Məhkəmə qərarları › İş №e-2(078)-1334/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1334/2024

18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1334/2024 18.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçı «X4» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə müştərək qaydada 1015.07 (bir min on beş manat yeddi qəpik) manat əsas, 0 (sıfır) manat faiz, 0 (sıfır) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla, cəmi 1015.07 (bir min on beş manat yeddi qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.16 (otuz manat on altı qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əsas və əlavə kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 23% ödəmək şərtilə 1883 (bir min səkkiz yüz səksən üç) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Həmin tarixli zaminlik müqaviləsinə əsasən X5 və Cavabdeh3 əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 29 avqust 2024, cümə axşamı tarixinə "xxxx" KB ASC-yə 1015.07 (bir min on beş manat yeddi qəpik) manat əsas, 0 (sıfır) manat faiz, 0 (sıfır) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla, cəmi 1015.07 (bir min on beş manat yeddi qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə qeyd edir ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddianı qismən əsaslı sayıb qismən təmin edərkən iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlara istinad edir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə cavabdehlər Kəngərli X1 şəhəri, Məşədi Əzizbəyov küçəsi, ev 5 ünvanında, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, ev 22C ünvanında, Cavabdeh3 Masallı rayonu, Qəriblər Ə/D, Qəriblər kəndində rəsmi qeydiyyatdadırlar. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 17 sentyabr 2024-cü il tarixli, e-2(078)- 1334/2024 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlərə göndərilmiş bildirişdə cavabdehlərə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında müqavilədən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki iş materiallarından aydın olur ki, tərəflər arasında borc (kredit) müqaviləsindən irəli gələn öhdəliklər mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh2 ilə "xxxx" KB ASC arasında xx.xx.2021-ci il tarixli, 604micNAR/21-EM saylı kredit müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 23% ödəmək şərtilə 1883 (bir min səkkiz yüz səksən üç) manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit müqaviləsinin 2.7 və 2.7.1-ci bəndlərinə əsasən, borcverən borc alanın bu müqavilə çərçivəsində verilmiş əlavə kredit müqavilələri üzrə öhədliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda bu müqaviləyə bir tərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizi ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. İş materiallarına əlavə edilmiş 29 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə 1015.07 (bir min on beş manat yeddi qəpik) manat əsas, 0 (sıfır) manat faiz, 0 (sıfır) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla, cəmi 1015.07 (bir min on beş manat yeddi qəpik) manat borcu mövcuddur. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən isə Cavabdeh2 həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini xx.xx.2021-ci ildən başlayaraq xx.xx.2023-cü ilədək hər ay 99.00 (doxsan doqquz manat sıfır qəpik) manat, xx.xx.2023-cü il tarixdə isə 92.30 (doxsan iki manat otuz qəpik) manat ödəməli olduğu, ödənişin son tarixinin xx.xx.2023-cü il olduğu aydın olur və qeyd olunan ödəniş cədvəli cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş bildirişdən məlum olur ki, "xxxx" KB ASC tərəfindən borclu Cavabdeh2 borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 743), həm də müqavilə şərtlərindən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə müqavilə ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və sair haqları, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, mülki-prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş hesabdan çıxarış ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 604micNAR/21-EM saylı kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də, o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini əsas borca dair hissədə əsaslı qəbul edir. Məhkəmə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə "xxxx" KB ASC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin borclunun kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin (dəbbə pulu), borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki Cavabdeh1 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli, 604micNAR/21-EM saylı kredit müqaviləsi üzrə müqavilədən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunmuşdur. Hazırki vəziyyətdə işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tələb üzə zaminliyə xitam verilməsinə səbəb olan hal aşkarlanmışdır. Belə ki, zaminlik müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli əlavədən görünür ki, qeyd olunan kredit müqaviləsi üzrə kreditin müddəti 10 iyun 2023-cü il tarixədəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi hazırki tələb üzrə əsas öhdəliyin icrası vaxtı 10 iyun 2023-cü il tarixdə bitdiyindən və həmin müddətdən sonra 1 il ərzində zaminə qarşı tələb irəli sürülmədiyindən zaminliyə xitam verilmişdir. Ona görə də hazırda zaminə qarşı tələb irəli sürülə bilməz. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, hazırki iddia tələbi üzrə zaminlər Cavabdeh1 və Cavabdeh3 qarşı irəli sürülmüş tələb əsassız olduğundan iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericiliyin tələbləri daxilində ərizəni və ona əlavə əlavə olunmuş sənədləri araşdıran məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi əsas borca dair hissədə təmin edilməli və zaminlər Cavabdeh1 və Cavabdeh3 qarşı irəli sürülmüş tələbi isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30.16 (otuz manat on altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. - iddia qismən təmin olunmalı; - 1015.07 (bir min on beş manat yeddi qəpik) manat məbləğində pul Cavabdeh2 tutularaq «X4» Açıq Səhmdar Cəmiyyətinə verilməli; - iddia cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə rədd edilməli; - 30.16 (otuz manat on altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq iş üzrə iddiaçı «X4» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 1015.07 (bir min on beş manat yeddi qəpik) manat məbləğində pul Cavabdeh2 tutularaq «X4» Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə rədd edilsin. 30.16 (otuz manat on altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq iş üzrə iddiaçı «X4» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar