Məhkəmə qərarları › İş №e-2(078)-1515/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1515/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1515/2025 24.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. “X3” Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 14556.14 AZN əsas, 1446.55 AZN faiz, 3.75 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 16006.44 AZN borcun və ödənilmiş 138.02 AZN rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. "xxxx" KB ASC tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2024-cü il tarixli ərizə-anketi imzalamaqla fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərtlər ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Standart şərtlərin 1.1-ci bəndinə uyğun olaraq sms vasitəsi ilə cavabdehə, illik 19.9% olmaqla, 14900 manat məbləğində kredit xətti açılmışdır.

3. X8 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 14 dekabr 2010-cu il tarixdə verilmiş 73 saylı lisenziya, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Kommersiya Bankı ASC (bundan sonra – Bank) tərəfindən fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan kredit məhsullarından istifadə etmək niyyətini bildirdikləri və ya istifadə etdikləri halda onların Bankla münasibətlərini tənzimləyir. X8 Bankın “Ucard” məhsulu çərçivəsində fiziki şəxslərə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və Standart Şərtlərdə göstərilən müddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir.

4. Standart şərtlərə əsasən müştəri, kredit və ondan istifadəyə görə hesablanmış faizləri və digər ödənişləri X8, standart məlumatlandırma forması və kredit xətti müqaviləsində müəyyən olunmuş müddətlərdə Banka qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir.

5. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 15 oktyabr 2025, çərşənbə tarixinə "xxxx" KB ASC-yə 14556,14 AZN əsas, 1446,55 AZN faiz, 3,75 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 16006,44 AZN borcu yaranmışdır.

6. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

7. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1 və 445.2.1-ci maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə baxış iclasında Cavabdeh nümayəndəsi X2 bildirdi ki qeyd edilən məbləğdə borc mövcuddur. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

10. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Sübutların tədqiqi:

11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizə-anketi imzalamaqla (aksept) etdiyi müqavilədən görünür ki, həmin tarixdə iddiaçı təşkilat "xxxx" KB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən "xxxx" KB ASC tərəfindən cavabdehə illik 19.9 % olmaqla 14900 manat məbləğində kredit xətti açılmışdır.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 9480nkNARb/24 saylı kredit müqaviləsi üzrə Cavabdeh həmin tarixə "xxxx" KB ASC-yə 14556.14 manat əsas, 1446.55 manat faiz, 3.75 manat cərimə, 0.00 manat komisyon borcu olmaqla cəmi 16006.44 (on altı min altı manat, qırx dörd qəpik) manat borcu yaranmışdır.

13. 23 iyul 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

15. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

16. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

17. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxsi (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli ,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir(425.1); Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər( 425.2).

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

22. Maddə 443.1 Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

25. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

26. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.

27. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

28. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

29. Maddə 743. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər(743.1); Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2); Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir(743.3).

Mülki Prosessual Məcəllə

30. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

31. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.4. Hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 217.3. Qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır.

Məhkəmənin mövqeyi:

37. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, "xxxx" X5 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 04 noyabr 2024-cü ildə müqavilənin bağlanması, həmin müqavilə üzrə cavabdehə "xxxx" X5 Səhmdar Cəmiyyəti tərəfindən illik 19.9 faiz ödəmək şərt ilə 14900 (on dörd min doqquz yüz) manat məbləğində kredit xətti açması barədə müqavilə tərəflərinin razılığa gəlmələri işin mübahisəsiz hallarıdır.

38. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 04 noyabr 2024-cü il tarixli ərizə və SMS məlumatlarından aydın olur.

39. İddia tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi qismən əsaslı sayılaraq təmin olunmalıdır.

40. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır.

41. İddiaçının tələbi Cavabdeh ilə arasında bağlanmış müqaviləyə və cavabdehin 04 noyabr 2024-cü il tarixli ərizəsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir.

42. Cavabdehin imzalayaraq iddiaçıya təqdim etdiyi 04 noyabr 2024-cü il tarixli ərizəanket-ərizə nümunəsi adlı sənəddə iş üçün əhəmiyyəti olan aşağıdakılar qeyd edilir Bu ərizəni imzalamaqla mən, Cavabdeh təsdiq edirəm ki, "xxxx" X5 Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində (unibank.az) yerləşdirilmiş xx.xx.2023-cü il tarixli, 01U/23 saylı fiziki şəxslərə bank xidmətlərinin göstərillməsinə dair Standart Şərtlər və xx.xx.2023-cü il tarixli, 02U/23 saylı Fiziki şəxslərə kreditin verilməsinə dair Standart Şərtlərlə tanış olmuşam və onun bütün şərtləri ilə razıyam. Bu ərizənin, eləcə də hesabın açılması üçün müraciətimi də əhatə etdiyini nəzərə alaraq, xahiş edirəm mənə təqdim edilən kartın növündən (VİSA, Martercard) asılı olaraq VİSA kart olduğu halda AZN, USD, EUR, GBP valyutasında, MasterCard ilə olduğu halda AZN, USD, EUR valyutasında hesab açılmasını təmin edəsiniz. Mənə məlumdur ki, həmin hesablardan sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edə bilmərəm (2-ci bənd); Nağd kredit və ya kredit xətti üzrə şərtləri Standart Şərtlərdə qeyd edildiyi kimi qəbul edirəm. Mənə ayrılacaq kredit xətti limitinin Bankın mülahizəsinə görə azaldılması, artırılması və ləğv edilməsinə razılıq verirəm. Tərəfimdən kredit limitinin artırılması həmçinin nağd kredit ilə bağlı banka müraciət edəcəyim halda bu barədə bankın qəbul edəcəyi müvafiq qərarla razıyam. Bütün bu məlumatlandırmaların mənə SMS, mobil əlavə vasitəsilə və ya Standart Şərtlərdə göstərilən digər elektron üsullarla göndərilməsinə razıyam və Bank tərəfindən tələb edildiyi kimi münasibət bildirəcəyəm (3-cü bənd); Xahiş edirəm ki, mənim analoq imzamı (o cümlədən elektron imza) hazırda mövcud olan və ya gələcəkdə bankda açılacaq hesablar üzrə əməliyyatlar apararkən tərəfimdən həqiqi / fiziki imza kimi hesab edəsiniz. Bankla aramızdakı bütün münasibətlər, yazışmalar sənədlərin imzalanması əlyazma / fiziki imza ilə yanaşı, mənə məxsus ********* mobil nömrəsinin bağlı olduğu mobil əlavə, SMS və ya bankin texniki imkanları nəzərə alınmaqla digər sənəd mübadiləsi yolu ilə elektron üsulla, həmçinin video zənglə imzalana bilər. Mən qəbul edirəm ki, elektron imza, birdəfəlik açarın (OTP), PİN-kodun (personal identification number), mobil əlavəyə daxil olmaq üçün istifadə olunan açar sözünün, barmaq izlərinin (Touch İD texnologiyasından istifadə etməklə), üz tanımanın (Face İD texnologiyasından istifadə etməklə), o cümlədən Standart Şərtlərdə və bu ərizə-anket və imza nümunəsində nəzərdə tutulan digər imzanın daxil edilməsi mənim əlyazma imzamın analoqu sayılır və eyni hüquqi qüvvəyə malikdir. Xahiş edirəm ki, bütün qeyd olunanları həqiqi imzamın analoqu hesab edəsiniz. Təsdiq edirəm ki, bundan sonrakı bütün razılaşmalar (o cümlədən hüquqi sənədlərin və məktubların imzalanması) analoq imzadan istifadə edilməklə təsdiq edilə bilər. (4-cü bənd);

43. Bütün bank hesabları və müqavilələrlə bağlı bütün yazışmaları yazılı qaydada və ya bankın mülahizəsi ilə Standart Şərtlərin müddəalarına uyğun SMS və ya digər elektron üsullarla edilməsini xahiş edirəm və razıyam. (5-ci bənd); aksept Standart Şərtləri tam və qeyd-şərtsiz qəbul etməsi barədə müştərinin ərizəsidir. Analoq imza, imza edənlə şəxsi açar vasitəsi ilə əlaqələndirilmiş elektron şəkildə imza atma imkanı yaradan unikal məlumatlar başa düşülür. Analoq imza bank və “müştəri” arasında qarşılıqlı razılaşdırılmış bütün əməliyyatlarin (müqavilələrin, məktubların, hesab üzrə sərəncamların, tapşırıqların, etirazların və sair imzalanması da daxil olmaqla) imzalanması üçün bank tərəfindən “müştəri”yə SMS və ya mobil əlavə vasitəsilə təqdim edilmiş, həmçinin bunlarla məhdudlaşmayaraq imzanın digər analoqları da daxil olmaqla “müştəri”nin şəxsi imzasının alternativi olan və eyni hüquqi nəticələrə gətirən imzadır. Analoq imza, həmçinin “müştəri”nin identifikasiyası üçün bir vasitə və bank alətidir və müştərinin kağız üzərində təqdim etdiyi fiziki imza ilə eyni hüquqi qüvvəyə malikdir. Bank xidməti – bu müqavilə ilə təqdim edilən bank hesabları üzrə xidmətlər; internet və mobil bankçılıq xidmətləri (elektron bankçılıq); kredit (kredit xətti); ödəniş kartı üzrə xidmətlərdir; 1.1-ci bəndə əsasən X8 25 (iyirmi beş) il müddətinə Bankla Müştəri arasındakı kredit münasibətlərini tənzimləyir. Bank, bu müddətin sonunadək əqdin bağlanmasının qanunvericiliklə qadağan edilmədiyi istənilən formada, o cümlədən elektron üsulla (SMS, mobil tətbiq, elektron poçt adresi, elektron imza, internet bankçılıq, səsli rabitə vasitəsi və s.) Müştəriyə dəfələrlə kredit rəsmiləşdirə bilər. Kreditin ayrılması şərtləri və qaydaları X6n müddəaları ilə müəyyən edilir. 1.2-ci bəndə əsasən X8 heç bir halda Bank tərəfindən Müştəriyə kreditin verilməsi vədi kimi təfsir oluna bilməz. Müştəri, kreditin alınması üçün Banka müraciət etdikdən sonra Bank, kreditin verilməsi barədə qərarı özü müstəqil surətdə verir və Müştəri, X8ə istinad edərək Bankdan kredit verilməsini tələb edə bilməz. 1.3 və 1.4-cü bəndlərin mahiyyətindən aydın olur ki, Müştəriyə X8 çərçivəsində kredit (kredit xətti) “Ucard” məhsulu üzrə ona verilmiş ödəniş kartının müddəti bitənədək verilə bilər. Ödəniş kartının müddəti bitdikdən sonra Müştəriyə yeni ödəniş kartı verilənədək X8 çərçivəsində Müştəriyə kredit (kredit xətti) verilmir. Müştəri, Standart Şərtlər çərçivəsində əldə etdiyi krediti tam bağladıqdan sonra, ona X8də nəzərdə tutulmuş qaydada və şərtlərlə yeni kredit verilə bilər. Müştəriyə verilmiş ödəniş kartının müddəti bitənədək X6n müddəaları nəzərə alınmaqla Müştəriyə bir neçə dəfə kredit verilə bilər. 1.5 və 1.6-cı bəndlərinə görə müştəriyə “Ucard” məhsulu üzrə verilmiş ödəniş kartının 16 (on altı) rəqəmi, Müştərinin fərdi identifikasiya nömrəsi (FİN kod) və/və ya Bank tərəfindən Müştəriyə təqdim edilən müştəri eyniləşdirmə nömrəsi (CİF kod) X8 çərçivəsində verilən kredit(lər) üzrə Müştərini eyniləşdirmək üçün istifadə olunur. X6 qəbul etmiş Müştəri burada göstərilən şərtlərlə və qaydada kredit əldə etmək üçün Banka müraciət etdikdə, Bank tərəfindən Müştəriyə kreditin məbləği və valyutası, qaytarılma müddəti və ödəniş şərtləri, kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və/və ya digər ödənişlərin məbləği və onların tətbiq edilmə şərtləri, həmçinin faktiki illik faiz dərəcəsi və onun hesablanmasına daxil edilən bütün ödənişlər, Müştəri tərəfindən edilməli olan ödənişlərin məbləği, sayı və dövriliyi, habelə yetərli miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığı, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatların əks olunduğu standart məlumatlandırma forması təqdim edilir. Müştəri, standart məlumatlandırma formasını təsdiq etməklə həmin standart məlumatlandırma formasında göstərilən şərtlərlə kredit verilməsinə razılığını bildirir və Müştərinin müvafiq razılığından sonra kredit müqaviləsi bağlanmış hesab olunur. Standart məlumatlandırma forması Müştəriyə elektron formada (davamlı daşıyıcıda) təqdim edildikdə, Müştəri tərəfindən müvafiq məlumatların əldə edilməsi və həmin məlumatlarda göstərilən şərtlərlə kreditin verilməsinə Müştərinin razılığı elektron qaydada edilir. Müştərinin müvafiq təsdiqindən sonra ona ayrılmış kredit (kredit xətti) məbləği “Ucard” məhsulu çərçivəsində Müştəriyə açılmış müvafiq cari hesaba köçürülür. Müştəri tərəfindən kreditin əldə edilməsinə dair təsdiq edilmiş standart məlumatlandırma forması X6n tərkib hissəsi hesab olunur.

44. 1.7-ci bəndin tələbinə görə bank Müştəriyə elektron formada (SMS, mobil tətbiq və s. vasitəsilə) X6n 1.6-cı bəndində göstərilən məlumatların qeyd olunduğu standart məlumatlandırma forması göndərərək həmin məlumatlandırma formasında göstərilən şərtlərlə kredit ayrılmasına dair məlumat göndərə və Müştəridən cavab almadan onun ödəniş kartına bağlı müvafiq hesabına kredit (kredit xətti) vəsaitini köçürə bilər. Bu məlumat Müştəriyə göndərildiyi tarixdən 10 (on) təqvim günü ərzində kredit vəsaiti hesabdan tam və ya qismən istifadə edilmədikdə kredit ləğv olunur. Bu müddət ərzində kredit vəsaiti tam və ya qismən istifadə olunarsa, bu, Müştərinin kreditə razılığı hesab olunur. Vəsaitin hesaba köçürüldüyü tarixdən kredit rəsmiləşdirilmiş hesab olunur və kreditin tam və ya qismən istifadə edilməsindən asılı olmayaraq bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanır.

45. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının cavabdehə müqavilədə nəzərdə tutulmuş kredit məbləğini ayırması, bank hesabı açması, cavabdehin isə həmin müqavilə üzrə ona verilmiş krediti Standart Şərtlər müqaviləsinin şərtlərinə uyğun olaraq "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir.

46. İddiaçının öz öhdəliyini icra etməsi iş materiallarına əlavə edilmiş SMS məlumatları və hesabdan çıxarışla sübuta yetirilir.

47. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə onun müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materiallarına əlavə edilmiş "xxxx" X5 Səhmdar Cəmiyyəti tərəfindən iş üzrə Cavabdeh ünvanlanmış 23 iyul 2025-ci il tarixli bildirişdən məlum olur.

48. Həmin sənədlərlə müəyyən edilir ki, cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilib, borcun ödənilməsi üçün ona 3 iş günü müddət təyin edilmişdi.

49. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır.

50. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə olunmuş 15 oktyabr 2025-ci il tarixli maliyyə arayışında Cavabdeh "xxxx" X5 Səhmdar Cəmiyyətinə 14556.14 (on dörd min beş yüz əlli altı manat, on dörd qəpik) manat əsas, 1446.55 (bir min dörd yüz qırx altı manat, əlli beş qəpik) manat faiz və 3.75 (üç manat, yetmiş beş qəpik) manat cərimə borcunun olması qeyd edilir.

51. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında məhkəmə vurğulamışdır ki, Mülki Məcəllənin 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür.

52. Həmin qərarda həmçinin qeyd edilmişdi ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir.

53. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

54. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır.

55. Mülki Məcəllənin 422-ci maddəsində şəraitin sonradan dəyişməsinin tərəflər arasındakı müqavilə münasibətlərinə təsirinin şərtləri və əsasları, Məcəllənin 423-cü maddəsində isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin qaydası (forma və üsulu) göstərilmişdir.

56. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdi ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər.

57. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı.

58. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.

59. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir.

60. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.

61. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdi ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır.

62. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

63. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

64. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir.

65. Aşağıdakı hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: - bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; - öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; - xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (Mülki Məcəllənin 447.2-ci maddəsi).

66. Müqavilədən imtinanı istisna edən hallar Məcəllənin 447.3-cü maddəsində əks olunmuşdur.

67. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

68. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.

69. Sonda Konstitusiya Məhkəməsinin həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

70. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

71. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

72. Qeyd edilən qərarda göstərilənləri iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş sənədlərdən tərəflər arasında 04 noyabr 2024-cü il tarixdə müqavilə bağlanması, iddia tələbindən və ərizəyə əlavə edilmiş bildirişdən Cavabdeh "xxxx" X5 Səhmdar Cəmiyyəti qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi aydın olur ki, bu da müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulmasının baş verməsidir.

73. İddiaçı isə 23 iyul 2025-ci il tarixdə cavabdehə bildiriş göndərərək həmin sənəddə ondan banka olan borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməyi təklif etmişdi. İddiaçının cavabdehə verdiyi xəbərdarlığı Konstitusiya Məhkəməsinin Qərarında formalaşdırdığı mövqeyi ilə əlaqələndirən məhkəmə onun nəzərinə çatdırır ki, cavabdehə həmin xəbərdarlığı göndərməklə aralarında bağlanmış müqaviləni ləğv etmişdi. Bu səbəbdən də cavabdehin ona qarşı olan borcu məhz müqavilənin ləğv edildiyi tarixədək hesablanmalıdır.

74. "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh göndərdiyi bildirişdə isə müqavilənin ləğv edildiyi tarixə cavabdehin 14556.14 (on dörd min beş yüz əlli altı manat, on dörd qəpik) manat əsas, 898.01 (səkkiz yüz doxsan səkkiz manat, bir qəpik) manat faiz borcu və 4.56 (dörd manat, əlli altı qəpik) manat cərimə borcu olması qeyd edilmişdi.

75. Müqavilənin ləğv edildiyi tarixə olan əsas borc məbləği iddia tələbində olan miqdarla eynilik təşkil etsə də, faiz, cərimə borcunun fərqli olması müəyyən edilir. Bu səbəbdən də məhkəmə iddiaçının tələbini faiz, cərimə borcuna münasibətdə qismən əsaslı hesab edir.

76. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

77. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

78. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

79. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər.

80. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

81. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir:-iddia qismən təmin olunmalı; - Cavabdeh 14556.14 (on dörd min beş yüz əlli altı manat, on dörd qəpik) manat əsas, 898.01 (səkkiz yüz doxsan səkkiz manat, bir qəpik) manat faiz borcu və 4.56 (dörd manat, əlli altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 15458.71 (on beş min dörd yüz əlli səkkiz manat, yetmiş bir qəpik) manat məbləğində borc tutularaq "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin 133.30 (yüz otuz üç manat, otuz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" X5 Səhmdar Cəmiyyətinə verilməli; -iddia tələbi qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir.

82. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

83. Ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" KB ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X7 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 138.02 manat dövlət rüsumunun 133.30 manat hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nə qaytarılmalıdır.

84. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qətetdim: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, 14556.14 (on dörd min beş yüz əlli altı manat, on dörd qəpik) manat əsas, 898.01 (səkkiz yüz doxsan səkkiz manat, bir qəpik) manat faiz borcu və 4.56 (dörd manat, əlli altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 15458.71 (on beş min dörd yüz əlli səkkiz manat, yetmiş bir qəpik) manat məbləğində borc iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. "xxxx" KB ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X7 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 138.02 manat dövlət rüsumunun 133.30 manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar