Məhkəmə qərarları › İş №e-2(078)-1473/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1473/2025

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1473/2025 02.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19563.53 manat məbləğində əsas bоrc və 13.15 manat faiz borcu оlmaqla, cəmi 19576.68 (On doqquz min beş yüz yetmiş altı manat, altmış səkkiz qəpik) manat borcun və 148.73 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla borcalan X11 arasında bağlanmış 27 oktyabr 2022-ci il tariхli, 100804-992371/6 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 16% dərəcəsi ilə 20000.00 (iyirmi min (.00)) manat məbləğində krеdit vеrilmişdir.

3. X11 27 noyabr 2022-ci il tarixdə vəfat etmişdir.

4. X3 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X6 dair Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X6 vərəsələri kimi Cavabdeh tanınmış və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən Cavabdeh pay almışdır.

5. Bundan sonra X3 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir.

6. 07 oktyabr 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 19563.53 manat məbləğində əsas bоrc və 13.15 manat faiz borcu оlmaqla, cəmi 19576.68 (On doqquz min beş yüz yetmiş altı (.68)) manat məbləğində kredit bоrcu yaranmışdır.

7. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür.

8. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır.

9. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 1151.1, 1306.1, 1309-cu maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə tərəfindən X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

11. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasına gəlməmiş, İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə isə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməsi barədə məlumat verməmişdir.

12. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Sübutların tədqiqi:

13. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli, 100804-992371/6 nömrəli istehlak kredit müqaviləsindən görünür ki, həmin tarixdə iddiaçı təşkilat İddiaçı ASC ilə X11 arasında kredit müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən İddiaçı ASC tərəfindən cavabdehə 36 ay müddətinə illik 16% ödəmək şərti ilə 20000.00 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən borclunun hər ay əsas məbləğ və faizlər də daxil olmaqla bərabər hissələrlə 703.14 AZN ödəniş etməsi razılaşdırılmışdır.

14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli 100804-992371/6 saylı kredit müqaviləsi X3 həmin tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 19563.53 manat əsas, 13.15 manat faiz borcu olmaqla, cəmi 19576.68 (on doqquz min beş yüz yetmiş altı manat, altmış səkkiz qəpik) manat borcu yaranmışdır.

15. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 1206 nömrəli akt qeydi edilmişdir.

16. 24 sentyabr 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

17. İş materiallarına əlavə olunmuş, Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar İdarəsinin 20 iyul 2023-cü il tarixli, 896 saylı Arayışına əsasən X4 vərəsələri Cavabdeh, X12, X8, X13, X9 qeyd olunmuşdur.

18. İş materiallarına əlavə olunmuş, xx.xx.2023-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır.

19. İş materiallarına əlavə olunmuş, xx.xx.2023-cü il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən Mülkiyyət Hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 arvadı ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır.

20. İş materiallarına əlavə olunmuş, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Naxçıvan şəhəri, Həsən Əliyev küçəsində istifadədə olan torpaq sahəsində yerləşən, 2 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən mənzil tam mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmışdır.

21. İş materiallarına əlavə olunmuş,xx.xx.2022-ci il tarixli Ərizəyə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X2 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin ½ hissədə mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

22. İş materiallarına əlavə olunmuş, xx.xx.2022-ci il tarixli Notariat ofisinə ünvanlanmış Ərizəyə əsasən, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X2 miras qalmış yaşayış (ev, mənzil, otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından mirasın ona çatası hissəsindən anası Cavabdeh xeyrinə imtina etmişdir.

23. İş materiallarına əlavə olunmuş, xx.xx.2022-ci il tarixli Notariat ofisinə ünvanlanmış Ərizəyə əsasən, X14 xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X2 miras qalmış yaşayış (ev, mənzil, otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından mirasın ona çatası hissəsindən anası Cavabdeh xeyrinə imtina etmişdir.

24. İş materiallarına əlavə olunmuş, xx.xx.2022-ci il tarixli Notariat ofisinə ünvanlanmış Ərizəyə əsasən, X15 xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X2 miras qalmış yaşayış (ev, mənzil, otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından mirasın ona çatası hissəsindən anası Cavabdeh xeyrinə imtina etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxsi (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli ,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir(425.1); Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər( 425.2).

31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

32. Maddə 443.1 Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

35. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

36. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.

37. Maddə 743. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər(743.1); Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2); Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir(743.3).

38. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

39. Maddə1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

40. Maddə 1151.1.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

41. Maddə1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsə ola bilirlər.

42. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

43. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

44. Mülki Məcəllənin xx.xx.2025-ci il tarixinədək qüvvədə olmuş 1307-ci maddəsində mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarı:

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında Plenum qərar almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

Mülki Prosessual Məcəllə

46. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

47. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.4. Hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 217.3. Qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır.

Məhkəmənin mövqeyi:

53. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

54. Məhkəmə ilk növbədə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

55. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum X11 ilə İddiaçı ASC arasında müqavilə azadlığı prinsipinin şərtlərinə uyğun olaraq 100804-992371/6 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirərək mərhuma 36 ay müddətinə 20000.00 (iyirmi min) AZN məbləğində kredit vermişdir. Lakin, X11 vəfat etdiyindən onun bank qarşısında öhdəliyi lazımınca yerinə yetirilməmişdir.

56. Konstitusiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli Qərarında qeyd etmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

57. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh borclu X3 qanun üzrə vərəsəsi olmuş, mərhumdan qalmış miras əmlakdan pay almaqla, mərhum X3 mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdiyi miras əmlakdakı payına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşımaqdadır.

58. Məhkəmə hesab edir ki, Cavabdeh (X3 qanun üzrə vərəsəsi) mərhumdan qalmış miras əmlakdan pay aldığından, mərhum X11 İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan, Cavabdeh həmin kredit borcunun ödənilməsinə məsuliyyət daşımaqdadır.

59. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin xx.xx.2025-ci il tarixinədək qüvvədə olmuş 1307-ci maddəsi mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə yükünü müəyyən etmişdir.

60. Məhkəmə qeyd edir ki, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.

61. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı).

62. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

63. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.

64. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

65. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mərhumun borclarının ondan qalan miras əmlakdan daha çox olduğunu təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tam borcun ödənilməsinə məsuliyyət daşıyır.

66. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2022-ci il tarixli 100804-992371/6 saylı kredit müqaviləsinə əsasən 19563.53 manat əsas, 13.15 manat faiz borcu olmaqla, cəmi 19576.68 (on doqquz min beş yüz yetmiş altı manat, altmış səkkiz qəpik) manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

67. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

68. İddia ərizəsi təmin edilməli olduğundan, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X26 Portalına xx.xx.2025-ci il tarixdə **********15 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 148.73 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nə qaytarılmalıdır.

69. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, Mülki Məcəllənin 1306.1-ci, MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qətetdim: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 100804-992371/6 saylı kredit müqaviləsinə əsasən 19563.53 manat əsas, 13.15 manat faiz borcu olmaqla, cəmi 19576.68 (on doqquz min beş yüz yetmiş altı manat, altmış səkkiz qəpik) manat məbləğində borc İddiaçı ASCnin xeyrinə tutulsun. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X26 Portalına xx.xx.2025-ci il tarixdə **********15 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 148.73 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan Elektron Kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar