Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1541/2023 27.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı ASC iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu il tarixli, 012NFPK nömrəli kredit müqaviləsi üzrə cəmi 5481.65 (beş min dörd yüz səksən bir manat, altmış beş qəpik) manat, bundan 5337.78 (beş min üç yüz otuz yeddi manat, yetmiş səkkiz qəpik) manat əsas borcu, 143.71 (bir yüz qırx üç manat, yetmiş bir qəpik) manat faiz borcu, 0.16 (sıfır manat on altı qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. İddia ərizəsindən aydın olur ki, İddiaçı ASC-nin nümayəndəsi qismində Nümayəndə2 cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsini imzalayaraq məhkəməyə müraciət etmişdir. Mülki prosessual qanunvericilikdə şəxsin məhkəməyə nümayəndə vasitəsi ilə müraciət etmək imkanı da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 69.1-ci maddəsi ilə müəyyən olunur ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edildikdə isə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər yerinə yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmçinin həmin Məcəllənin 69.3-cü maddəsinin tələbinə görə təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə qeyd edir ki, iddia ərizəsini Nümayəndə2 Elnur Quliyev tərəfindən ona verilmiş 19 may 2023-cü il tarixli etibarnamə əsasında elektron imza ilə imzalamışdır. Etibarnamədə isə sonuncu qeyd edilən şəxsin Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə Edilməsi Departamentinin Problemli Kreditlərlə iş idarəsinin rəisi olması göstərilmişdir. Lakin iddia ərizəsində Elnur Quliyevə hüquqi şəxsin adından iddia ərizəsini imzalamaq səlahiyyəti verilməsinə dair etibarnamə vermək səlahiyyətinin verilməsi ilə bağlı hər hansı bir sənəd əlavə olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ASCnin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı ASC tərəfindən Hökumət ödəniş portalı vasitəsilə 17 fevral 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, İddiaçı ASC Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı ASC tərəfindən Hökumət ödəniş portalı vasitəsilə 17 fevral 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı ASC-nə izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1541/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1541/2023
27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver