Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-32/2025 28.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Nümayəndə1 cavabdeh Ramazanova (Rzayeva) Fizzə Zakir qızına qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Nümayəndə1 cavabdeh Ramazanova (Rzayeva) Fizzə Zakir qızına qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ramazanova (Rzayeva) Fizzə Zakir qızından 589 (beş yüz səksən doqquz) manat əsas borc, gecikdirilmiş penya pulu olan 60 (altmış) manat olmaqla, ümumilikdə 649 (altı yüz qırx doqquz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Cavabdeh Ramazanova (Rzayeva) Fizzə Zakir qızı 08 iyul 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi verərək, iddia ərizəsində göstərilən heç bir halın düzgün olmadığını, iddiaçıya borcunun olmadığını, xx.xx.2021-ci il tarixdə yox, 2015-ci ildə müqavilə bağladığını və həmin müqavilə üzrə 640 manatı tamamilə ödədiyini, iddiaçı qarşısında heç bir öhdəliyinin olmadığını, 2021-ci ildə alqı-satqı etmədiyini, iddiaçının tamamilə əsassız şəkildə ondan pul tələb etdiyini bildirmiş və icraata xitam verilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli qərardadı ilə, iddiaçı Nümayəndə1 cavabdeh Ramazanova (Rzayeva) Fizzə Zakir qızına qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia tələbinə dair mülki iş üzrə cavabdeh X1 verdiyi etiraz təmin olunmaqla, iddiaçı Nümayəndə1 cavabdeh Ramazanova (Rzayeva) Fizzə Zakir qızına qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı Nümayəndə1 iddia tələbini onunla əsaslandırmışdır ki, “Telefon mağazasının” satıcısı Nümayəndə1 cavabdeh X3 ilə 28 may 2021-ci il tarixində 146 nömrəli Nisyə mal satılması müqaviləsi bağlamışdır. 28 may 2021-ci il tarixində 146 nömrəli Nisyə mal satılması müqaviləsinə əsasən cavabdeh X3 “SAMSUNG J2 PRO” markalı telefonu 10 aylıq kreditlə 689 manat dəyərində almış və hazırki vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla, 100 manat ödəniş ödənilmiş, lakin hazırda qalan 589 manat borcunu ödməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyir ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2% penya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyir ki, telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırki vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı, maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəflərindən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o, borcun ödənilməsindən imtina etmişdir. Buna görə ciddi maddi itkilərlə qarşılaşmışdır. Həmçinin onu da qeyd edir ki, özü Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınır. Geniş müştəri dairəsi vardır. Müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi, məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 28 may 2021-ci il tarixində 146 nömrəli müqavilədən yaranan 589 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə göstərilən 3.3-cü bəndinə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-i hər gecikdirilmiş gün üçün ödənilməli olan cərimə, yəni ümumilikdə olan dəbbə pulu olaraq 60 manat penya və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə iddiaçı Nümayəndə1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilmiş, bir neçə dəfə məhkəmə iclaslarında iştirak etmiş, sonuncu məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək, üzrlü səbəblərlə əlaqəli olaraq, xx.xx.2025-ci il tarixində olan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan iş üzrə ədalətli qərar verilməsini xahiş etmişdir. Ərizəni nəzərə alan məhkəmə işə iddiaçı Nümayəndə1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Nümayəndə1 əvvəlki məhkəmə iclaslarında iddia tələbinə uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə cavabdeh Ramazanova (Rzayeva) Fizzə Zakir qızına qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Eləcə də Ramazanova (Rzayeva) Fizzə Zakir qızı etirazını məhkəməyə göndərmişdir. Cavabdeh Ramazanova (Rzayeva) Fizzə Zakir qızı məhkəməyə etiraz ərizə göndərərək bildirmişdir ki, iddiaçı Əliyev X6 Şəhər Məhkəməsində ona qarşı 589 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 60 manatın, ümumilikdə 649 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda iddiaçının pul tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması müəyyən olunmuşdur. Bildirir ki, o, iddiaçı Nümayəndə1 ilə 28 may 2021-ci il tarixində yox, 2015-ci il tarixində “SAMSUNG J2 PRO” markalı telefon üçün nisyə alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçının həyat yoldaşına göndərdiyi ödənişlə bağlı whatsapp yazışmasında özü 2020-ci il tarixində ödəniş etdiyini yazır, belə olan halda 2021-ci il tarixində bağlanmış müqaviləyə 2020-ci il tarixində necə ödəniş edə bilər? Ərizənin absurd olduğu elə saxta müqavilənin ərizəyə qoşma edilməsindən görünür. 2021-ci il tarixində heç alqı-satqı etməmişdir. Heç bir müqaviləyə imza atmamışdır. 2021-ci il tarixində Bakıda yaşamışdır. 2015-ci il tarixində aralarında bağlanmış müqavilə üzrə hər ay iddiaçı ilə razılaşması əsasında ilkin ödəniş 100 manat olmaqla, 31 oktyabr 2015-ci il tarixində 30 manat, 27 noyabr 2015-ci tarixində 50 manat, 26 dekabr 2015-ci il tarixində 30 manat, 12 fevral 2016-cı il tarixində 50 manat, 05 aprel 2017-ci il tarixində 95 manat, 10 noyabr 2021-ci il tarixində 60 manat, 15 noyabr 2021-ci il tarixində 35 manat, 13 yanvar 2022-ci il tarixində 50 manat, 18 fevral 2022-ci il tarixində 40 manat, eləcə də, valyuta dəyişmə məntəqəsinə ödənişləri 2 dəfə 50 manat olmaqla, ümumilikdə 640 manat iddiaçıya ödəniş etmişdir. Nəticə olaraq bildirir ki, iddiaçıya heç bir borcu qalmır və iddiaçı əsassız və qanunsuz şəkildə ondan pul tələb edir. Hətta bunu da bildirməlidir ki, iddiaçıya etdiyi ödənişlərlə bağlı qəbzlərin şəklini və özü üçün ödənişlərlə bağlı apardığı qeydləri iddiaçının istəyi üzrə ona göndərmişdir, lakin indi iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bu halları təkzib edir. Yuxarıda yazılanlara əsasən bildirir ki, onun iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. İddiaçı tamamilə əsassız şəkildə ondan pul tələb edir. Buna görə də, məhkəmədən icraata xitam verilməsini tələb edir. Bunu nəzərə alan məhkəmə işə cavabdeh Ramazanova (Rzayeva) Fizzə Zakir qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qismində izahat verən Nümayəndə2 iddianı qəbul etməyərək, 2021-ci ildə yoldaşı ilə müqavilə bağlanmadığını, alqı-satqı olmadığını, yoldaşı ilə iddiaçı arasında 2015-ci ildə telefon alqı-satqısı olduğunu və müqavilə bağlandığını, bu iş üzrə onun Əliyə müqavilə göstərməsini dediyini, müqaviləni göstərə bilmədiyini, yoldaşının etiraz verdiyini, müqavilənin vaxtının 1-2 il olacağını, həmin şəxsi görmədiklərini, kontakdan telefon götürdüklərini, 2015-ci ildə müqavilə bağlandığını, 2021-ci il tarixli müqavilənin əslini görmək istədiyini, çünki digər versiyada tarixin dəyişə biləcəyini, yoldaşının kart hesabından çıxarışlar təqdim etdiyini, onun müxtəlif vaxtlarda iddiaçıya pul ödədiklərinin həmin hesabdan da aydın olduğunu, lakin həmin ödənişlərin 2015-ci il tarixli müqavilə üzrə apardıqlarını, çünki həmin müqavilə ilə bağlı tam ödəmələri gec bağladıqlarını, 2021-ci il tarixli müqavilədən məlumatlı olmadıqlarını bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istinsa deyil. Nəticə etibarı ilə onların hər birini dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə görə, satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, cavabdeh X3 ilə iddiaçı Nümayəndə1 arasında 28 may 2021-ci il tarixli, 146 nömrəli Nisyə mal satılması Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “satıcı” “alıcı” ya 689 (altı yüz səksən doqquz) manat dəyərində “SAMSUNG J2 PRO” markalı mobil telefonu satmağı, “alıcı” isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini bu müqavilənin 3-cü bəndində (ödəniş şərtləri) göstərilmiş qaydada ödəməyi öhdəsinə götürür. İddia ərizəsinə əlavə edilmiş 28 may 2021-ci il tarixli, 146 nömrəli təhvil-təslim aktından görünür ki, müqavilədə qeyd olunan əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş 28 may 2021-ci il tarixli, 146 nömrəli mal satınalması müqaviləsinə Əlavə 1 cədvəlindən görünür ki, ödəniş cədvəlində cavabdehin xx.xx.2021-ci ildən başlayaraq xx.xx.2022-ci il tarixədək hər ay 68.90 (altmış səkkiz manat doxsan qəpik) manat ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini X3 imzalamışdır. İddia ərizəsinə əlavə edilmiş 14 iyun 2024-cü il tarixli arayışdan görünür ki, X2 Nümayəndə1 28 may 2021-ci il tarixli, 146 nömrəli Nisyə mal satınalması Müqaviləsinə əsasən gecikdirilən pul öhdəliyi üzrə 589 (beş yüz səksən doqquz) manat əsas borc və gecikdirilmiş penya pulu olan 60 (altmış) manat olmaqla, ümumilikdə 649 (altı yüz qırx doqquz) manat məbləğində ödənilməmiş borcu mövcuddur. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissəhissə ödənilməsi şərti ilə nisyə alğı-satqı müqaviləsi bağlanılıb. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2025-ci il tarixli, 20 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş e-2(078)-32/2025 nömrəli mülki işin 69-70-ci vərəqələrində olan 28 may 2021-ci il tarixli, 146 nömrəli “NİSYƏ MAL SATİNALMASİ” adlı sənədin 1-ci vərəqəsinin aşağı-sağ hissəsindəki imza, 2-ci vərəqəsinin aşağı-sol hissəsində “ALİCİ:” qrafasında “İMZA:” sözü önündəki imza və 71-ci vərəqəsində olan, 28 may 2021-ci il tarixli, 146 nömrəli “TƏHVİL-TƏSLİM AKTİ”nın aşağısında “Təhvil aldı:” qrafasında “İmza:” sözü önündəki imza eyni şəxs-X7 QİZİ tərəfindən icra olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib cavabdehin nümayəndəsinin izahatını dinləyərək və ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun ödənilməsinə dair hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən, satıcı alıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin qismən əsaslı olması, dəbbə pulunun əsas borca mütənasib olmaması müəyyən edilir. Məhkəmə dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 60 (altmış) manat məbləğində dəbbə pulu əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, tələb olunan dəbbə pulu əsas borcun 5% miqdarında-29.45 (iyirmi doqquz manat qırx beş qəpik) manat məbləğədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Ramazanova (Rzayeva) Fizzə Zakir qızından 589 (beş yüz səksən doqquz) manat əsas borc və 29.45 (iyirmi doqquz manat qırx beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 618.45 (altı yüz on səkkiz manat qırx beş qəpik) manat məbləğində pul alınıb iddiaçı Nümayəndə1 verilməlidir. İddia tələbi qalmış hissədə rədd olunmalıdır. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə münasib olaraq iddiaçı Nümayəndə1 tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28.60 (iyirmi səkkiz manat altmış qəpik) manat hissəsi cavabdeh Ramazanova (Rzayeva) Fizzə Zakir qızından alınıb iddiaçı Nümayəndə1 qaytarılmalıdır. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə-xətşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 73 (yetmiş üç) manat cavabdeh Ramazanova (Rzayeva) Fizzə Zakir qızından alınaraq X5 MR İdarəsinə ödənilməlidir (Kod: 502906 VÖEN: **********, Müxbir hesab: AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Ramazanova (Rzayeva) Fizzə Zakir qızından 589 (beş yüz səksən doqquz) manat əsas borc və 29.45 (iyirmi doqquz manat qırx beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 618.45 (altı yüz on səkkiz manat qırx beş qəpik) manat məbləğində pul alınıb iddiaçı Nümayəndə1 verilsin. İddia tələbi qalmış hissədə rədd olunsun. İddiaçı Nümayəndə1 tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28.60 (iyirmi səkkiz manat altmış qəpik) manat hissəsi cavabdeh Ramazanova (Rzayeva) Fizzə Zakir qızından alınıb iddiaçı Nümayəndə1 qaytarılsın. Məhkəmə-xətşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 73 (yetmiş üç) manat cavabdeh Ramazanova (Rzayeva) Fizzə Zakir qızından alınaraq X5 MR İdarəsinə ödənilsin (Kod: 502906 VÖEN: **********, Müxbir hesab: AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-32/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-32/2025
28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver