Məhkəmə qərarları › İş №e-2(078)-361/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-361/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-361/2025 27.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 89.87 (səksən doqquz manat səksən yeddi qəpik) manat əsas, 21.45 (iyirmi bir manat qırx beş qəpik) manat faiz, 6.58 (altı manat əlli səkkiz qəpik) manat cərimə, 0 (sıfır) komisyon haqqı borcu olmaqla, cəmi 117.90 (bir yüz on yeddi manat doxsan qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdeh qismində Cavabdeh göstərilmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış cavabdehin şəxsi məlumatlarından görünür ki, Cavabdeh 13 may 2024-cü il tarixdə ölmüşdür. Bu isə o deməkdir ki, iddia tələbi hazırda sağ olmayan şəxsə qarşı qaldırılıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunur ki, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qanunvericiliyin yuxarıda qeyd olunan normasından aydın olur ki, prosessual hüquq varisliyinə iş məhkəmənin icraatına daxil olduqdan sonra yol verilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1.-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Məhkəmə hesab edir ki, mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi aidiyyəti müəyyən edilməli, iddia tələbinin yönəldiyi şəxs müəyyən edilməli, məhkəmə tərəfindən həmin şəxsə iddia ərizəsinin surətinin göndərilməsi və işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrinin izahı haqqında bildiriş göndərilməsi təmin olunmalıdır. Ölmüş şəxsə münasibətdə isə bu tələblərə əməl edilə bilməz. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.2 və 284- 3.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları göstərilməlidir. Hazırki mülki iş üzrə yuxarıda qeyd olunan cavabdeh öldüyündən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 284-3.2.2-ci maddənin tələblərinə əməl edilməmişdir. Çünki qanunvericiliyin tələbinə əsasən iddia ərizəsində cavabdehin yaşayış yeri həmçinin olduğu halda iş yeri göstərilməlidir. Ölmüş fiziki şəxsin yaşayış yerinin iddia ərizəsində qeyd olunması mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.2-ci maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud həmin Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Həmçinin iddiaçıya izah olunmalıdır ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 vasitəsilə 06 yanvar 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, “X1” Açıq Səhmdar Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 vasitəsilə 06 yanvar 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar