Məhkəmə qərarları › İş №e-2(078)-264/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-264/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-264/2025 03.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsas borc üzrə 28270.09 (iyirmi səkkiz min iki yüz yetmiş manat doqquz qəpik) manat, faiz borcu üzrə 2043.69 (iki min qırx üç manat altmış doqquz qəpik) manat, cərimə borcu üzrə 94.30 (doxsan dörd manat otuz qəpik) manat olmaqla, cəmi 30408.08 (otuz min dörd yüz səkkiz manat səkkiz qəpik) manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 181.22 (yüz səksən bir manat iyirmi iki qəpik) manat dövlət rüsumunun “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat “X1 Azərbaycan” QSC ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında 300043 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bankı tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 30000 (otuz min) manat məbləğində pul ayrılmışdır və о, 59 ay müddətində kreditin əsas məbləği və оna illik 15 % faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC-yə оlan bоrcu: əsas borc üzrə 28270.09 (iyirmi səkkiz min iki yüz yetmiş manat doqquz qəpik) manat, faiz borcu üzrə 2043.69 (iki min qırx üç manat altmış doqquz qəpik) manat, cərimə borcu üzrə 94.30 (doxsan dörd manat otuz qəpik) manat, cəmi 30408.08 (otuz min dörd yüz səkkiz manat səkkiz qəpik) manat təşkil edir. İddiaçı təşkilat ərizəsində müvafiq hüquq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat “X1 Azərbaycan” QSC-yə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclaslarına gəlməmiş, lakin təşkilatın nümayəndəsi Nümayəndə məhkəmənin ünvanına sonuncu dəfə 06 may 2025-ci il tarixdə ərizə göndərmiş, ərizədə mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə “X1 Azərbaycan” QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın ərizəsini, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Hazırki iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsidir. Məhkəmə iddia tələbini təmin edərkən gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki işin materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixdə bağlanmış 300043 nömrəli Kredit müqaviləsinin surətindən görünür ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit müqaviləsinin şərtinə əsasən, Bu müqavilənin predmetinə və s. dair şərtlər müqavilənin müvafiq hissələrindəki müddəalarla tənzimlənir. «Borcverən» «Borcalan»a bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə istehlak yönümlü (istehlak növlü) kredit verir, «Borcalan» isə kredit üzrə almış olduğu bütün borc pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə «Borcverən»ə qaytarmasını öhdəsinə götürür. Kreditin məbləği 30000 (otuz min) manat təşkil edir. Kredit borcalana 59 ay müddətinə və istifadəsinə görə illik 15% dərəcəsini ödəmək şərti ilə verilir. Bu müqaviləyə görə 1 il 360 gündən ibarətdir və kredit üzrə faizlər ilin 360 gününün faktiki saylarının əsasında hesablanır. Kredit üzrə faktiki illik faiz dərəcəsi (komisyon xərclər daxil olmaqla) 15.94 faiz təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlinin surətindən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. İş materiallarında olan “X1 Azərbaycan” QSC tərəfindən 20 dekabr 2024-cü il tarixdə verilmiş maliyyə arayışının surətinə əsasən, Cavabdeh əsas borcu üzrə 28270.09 (iyirmi səkkiz min iki yüz yetmiş manat doqquz qəpik) manat, faiz borcu üzrə 2043.69 (iki min qırx üç manat altmış doqquz qəpik) manat, cərimə borcu üzrə 94.30 (doxsan dörd manat otuz qəpik) manat olmaqla, cəmi 30408.08 (otuz min dörd yüz səkkiz manat səkkiz qəpik) manat təşkil edir. Cavabdeh banka olan əsas borcun, ona hesablanmış faiz borcunun və cərimə borcunun ödənilməsi ilə bağlı bank tərəfindən bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Eyni zamanda, qeyd edilməlidir ki, Mülki Məcəllənin 331.3-cü maddəsi ilə müəyyən edilmiş "Əqdlərin bağlanması zamanı ... şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir" müddəası həm bağlanması nəzərdə tutulan əqdlərin, həm də belə əqdlərin bağlanması üçün nəzərdə tutulan digər sənədlərin (əqdlərin) imzalanmasını ehtiva edə bilər. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bu Qərarda əks olunmuş hüquqi mövqelər müqavilələrin bağlanması üçün qanunvericiliklə tələb olunan əlaqəli sənədlərin imzalanması ilə bağlı münasibətlərə də şamil edilir. Həmin sənədlərin imzalanması zamanı tərəflərin iradəsi dəqiq, birmənalı, aydın və sui-istifadəni istisna edən şəkildə ifadə olunmalıdır. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirib belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 28270.09 (iyirmi səkkiz min iki yüz yetmiş manat doqquz qəpik) manat əsas, 2043.69 (iki min qırx üç manat altmış doqquz qəpik) manat faiz, 94.30 (doxsan dörd manat otuz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 30408.08 (otuz min dörd yüz səkkiz manat səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən 20 dekabr 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 181.22 (yüz səksən bir manat iyirmi iki qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 238, 241, 242-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. Cavabdeh 28270.09 (iyirmi səkkiz min iki yüz yetmiş manat doqquz qəpik) manat əsas, 2043.69 (iki min qırx üç manat altmış doqquz qəpik) manat faiz, 94.30 (doxsan dörd manat otuz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 30408.08 (otuz min dörd yüz səkkiz manat səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı “X1 Azərbaycan” QSC tərəfindən 20 dekabr 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 181.22 (yüz səksən bir manat iyirmi iki qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar