Məhkəmə qərarları › İş №e-2(078)-334/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-334/2024

29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-334/2024 29.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, Cavabdeh 3350 (üç min üç yüz əlli) manat maddi və əldən çıxmış faydaya və mənəvi zərərə görə 3200 (üç min iki yüz) manat pulun ümumilikdə isə 6550 (altı min beş yüz əlli) manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixində Cavabdeh Tikinti materiallarının satışı mağazasından özünə məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün tikinti materiallarının nisyə alğı-satqısını etmişdir. Belə ki, evin təmiri üçün Cavabdeh ümumilikdə 6146 manat dəyərində tikinti materialları almışdır. Həmin borcdan 2796 manat hissəsini ödəmiş, qalan hissəsini ödəməmişdir. Cavabdeh ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin inşası üçün ayrıayrı vaxtlarda aralarında olan şifahi razılaşmaya əsasən tikinti materiallarının nisyə alğısatqısını etmişdir. Cavabdeh mağazaya olan borcunu az-az geri qaytardığına görə etibar qazanmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində fərdi yaşayış evinin inşasının tamamlanması üçün götürdüyü 6146 manatlıq tikinti materialları məhsullarının 3350 manat hissəsini ödəməmiş və öz üzərinə götürdüyü öhdəlikdən yayınmaqdadır. O bu pulları cavabdehdən tələb edir. Ödənişi etməsi üçün cavabdehi nə qədər axtarsa da tapa bilməmişdir. Həmçinin cavabdehlə aralarında alğı-satqını mağazada işləyən şahidlər də təsdiq edə bilərlər. Belə ki, mağazada olan alğı-satqıya nəzarət etmiş kassir X3 6146 manatlıq tikinti materialları alğı-satqısını şahid kimi təsdiq edə bilər. Bundan əlavə tikinti materiallarını cavabdehin ünvanında daşımış X4 bu alğı-satqını şahid kimi də təsdiq edə bilər. Cavabdehə borcunun qaytarılması ilə bağlı dəfələrlə zəng etmiş, xəbərdarlıq etmişdir. Lakin heç bir müsbət irəliləyiş əldə etmək mümkün olmamışdır. O telefon zənglərində eləcə də WhatsApp sosial platformasında onunla olan danışıqlarında cavabdeh ona olan borcunu etiraf etsə də onu ödəməkdən boyun qaçırır. Telefon zəngləri zamanı o borcu tələb edərkən isə nalayiq və təhqiramiz ifadələr işlədərək öhdəliyindən yayınır. Cavabdehin borc öhdəliyindən yayınması mağazanın dövriyyədə olan sərmayəsinə də təsir edir və həmin məbləğin hər ötən gün qaytarılmaması əldən çıxmış faydanın da cavabdehdən alınaraq ona qaytarılması zərurəti yaradır. Cavabdehin tikinti materialları mağazasına olan 3350 manat borcunun telefon danışıqları və digər xəbərdarlıqlara rəğmən alınması mümkün olmadığına görə hüquqlarının məhkəmədə müdafiəsi və ədalətli məhkəmə qərarının qəbul edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. 29 fevral 2024-cü il tarixdə iddiaçı Hüseynov X6 Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək ərizədə ərizə ilə Naxçıvan şəhər məhkəməsinə müraciət edərək Cavabdeh 3350 (üç min üç yüz əlli) manat maddi və əldən çıxmış faydaya və mənəvi zərərə görə 3200 (üç min iki yüz) manat pulun ümumilikdə isə 6550 (altı min beş yüz əlli) manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdiyini, iddiasının əldən çıxmış faydaya və mənəvi zərərə görə 3200 (üç min iki yüz) manat pul hissəsindən imtina etdiyini, həmin hissədə mülki işə xitam verilməsini xahiş etdiyini, iddianı qalan hissədə yəni əsas borc məbləği olan 3350 (üç min üç yüz əlli) manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair ərizəsinin təmin edilərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-334/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbinin Cavabdeh əldən çıxmış faydaya və mənəvi zərərə görə 3200 (üç min iki yüz) manat pulun alınıb ona verilməsinə dair hissəsindən imtinasının qəbul olunması və iddiaçının iddia tələbinin mülkiyyətində olan Cavabdeh əldən çıxmış faydaya və mənəvi zərərə görə 3200 (üç min iki yüz) manat pulun alınıb ona verilməsinə dair hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 29 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı baxış iclasında iştirak etməmiş X2 vasitəsilə 28 fevral 2024cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə iddia ərizəsinin e-2(078)-334/2024 saylı iş üzrə xx.xx.2024-cü ildə qeydiyyata alınmaqla baxıldığını, iş üzrə məhkəmə baxış iclasının xx.xx.2024-cü il saat 12:30-a təyin edildiyini, məsafənin uzaq olması və sağlamlığında olan problemlə əlaqədar üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. 29 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh baxış iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. 15 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı cavabdehi pis biri kimi tanımadığını, cavabdehin etibar qazandığını, cavabdehin malları 2022-ci ildə aldığını, gəlib malları götürdüyünü, 6146 manat dəyərində tikinti materialları götürdüyünü, onun 2796 manatını ödədiyini, qalan 3350 manat pulu ödəmədiyini, dəfələrlə zəng etdiyini, hər dəfə verəcəyini dediyini, bir neçə dəfə evlərinə getdiyini, cavabdehi onu WhatsApp sosial şəbəkəsindən bloka atdığını, onun da malları başqasından aldığını, üzərinə pul qoyub satdığını, cavabdeh pulu qaytarmadığı üçün malları götürdüyü şəxslərlə arasında problemlər yarandığını, evlərinə getdiyi zaman “get 10 gündən sonra 500-500 göndərəcəyəm” dediyini, onu aldatdığını, buna görə problemlər yaşadığını, cavabdehin olan borcundan 1 manat da olsun artıq pul istəmədiyini, borcu nədirsə onu istədiyini bildirdi. 15 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında iddiaçının dediklərinin doğru olduğunu, iddiaçıdan 6146 manat dəyərində tikinti materialları aldığını, 2796 manat hissəsini ödədiyini, 3350 manatını ödəmədiyini, ziyana düşdüyünü, hal-hazırda çox borcu olduğunu, təxminən 300-350 min dollara yaxın borcu olduğunu, Polşadan gələn 2 tırın aşdığını, tırlarda mallarının olduğunu, buna görə ziyana düşdüyünü, işində yaranan problemə görə borcunu ödəyə bilmədiyini, borcunu ödəyəcəyini, hal-hazırda maddi vəziyyəti ilə əlaqədar ödəyə bilmədiyini, iddiaçının pulunu ödəyəcəyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarına obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, cavabdeh Əliyev X5 şəhəri, Çənlibel məhəlləsi, ev 28, mənzil 62 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazlarının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Hətta cavabdeh məhkəmə iclasında verdiyi izahatında borcunu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında şifahi alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasındakı razılaşmaya əsasən iddiaçı cavabdehə 6146 (altı min yüz qırx altı) manat dəyərində tikinti materialları verməyi, cavabdeh isə həmin 6146 (altı min yüz qırx altı) manat dəyərində tikinti materiallarının dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qeyd olunan 6146 (altı min yüz qırx altı) manat dəyərində tikinti materiallarını vermiş, cavabdeh həmin malın dəyəri olan 6146 (altı min yüz qırx altı) manat ödəməyi öhdəsinə götürmüş, 2796 (iki min yeddi yüz doxsan altı) manatını ödəmiş, lakin 3350 (üç min üç yüz əlli) manat borcu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasındakı razılaşmaya əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində 6146 (altı min yüz qırx altı) manat dəyərində tikinti materiallarını cavabdehə təhvil verməyi, cavabdeh isə həmin razılaşmaya əsasən həmin tikinti materiallarının dəyərini iddiaçıya ödəməyi öz öhdələrinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan 6146 (altı min yüz qırx altı) manat dəyərində tikinti materiallarını cavabdehə təhvil vermiş, cavabdeh isə tərəflər arasındakı razılaşma üzrə müəyyən olunmuş şərtlər daxilində 6146 (altı min yüz qırx altı) manat dəyərində tikinti materiallarını əldə etməsinə, həmin malın dəyərini iddiaçıya ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin tikinti materiallarının dəyərininin 2796 (iki min yeddi yüz doxsan altı) manatını iddiaçıya ödəmiş qalan hissəsini isə ödəməkdən yayınmışdır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının cavabdehlə aralarında olan şifahi alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi Cavabdeh məhkəmədə verdiyi izahatı ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasındakı şifahi alğısatqı müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında izahat verərək iddiaçıya olan borcunu qəbul etmişdir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini əsaslı qəbul edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə müvafiq olaraq məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. İddia ərizəsinə əlavə edilmiş AA seriyalı, 301700 nömrəli vəsiqədən görünür ki, iddiaçı məcburi köçkündür. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli olduğundan dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunduğundan 53.5 (əlli üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - 3350 (üç min üç yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; - Cavabdeh 53.5 (əlli üç manat əlli qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin olunsun. 3350 (üç min üç yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 53.5 (əlli üç manat əlli qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar