Məhkəmə qərarları › İş №e-2(078)-1330/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1330/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1330/2023 07.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc məbləğinin qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcun məbləği olan 22800 (iyirmi iki min səkkiz yüz) manat miqdarında vəsaitin tutularaq onun xeyrinə ödənilməsi və cavabdehdən ödədiyi 158 (yüz əlli səkkiz) manat dövlət rüsumunun, 92 (doxsan iki) manat kredit müqaviləsi haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, onunla Cavabdeh arasında 18 iyun 2021-ci il tarixdə Kredit Müqaviləsi bağlanılmışdır. O həmin kredit müqaviləsinə əsasən cavabdehə 15 800 (on beş min səkkiz yüz) manat məbləğində pulu borc vermişdir. 18 iyun 2021-ci il tarixli Kredit Müqaviləsindən əlavə etibarı olduğu üçün əlbəəl isə 7000 (yeddi min) manat məbləğində borc pul vermişdir. Ümumilikdə Cavabdeh ona 22800 (iyirmi iki min səkkiz yüz) manat məbləğində borcu vardır. Cavabdeh bu günə kimi nə Kredit Müqaviləsində olan borcu nə də ki, əlbəəl aldığı borc məbləğini ona qaytarmışdır. Həmin kredit borcunu cavabdeh xx.xx.2021-ci il tarixədək ona geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh bu günə kimi ona olan etibarından sui-istifadə etmişdir. Əvvəllər pulu qaytaracağını bildirsə də, son zamanlar bundan boyun qaçıraraq, onunla telefon vasitəsi ilə də danışmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4, 150.0.7 və 152.1.6-ci maddələri əsas tutaraq cavabdehin qeydiyyatda olduğu və yaşadığı ünvana pretenziya qaydasında müraciət etmişdir. Onun pretenziya məktubunu xx.xx.2023-cü il tarixdə cavabdehin etibarnamə üzrə nümayəndəsi İsmayılova imza edərək, qəbul etmişdir. O teleqram vərəqəsini iddia ərizəsinə əlavə etmişdir. Beləliklə bu günə kimi cavabdehdən pulunu ala bilmədiyi üçün iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh ilə onun arasında Kredit müqaviləsi bağlanan zaman ondan 92 manat əlavə pul da tələb olunub, həmin 92 (doxsan iki) manat Kredit Müqaviləsində də qeyd edilmişdir. Məhkəməyə iddia ərizəsi verilməsi üçün 22 800 (iyirmi iki min səkkiz yüz) manat pulun rüsumu 159 (yüz əlli doqquz) manat olduğu üçün dövlət rüsumu ödəmişdir. Ona görə də həmin pullar da cavabdehdən alınaraq onun xeyrinə ödənilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə 16 oktyabr 2023-cü il tarixdə, 27 oktyabr 2023-cü il tarixdə, 15 noyabr 2023-cü il tarixdə və 06 dekabr 2023-cü il tarixdə məhkəməyə eyni məzmunlu ərizələr göndərərək ərizədə İddiaçı Cavabdeh qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair 2(078)-1330/2023 saylı mülki iş üzrə məhkəmə iclasının təyin edildiyini, üzürlü səbəblərdən təyin edilmiş məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ona görə də məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, cavabdeh - Cavabdeh borcun məbləği olan 22 800 (iyirmi iki min səkkiz yüz) manat miqdarında vəsaitin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının yuxarıda qeyd olunan ərizələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh izahatında 2019-cu ilin may ayında restoran götürdüyünü, vəsait çatışmazlığı olduğu üçün iddiaçıdan faizlə borc pul götürdüyünü, 9000 (doqquz min) dollar, yəni 13500 (on üç min beş yüz) manat pulu, 10% dərəcəsi ilə götürdüyünü, may ayının əvvəli 1500 (min beş yüz) manat verdiyini, sonra ardıcıl olaraq digər ay yenə 1500 (min beş yüz) və ondan sonrakı ay isə 1000 (min) manat verə bildiyini, ümumilikdə 4000 (dörd min) manat pul vermiş olduğunu, 2019-cu ilin iyun ayında isə Yelo bankdan kredit götürüb, elə bankın önündə iddiaçıya 8500 (səkkiz min beş yüz) manat götürdüyü pulu verdiyini, bununla da ümumilikdə 12500 (on iki min beş yüz) manat pul vermiş olduğunu, pulu iddiaçıya verəndə yalnız iddiaçı və özünün olduğunu, ikisindən başqa heç kəsin yanlarında olmadığını, sonra pandemiya olduğunu, işləri dayandığı üçün ödəniş edə bilmədiyini, iddiaçı tərəfin 2021-ci ildə gedib iş yerində oğlunu təhdid etdiyini, telefonunu aldığını, nömrələri götürüb bütün qohumlarına zəng etdiyini, daha sonra onu bir neçə dəfə polisə şikayət etdiyini, onu idarəyə çağırdıqlarını, onun da getdiyini, onu “digər oğlunun da oxuduğu məktəbi bilirik” deyərək təhdid etdiyini, “müqavilə bağlayaq” dediyini, özünün də faiz borcu qaldığına görə müqavilə bağlamağa məcbur olduğunu, sonra aralarında 15800 (on beş min) səkkiz yüz manat məbləğində borc verilməsinə dair müqavilə bağlandığını, müqaviləyə iddiaçı və özünün imza etdiyini, əslində isə iddiaçının ona həmin vaxt 15800 (on beş min səkkiz yüz) manat məbləğində borc vermədiyini, 15800 manat məblğində pulu müqavilə bağlayarkən iddiaçının notaiusun depozit hesabına qoyduğunu, sonra isə özünün həmin pulu çəkib təkrar iddiaçının özünə verdiyini, əvvəl aldığı borca görə yaranmış faiz borcu üçün belə bir müqavilə bağladıqlarını, həmin vaxt işlərinin yaxşı olmadığını, ona görə də iddiaçıya həmin vaxt hələ pul verə bilməyəcəyini dediyini, təhdidlə müqavilə bağlaması barədə heç bir yerə şikayət etmədiyini, iddiaçı tərəfindən təhdid olunması ilə bağlı hər hansı sübutunun olmadığını, müqaviləni təhdid altında bağlaması ilə bağlı hər hansı sübutunun olmadığını, bütün bunları iddiaçının bildiyini, iddiaçıdan ümumiyyətlə əlavə olaraq 7000 (yeddi min) manat borc almadığını, iddiaçının bu barədə dediyinin yalan olduğunu, iddiaçının iddia etdiyi kimi ona olan borcunu qaytarmadığı halda ona əlavə olaraq 7000 manat məbləğində borc verməsinin məntiqə uyğun olmadığını, şəxsi əşyalarının, diplomlarının, şirkətlərin sənədlərinin hal-hazırda iddiaçı tərəfdə olduğunu, onun özünün sahibkar olmadığını, bundan əlavə olaraq, iddiaçının problemləri olduğu üçün bir dəfə 500 (beş yüz), bir dəfə də 1000 (min manat) manat olmaqla ona pul verdiyini, lakin bunu da təsdiq edən heç bir sübutu olmadığını, ümumiyyətlə qeyd etdiklərini təsdiq edəcək heç bir sübutu olmadığını, iddiaçının pretenziya məktubuna cavab göndərərək ona qeyd etdiyi məbləğdə borcu olmadığını bildirdiyini, həmçinin həmin cavab məktubunda iddiaçıya qalan borcunu ayda 300 manat olmaqla ödəməyə razılaşmağı təklif etdiyini, ancaq bunun həmin kredit müqaviləsində göstərilən borca aid olduğunu, əlavə göstərilən 7000 (yeddi min) manat məbləğində borcun isə heç vaxt iddiaçı tərəfindən ona verilmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında 18 iyun 2021-ci il tarixli kredit müqaviləsi bağlanması və cavabdehə 15 800 (on beş min səkkiz yüz) manat məbləğində borc pulun verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 18 iyun 2021-ci il tarixli kredit müqaviləsi ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə olan pulun və əlavə olaraq verildiyi göstərilən 7000 manat məbləğində pulun Cavabdeh qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin ilk mübahisəli halı olan 15800 manat məbləğində kredit borcunun qaytarılması ilə bağlı məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının iddia tələbinin həmin hissəsini əsaslandıran hallar iş materialları ilə öz təsdiqini tapdığından, onun tələbi həmin hissədə əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddia tələbinin 15800 manat məbləğində kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi ilə bağlı hissənin əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlar və cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatıdır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, cavabdeh Babayev X2 şəhəri, ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 20 sentyabr 2023-cü il tarixli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri iddiaçıya və məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin mübahisəli halının yuxarıda qeyd olunan hissəsinin hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əsasən İddiaçı ilə Cavabdeh arasında 18 iyun 2021-ci il tarixli kredit müqaviləsi imzalanmış və cavabdehə 15 800 (on beş min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən borc verən borc alana 15 800 (on beş min səkkiz yüz) manat məbləğində pul borc verir. Hesablaşma notariusun bankda açılan depozit hesabı vasitəsilə həyata keçirilir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti 01.11. 2021-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsindən, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun müqavilədə göstərilən müddətdə həmin pulu iddiaçıya qaytarması onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapır. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında 15800 manat məbləğində pulu müqavilə bağlayarkən iddiaçının notariusun depozit hesabına qoyduğunu, sonra isə özünün həmin pulu çəkib təkrar iddiaçının özünə verdiyini qeyd etməsi və həmin pulun həqiqətən də çəkilib iddiaçıya qaytarılması barədə heç bir sübutun məhkəməyə təqdim edilməməsi qeyd olunan pulun həqiqətən də cavabdehə verildiyini təsdiq edir. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında işdirak edən cavabdeh izahatında iddiaçı ilə bağlanmış müqavilənin əvvəlki borcuna görə olan faiz borcu üçün bağlandığını, müqaviləni təhdid altında məcbur qalaraq bağladığını, əvvəl borc götürdüyü məbləği iddiaçıya qaytardığını qeyd etsə də bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, ona verilən suallara cavab olaraq qeyd etdiklərini təsdiqləyən heç bir sübutu olmadığını bildirmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı da cavabdehin bu barədə qeyd etdiklərinin əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Məhkəmə cavabdehin iddiaçı qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini kredit müqaviləsi üzrə yaranmış 15 800 (on beş min səkkiz yüz) manatın qaytarılmasını tələb etməsi hissəsində əsaslı hesab edir. İddiaçının cavabdehdən 7000 (yeddi min) manatın qaytarılması tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində 18 iyun 2021-ci il tarixli kredit müqaviləsindən əlavə etibarı olduğu üçün 7000 (yeddi min) manat məbləğində borc pul verdiyini qeyd etsə də həmin pulun cavabdehə verilməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı isə tələbinin 7000 (yeddi min) manatın cavabdehə verilməsi hissəsində əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 158 (yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumunun və 92 manat kredit müqaviləsi haqqının da cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsinin bağlanması zamanı ödənilən 92 manat dövlət rüsumu işə baxılması ilə əlaqədar olan məsrəflərə aid olmadığından iddiaçının tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 158 (yüz əlli səkkiz) manat dövlət rüsumunun 109.49 (yüz doqquz manat qırx doqquz qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin edilməli; - 18 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə 15 800 (on beş min səkkiz yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -iddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 158 (yüz əlli səkkiz) manat dövlət rüsumunun 109.49 (yüz doqquz manat qırx doqquz qəpik) manat hissəsi Cavabdeh alınaraq iş üzrə İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 18 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə 15 800 (on beş min səkkiz yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 158 (yüz əlli səkkiz) manat dövlət rüsumunun 109.49 (yüz doqquz manat qırx doqquz qəpik) manat hissəsi Cavabdeh alınaraq iş üzrə İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar