4716.03 manat olmaqla, 3 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin müqaviləni imzalamışlar.

19. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TGSFR-754 nömrəli qəbzdən görünür ki, Cavabdeh 16648.10 (on altı min altı yüz qırx səkkiz yüz manat on qəpik) manat məbləğində malları tam qüsursuz şəkildə təhvil almışdır.

20. İş materiallarında olan 17 aprel 2025-ci il tarixli, 06 nömrəli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

21. İş materiallarında olan 10 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə “X13” MMC-nə borc olaraq 1589,49 manat məbləğində ödəniş etmişdir.

22. İş materiallarında olan 06 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh “X13” MMC-nə xx.xx.2023-cü il tarixində 1600.70 manat və xx.xx.2023-cü il tarixində 1589.49 manat məbləğində ödəniş etmişdir.

23. İş materialarında olan SX ******* nömrəli Hərbi biletdən görünür ki, Cavabdeh həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.2023-cü il tarixdə hərbi hissəyə göndərilmişdir.

24. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Sarvan Bünyatov onun dayıoğlusudur. O şirkətdə ona kömək edirmiş. Həmin şirkətdə rəsmi işləmirmiş. Çöldə olduğu zaman ona yaxınlaşıb deyilmişdir ki, Sarvan müəllim deyir ki, Cahana gedib-gəlmək lazımdır. İmza çəkdikdən sonra qayıdanda ona onun adına kredit verildiyi, onun tərəfindən ödəniş olunacağı deyilməmişdir. İşləməyən adamı necə zamin göstəriblər anlamamışdır. İmza çəkdiyi müqaviləyə nə üçün imza çəkdiyini bilməmişdir. O, nə üçün imza çəkdiyini soruşmamışdır. Dayısı oğlu onun evini banka qoymuş, bankdan pul götürüb reklam şirkəti açmışdır. Bugün o, Sarvana görə kirayədə yaşayır. Sarvanın dələduz olduğunu bilməmişdir. Ona etibar etmişdir ona görə də nəyə imza etdiyini bilməmişdir.

25. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, onun barəsində də eyni işlə bağlı məhkəmə qərarı çıxıb. Həmin vaxt Anar, Etibar və o Sarvan Bünyatovun ofisində birlikdə işləyirmişlər. Həmin vaxt Sarvan demişdir ki, Cahan Alış-Veriş Mərkəzi ora gedəcəksiniz bir sənəd var onu imzlayacaqsınız. Pəncərə-qapı üçün profil gələcəkdir. Həmin malların anbardan çıxması üçün imza çəkilməli olduğunu Sarvan onlara demişdi. Orada Nurlan adlı bir şəxs onlara yaxınlaşdı və Sarvanın göndərdiyi adamlar olduqlarını soruşdu. Daha sonra kağızlar vermiş və Anarla birlikdə oxumadan imzalamışdırlar. İndiyə qədər həyatında müqavilə görmədiyi üçün oxumadan imzalamışdır. İndiyə qədər bu mövzu açılmamışdır. 3-4 ay bundan əvvəl ünvanına məktub gəlmişdir. Məktubda 17 minlik məhsul aldığını, 4800 manat ödəniş etdiyin göstərmişdir. Onlarla əlaqə saxladığını və elə borcunun olmadığını bildirmişdir. Onlara sübut təqdim etməli olduqlarını bildirsə də, heç bir sübut təqdim edə bilməmişdirlər. O da Anarla bilrikdə eyni vaxtda məhkəməyə verilmişdir. Malların təhvil alınması ilə bağlı onlara boş A4 vərəqinə imza atdırmışlar.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

28. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: - 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 30.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 31.Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 32.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

33. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 34.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 35.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 36.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 37.Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 38.Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

39. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 40.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 41.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 42.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 43.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

Tətbiq edilən prosessual hüquq normaları:

Mülki Prosessual Məcəllə

44.Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

45. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

46. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

47. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

52. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

55. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

59. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir.

60. Məhkəmə ilk növbədə qeyd edir ki, prosessual qanunvericilikdə “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir. 61.Məhkəmə hesab edir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 600 və 601-ci maddələri yəni, əşyanın nisyə satılması və hissə-hissə ödənilməsi ilə bağlı müddəaları təşkil edir. 62.Məhkəmə qeyd edir ki, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 63.“N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). 64.İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 65.Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. 66.Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. 67.Məhkəmə qeyd edir ki, iddiaçının tələbinə iki hissəli yanaşma aparılmalıdır. Belə ki, ilkin olaraq iddiaçı cavabdehə 16648.10 (on altı min altı yüz qırx səkkiz yüz manat on qəpik) manat dəyərində inşaat malları verdiyini, cavabdehin isə həmin malların dəyərini ödəmədiyi iddia etmiş, cavabdeh isə qeyd edilən malları almadığını və heç bir ödəniş etmədiyini bildirmişdir. 68.Məhkəmə qeyd edir ki, ilk növbədə 16648.10 (on altı min altı yüz qırx səkkiz yüz manat on qəpik) manat dəyərində inşaat malların cavabdehə verilib-verilməməsini sübut etmə yükü iddiaçının üzərinə düşür, mallar verilmişsə həmin malların dəyərinin qaytarılmasını sübut etmə yükü cavabdehin üzərindədir. 69.Məhkəmə 16648.10 (on altı min altı yüz qırx səkkiz yüz manat on qəpik) manat dəyərində inşaat malların cavabdehə verilib-verilməməsi hissəsində qeyd edir ki, tərəflər mülki məcəllənin müqavilə azadlığı prinsipləri çərçivəsidə 31 mart 2023-cü il tarixli, 59 nömrəli İnşaat Mallarının nisyə satılması barədə müqavilə bağlamışlar və həmin müqaviləyə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, TGSFR-754 nömrəli qəbzdən görünür ki, Cavabdeh 16648.10 (on altı min altı yüz qırx səkkiz yüz manat on qəpik) manat məbləğində malları tam qüsursuz şəkildə təhvil almışdır. 70.Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəmə iclasında ziddiyyətli izahatlar verilmiş, xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında cavabdeh 3 ədəd qapı-pəncərə alması bağlı müqaviləyə imza çəkdiyini və təhvil aldığını, təxminən 3000 manatlıq malın götürülməsi barədə müqaviləyə imza etdiyini, həmin malın qapı-pəncərə olduğunu, xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında həmin şirkətdən əvvələr də mal götürüb təhvil verdiyini bildirsə də, sonradan hər hansı mal götürmədiyini, Sarvan Bünyatov xahişinə əsasən gedib müqaviləyə imza çəkdiyini bildirmişdir. 71.Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında iştirak edən Cavabdeh 31 mart 2023-cü il tarixli, 59 nömrəli müqavilədəki və xx.xx.2023-cü il tarixli, TGSFR-754 nömrəli qəbzdəki imzaların ona məxsus olduğunu təsdiq etmiş lakin, həmin malların onun tərəfindən alınmadığını bildirsə də, bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, müqavilənin bağlanması tarixindən 2 ildən çox vaxt keçməsinə baxmayaraq həmin müqaviləni mübahisələndirməmişdir. 72.Göründüyü kimi tərəflər arasında etibarlı müqavilə münasibətləri olmuş və iddiaçı qeyd edilən inşaat mallarını cavabdehə təhvil verdiyini tam sübuta yetirmişdir. 73.Cavabdehin tərəfindən 31 mart 2023-cü il tarixli, 59 nömrəli müqavilə üzrə malların dəyərinin ödənilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, cavabdeh tərəfindən satın alınmış mallar üzrə xx.xx.2023cü il tarixində 1600.70 manat və xx.xx.2023cü il tarixində 1589.49 manat məbləğində olmaqla, ümumilikdə 3190.19 (üç min yüz doxsan manat on doqquz qəpik) manat həmin borcdan pul ödənimişdir. Cavabdeh isə, müqavilənin dəyərinin tam şəkildə ödənilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. 74.Cavabadeh və onun vəkili tərəfindən satın alınmış mallar üzrə xx.xx.2023-cü il tarixində 1600.70 manat və xx.xx.2023cü il tarixində 1589.49 manat məbləğində olmaqla, ümumilikdə 3190.19 (üç min yüz doxsan manat on doqquz qəpik) manat həmin borcdan pul ödənilən zaman cavabdehin hərbi xidmətdə olması barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin ödənişlər mübahisələndirilməmişdir. Həmçinin, ödənişin cavabdehin ödənişlər olan zaman hərbi xidmətdə olması, ödənişlərin cavabdehə yaxın başqa bir şəxs tərəfindən ödənilməsini istisna etmir. Ümumiyyətlə isə məhkəmə hesab edir ki, həmin ödənişin cavabdeh tərəfindən və yaxud başqa bir şəxs tərəfindən icra olunması müqavilənin etibarsız bir müqavilə olması çərçivəsində qiymətləndirilə bilməz. 75.Cavabdehin vəklinin iddiaçının tələbində işin faktiki halı kimi cavabdehin mağazadan pərakəndə olaraq müxtəlif adlarda məhsullar almasını göstərdiyi halda, məhkəməyə təqdim edilmiş etibarlılığı şübhə altında olan müqavilədə və qəbzdə inşaat malları qismində topdan olaraq, xeyli sayda, qapı cəftəsinin bir dəfəmə topdan olaraq heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan aylıq əmək haqqısı 396 manat olan cavabdehə satmasına dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən hal iddia ərizəsinin ifadə tərzi ilə bağlıdır və iddiaçı hüquqi şəxsin malları topdan və yaxud pərakəndə satması ilə bağlı hər hansı məhdudlaşdırıcı hal olmamış, bu barədə cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə yuxarıda da qeyd etmişdir ki, “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipinə əsasən tərəflər arasında olan münasibətlərdə iddianın hüquqi əsasını Mülki Məcəllənin 600 və 601-ci maddələri yəni, əşyanın nisyə satılması və hissə-hissə ödənilməsi ilə bağlı müddəaları təşkil etmişdir.

76. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. 77.Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. 78.Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. 79.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). 80.Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). 81.Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). 82.Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. 83.İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. 84.Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). 85.Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 86.Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 87.Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). 88.Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. 89.Beləliklə məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, cavabdeh isə iddia tələbinin əsassızlığına dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. 90.Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh və onun vəkili məhkəmə iclaslarında bildirmişdir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 göstərişi ilə gedib müqaviləyə imza atdığını bildirmişlər. Məhkəmə qeyd edir ki, əgər cavabdeh həmin malları Sarvan Bünyətova və yaxud onun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə vermişdisə və malların dəyəri gərçəkdə onlar tərəfindən ödənilməli idisə, qeyd edilən hallara dair sübutlar mövcud olacağı halda, onda Cavabdeh qeyd edilən məbləği reqress qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və yaxud onun direktoru X2 tələb etmək hüququna malikdir.

91. Məhkəmə iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat qonararın cavabdehdən tutulmasına münasibətdə tələbinə dair aşağıdakıları qeyd edir.

92. İş materiallarında olan EM-06/62VK-42490/25 nömrəli, xx.xx.2025-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, “X13” MMC-nə Naxçıvan şəhər Məhkəməsində pul tələbinə dair hüquqi yardım göstərilməsi üçün onunla Vəkil1 arasında müqavilə bağlanmış və hüquqi yardıma görə haqq qarşılıqlı razılıq əsasında 300 manat müəyyən olunmuşdur. Lakin, həmin məbləğin ödənilməsi barədə ödəniş qəbzi iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə iclaslarında təqdim olunmamışdır.

93. Mülki prosessual Məcəllənin Maddə 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

94. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat qonararın cavabdehdən tutulmasına dair ödəniş qəbzi təqdim olunmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir.

95. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

96. Məhkəmə hesab edir ki, ərizə əsas tələbə münasibətdə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə “X13” MMCtərəfindən Azərbaycan Respublikası Mərkəzi X10 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 131 (yüz otuz bir manat) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.

97. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh 11 mart 2023-cü il tarixli, 59 nömrəli Malın satın alması müqaviləsi üzrə 13457.91 (on üç min dörd yüz əlli yeddi manat, doxsan bir qəpik) manat borc iddiaçı “X13” MMC-nin xeyrinə tutulsun. “X13” MMCtərəfindən Azərbaycan Respublikası Mərkəzi X10 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 131 (yüz otuz bir manat) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat qonararın cavabdehdən tutulmasına münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar