Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1775/2025 16.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Mustafa oğlu, Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Mustafa oğlu, Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Mustafa oğlu, Cavabdeh2 4570,55 AZN əsas, 49,55 AZN faiz borc məbləği, cəmi 4620,10 AZN məbləğində vəsaitin və ödənilmiş 66,21 AZN dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. "xxxx" ASC ilə Cavabdeh1 Mustafa oğlu arasında xx.xx.2024-cü il tarixində, TAXİT-CARD-********** nömrəli “Bankkart Taksitli Kredit kartı” müqaviləsi (bundan sonra "Müqavilə") imzalanmışdır. "Müqavilə"yə əsasən, Bank Cavabdeh1 Mustafa oğluna xx.xx.2026-cı il tarixinədək, illik 18 faiz dərəcəsi ilə 5000 AZN məbləğində Kredit xətti açmışdır.
3. Cavabdeh2 "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 008GRNT24000077 nömrəli "Zaminlik müqaviləsinə əsasən, zamin kredit müqaviləsi üzrə Cavabdeh1 Mustafa oğlu tərəfindən yaranmış öhdəliklər icra etmədikdə və ya lazımınca icra edilmədikdə Bank qarşısında Cavabdeh1 Mustafa oğlu ilə birlikdə birgə məsuliyyət daşıyır.
4. Bildirir ki, Cavabdeh1 Mustafa oğlu Kredit xəttindən istifadə etmiş, lakin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etməmiş və nəticədə Banka borcu yaranmışdır. Bununla bağlı cavabdehlərə rəsmi qaydada xx.xx.2025-ci il tarixində xəbərdarlıq göndərilmiş və həmin vəsaiti Banka ödənilməsi tələb olunmuşdur. Lakin, cavabdeh borcu ödəməkdən yayınmışdır.
5. xx.xx.2025-ci il tarixinə cavabdehin Banka əsas borcu 4570.55 AZN və faiz borcu isə 49.55 AZN təşkil edir.
6. İddiaçı ərizəsinin hüquqi əsası kimi Mülki Məcəllənin 470.1, 472.1-ci maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2026-cı il tarixdə cavabdehlər Cavabdeh1 Mustafa oğlu, Cavabdeh2 bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.
Sübutların tədqiqi:
8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli TAXİT-CARD-********** nömrəli Bankkart taksitli kredit kartı müqaviləsindən görünür ki, həmin tarixdə iddiaçı təşkilat İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 Mustafa oğlu, Cavabdeh2 arasında kredit müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən İddiaçı ASC tərəfindən illik 18.00% faiz dərəcəsi olmaqla 5000 (beş min) AZN məbləğində kredit verilmişdir.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 008GRNT24000077 saylı Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh1 Mustafa oğlu ilə Bank arasında bağlanmış Kredit müqaviləsinin üzrə kredit öhdəliyinin təmin edilməsi şərtilə İddiaçı ASC ilə Cavabdeh2 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır.
10. İş materiallarında olan xx.xx.2025-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Mustafa oğlunun xx.xx.2024-cü il tarixli TAXİT-CARD-********** saylı kredit müqaviləsi üzrə 4570,55 AZN əsas, 49,55 AZN faiz olmaqla cəmi 4620,10 AZN manat məbləğində İddiaçı ASC-yə borcu yaranmışdır.
11. 17 noyabr 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 Mustafa oğluna pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
13. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
14. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.
15. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.(740.1); Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir(740.2)
16. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər(743.1); Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2); Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir(743.3).
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
19. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
21. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(472.1); əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3).
Mülki Prosessual Məcəllə
22. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
23. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
24. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
25. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
26. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi:
29. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.
30. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh1 Mustafa oğlu, Cavabdeh2 xx.xx.2024-cü il tarixli TAXİT-CARD-********** nömrəli Bankkart taksitli kredit kartı Müqaviləsi üzrə 4570,55 (dörd min beş yüz yetmiş manat, əlli beş qəpik) manat əsas borc, 49,55 (qırx doqquz manat, əlli beş qəpik) manat faiz borcu olmaqla ümumilikdə 4620,10 (dörd min altı yüz iyirmi manat, on qəpik) manat borc İddiaçı ASCnin xeyrinə tutulmalıdır.
31. Məhkəmə ilk növbədə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
32. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur.
33. Məhkəmə qeyd edir ki, təqdim olunan sənədlər əsasında müəyyən edilir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur.
34. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.
35. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə **********67 nömrəli qəbzlə ödənilmiş 66,21 (altmış altı manat, iyirmi bir qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 Mustafa oğlu, Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-nə qaytarılmalıdır.
36. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qətetdim:
İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli TAXİT-CARD-********** nömrəli Bankkart taksitli kredit kartı Müqaviləsi üzrə 4570,55 (dörd min beş yüz yetmiş manat, əlli beş qəpik) manat əsas borc, 49,55 (qırx doqquz manat, əlli beş qəpik) manat faiz borcu olmaqla ümumilikdə 4620,10 (dörd min altı yüz iyirmi manat, on qəpik) manat borc cavabdehlər Cavabdeh1 Mustafa oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilsin. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə **********67 nömrəli qəbzlə ödənilmiş 66,21 (altmış altı manat, iyirmi bir qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 Mustafa oğlu, Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan Elektron Kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov.