Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-207/2024 29.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 (beş) faizlə hesablanmış 1601.61 (min altı yüz bir dollar altmış bir sent) ABŞ dolları əldən çıxmış fayda borcun və xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 (beş) faizlə hesablanmış 1016.45 (min on altı manat qırx beş qəpik) manat əldən çıxmış fayda borcun və 57.39 (əlli yeddi manat otuz doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh 30 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırki Yelo Bank ASC) illik 30 faizlə 12 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. 17 mart 2008-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 76000 ABŞ dolları məbləğində illik 18% olmaqla 240 ay müddətində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. 14 noyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1601.61 ABŞ dolları əldən çıxmış fayda borcu vardır. 30 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə isə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1016.45 manat əldən çıxmış fayda borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təşkilat məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi Nümayəndə X4 vasitəsilə 12 yanvar 2024-cü il tarixdə, 26 yanvar 2024-cü il tarixdə, 09 fevral 2024-cü il tarixdə və 28 fevral 2024-cü il tarixdə məhkəməyə eyni məzmunlu ərizələr göndərərək ərizədə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə məhkəmə iclası təyin edildiyini, iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizələri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsləri üzrə Cavabdeh illik 5% faizlə hesablanmış pulu tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlardır. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onların qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmiş, qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və ya iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-2403/2019 nömrəli qərarından görünür ki, iddiaçı "xxxx" İKB ASC Cavabdeh qarşı Naxçıvan Şəhər Məhkəməsində kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia qaldıraraq, Cavabdeh “Nikoyl" İKB ASC-nin xeyrinə 30 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 4898 (dörd min səkkiz yüz doxsan səkkiz) manat 68 qəpik əsas borc, 2538 (iki min beş yüz otuz səkkiz) manat 31 qəpik faiz borcu və 694 (altı yüz doxsan dörd) manat 89 qəpik cərimə borcu olmaqla ümumilikdə cəmi 8131 (səkkiz min yüz otuz bir) manat 88 qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2018-ci il tarixli qətnaməsi ilə (M.Allahverdiyev, 2(078)-151/2018 nömrəli mülki iş) iddiaçı "xxxx" İKB ASC-nin Cavabdeh qarşı iddiası qismən təmin edilərək, Cavabdeh 30 dekabr 2013-cü il tarixli, 19-Y-1-0-1417-13 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 4898 (dörd min səkkiz yüz doxsan səkkiz) manat 68 qəpik, faiz borcuna görə 110 (bir yüz on) manat 53 qəpik olmaqla, cəmi 5009 (beş min doqquz) manat 21 qəpik məbləğində pul tutularaq "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsi, həmçinin iddiaçı "xxxx" İKB ASC tərəfindən Kapital Bankın 28 May filialına xx.xx.2017-ci il tarixli, TT1668026 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 18 (on səkkiz) manat 48 qəpik hissəsi Cavabdeh alınaraq iddiaçı “Nikoyl" İKB ASCyə qaytarılması qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi MK-nın 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər RHəsənov (sədrlik edən, məruzəçi), S.Qarayev və V.Quliyev, 2(108)-166/2018 saylı mülki iş) hazırki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2018-ci il tarixli, 2(078)-151/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 2403/2019 nömrəli qərarı ilə iddiaçı "xxxx" İKB ASC-nin kassasiya şikayəti təmin edilməməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi MK-nın hazırkı iş üzrə 26 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-977/2023 nömrəli qərarından görünür ki, bank iddia tələbi ilə məhkəməyə müraciət edərək, “NİKOİL" X5 (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008ci il tarixli, RBB(İ)081 nömrəli “Kredit Müqaviləsi” üzrə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 15 aprel 2016-cı il tarixinədək hesablanmış müvafiq olaraq 70 000 ABŞ dolları əsas borc, 31 411 ABŞ dolları faiz borcu, 21 000 ABŞ dolları dəbbə borcu, cəmi 122.411 ABŞ dolları, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh ilə bağlanmış xx/xx/2008-ci il tarixli RBB(İ)081 nömrəli İpoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin hərracda ilkin satış qiyməti 80 000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılmasına və satışdan əldə olunan məbləğin iddiaçı "xxxx" İKB-nin xeyrinə ödənilməsinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 9-cu maddəsinə uyğun ipotekaya qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil satıldıqdan 1 ay sonra mənzildə qeydiyyatda olan X1 və Cavabdeh istifadə hüququna xitam verilməsi, həmin şəxslərin mənzildən çıxarılması və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6111/2016 nömrəli, 20 iyun 2016-cı il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28382 nömrəli, 15 fevral 2017-ci il tarixli eskpert rəyinə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 081 saylı kredit müqaviləsi üzrə əsas borc, faiz borc və cərimə borcunu müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-221/2017 nömrəli, 08 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8067/2017 nömrəli, 04 oktyabr 2017ci il tarixli qətnaməsi ilə (Azad İmanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev və Raqib Qurbanov) iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-221/2017 nömrəli, 08 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Əsəd Mirzəliyev, İlqar Dəmirov) 19 fevral 2018-ci il tarixli, 2(102)-1317/2018 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8067/2017 nömrəli, 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5016/2018 nömrəli xx.xx.2018ci il tarixli qəraradadına əsasən mülki iş üzrə mühasibatlıq ekspertizası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-58/2020 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-221/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmişdir. İddiaçı və cavabdeh qətnamədən ayrı-ayrılıqda kassasiya şikayəti vermiş və kassasiya şikayətləri qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 824/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-221/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-824/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İddiaçı ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-990/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-824/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3388/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş və iddia qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-977/2023 nömrəli qərarı ilə İddiaçı ASC və cavabdehlər Cavabdeh və X3 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2022-ci il tarixli 2(103)-3388/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-977/2023 nömrəli qərarı və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-2403/2019 nömrəli qərarı ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddia ərizəsinə əlavə olunmuş 14 noyabr 2023-cü il tarixli, KBD 9038 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1601.61 ABŞ dolları əldən çıxmış fayda borcu var. İddia ərizəsinə əlavə olunmuş 14 noyabr 2023-cü il tarixli, KBD 9038 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 30 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə isə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1016.45 manat əldən çıxmış fayda borcu var. İddia ərizəsinə əlavə olunmuş 28 noyabr 2023-cü il tarixli, KBD 9490 nömrəli xəbərdarlıq məktubdan isə Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməməsi və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xəbərdarlıq göndərilməsi aydın olur. Məhkəmə iddianın təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin Mülki Məcəllənin 449.2-ci maddəsinə görə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini əsaslı qəbul edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 57.39 (əlli yeddi manat otuz doqquz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunan qərara istinad edən məhkəmə hesab edir ki, qətnamə icra edilərkən xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 (beş) faizlə hesablanmış 1601.61 (min altı yüz bir dollar altmış bir sent) ABŞ dolları əldən çıxmış faydaya dair hissədə ödəniş gününə manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 (beş) faizlə hesablanmış 1601.61 (min altı yüz bir dollar altmış bir sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olan pul (ödəniş gününə manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) və xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 (beş) faizlə hesablanmış 1016.45 (min on altı manat qırx beş qəpik) manat məbləğində əldən çıxmış fayda olan pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; - 57.39 (əlli yeddi manat otuz doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 (beş) faizlə hesablanmış 1601.61 (min altı yüz bir dollar altmış bir sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olan pul (ödəniş gününə manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) və xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 (beş) faizlə hesablanmış 1016.45 (min on altı manat qırx beş qəpik) manat məbləğində əldən çıxmış fayda olan pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 57.39 (əlli yeddi manat otuz doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-207/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-207/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver