Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1313/2023 11.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 15500 (on beş min beş yüz) manat məbləğində kredit bоrcu, 1685.59 (min altı yüz səksən beş manat əlli doqquz qəpik) manat məbləğində faiz bоrcu və 539.4 (beş yüz otuz doqquz manat qırx qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 17724.99 (on yeddi min yeddi yüz iyirmi dörd manat doxsan doqquz qəpik) manat məbləğində bоrcun və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 143.18 (yüz qırx üç manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir: "Elektron Məhkəmə" informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuş iddia ərizəsini qanunvericiliyin şərtləri daxilində yoxlayan zaman aydın olur ki, iddia ərizəsi prosessual qaydalara əməl edilməklə tərtib edilməyib. Belə ki, "Elektron Məhkəmə" informasiya sistemində iddia ərizəsini imzalayan şəxs haqqında məlumat bölməsində iddia ərizəsinin kim tərəfindən imzalanması qeyd edilməmiş, sadəcə iddiaçı hüquqi şəxsin adı qeyd edilməklə kifayətlənmişdir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.4 və 1.1.6-cı maddələri ilə müəyyən edilir ki, elektron imza digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir. Elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Həmçinin həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Yuxarıda qeyd edilən hüquq normalarının tələbinə əsaslanmaqla məhkəmə qeyd edir ki, hüquqi şəxs fiziki baxımdan imza ilə hər hansı prosessual sənədi imzalamaq iqtidarına malik deyildir. Bunu o, özünü təmsil etmək səlahiyyətinə malik olan şəxslər vasitəsi ilə həyata keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsi ilə müəyyən edilir ki, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Qeyd edilənləri nəzərə alan məhkəmə belə hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.2ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsilə 05 sentyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 143.18 (yüz qırx üç manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsilə 05 sentyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 143.18 (yüz qırx üç manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1313/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1313/2023
11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver