Məhkəmə qərarları › İş №e-2(078)-1217/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1217/2022

25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1217/2022 25.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin Səbail rayon filialı ilə Cavabdeh1 arasında bağlanmış 05 mart 2015-ci il tarixli, 05-03/102/İK müqaviləsinə əsasən 36876,09 (otuz altı min səkkiz yüz yetmiş altı manat doqquz qəpik) manat əsas, 1311,05 (min üç yüz on bir manat beş qəpik) manat faiz, 40,03 (qırx manat üç qəpik) manat cərimə, ümumilikdə 38 227,17 (otuz səkkiz min iki yüz iyirmi yeddi manat on yeddi qəpik) manat borc, məhkəməyə müraciət üçün ödənilmiş 205.08 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 47 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi Bank xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında 11 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 63.37 kv.m, yaşayış sahəsi 39.02 kv.m olan mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdehlərin yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi zamanı yoxlanılmalı məsələlərdən biri də iddia ərizəsinə əlavə edilməli sənədlərin mövcud olub-olmamasıdır. Belə ki, həmin Məcəllənin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli sənədlər qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən bu sənədlərdən biri də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinə əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1” vasitəsilə 26 oktyabr 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 204.68 (iki yüz dörd manat, altmış səkkiz qəpik) manat dövlət rüsumu Naxçıvan Şəhər Məhkəməsinin “14” noyabr 2022-ci il tarixli, e-2(078)-1166/2022 nömrəli iddia ərizəsinin geri qaytarılması haqqında qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmışdır. Hazırki iddia ərizəsinə İddiaçı Açıq Səhmdar Cəmiyyəti yenə də 26 oktyabr 2022-ci il tarixli, ********* nömrəli qəbzin surətini əlavə etdiyindən və həmin sənədlə ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alındığından məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu ödəməmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin onu da qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar