Məhkəmə qərarları › İş №e-2(078)-362/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-362/2022

23.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-362/2022 23.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçı AG Telekom MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən e t d i m: İddiaçı AG Telekom MMC iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 116.49 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 150 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 296 manat 89 qəpik məbləğində vurulmuş maddi ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Elektron Məhkəmə İnformasiya Sistemində olan iddia ərizəsindən aydın olur ki, həmin iddia ərizəsinin sonunda Nümayəndə adı qeyd olunsa da elektron sistemdə isə iddia ərizəsini imzalayan şəxs qismində X2 göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş 04 oktyabr 2021-ci il tarixli etibarnamədən görünür ki, X1 iddia ərizəsinin imzalanması səlahiyyəti verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlara əsasən iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Mülki Prosessual Məcəllənin 150.1 və 150.1.5-ci maddələrinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı AG Telekom MMC iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, AG Telekom MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, iddiaçı AG Telekom MMC tərəfindən “X3” vasitəsilə 16 fevral 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, AG Telekom MMC Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı AG Telekom MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı AG Telekom MMC tərəfindən “X3” vasitəsilə 16 fevral 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı AG Telekom MMC-nə izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar