Məhkəmə qərarları › İş №e-2(078)-370/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-370/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-370/2022 16.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40000 (qırx min) manat borcun və 210 (iki yüz on) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin əvvəllərində uzun müddətdir tanıdığı və dostluq etdiyi Eyvazla söhbət edərkən dayısı Sevindiyin ticarətlə məşğul olduğunu, hazırda pula ehtiyacının olduğunu bildirərək ona borc pul verməyisini xahiş etmiş, Eyvazla uzun müddət dostluq etdiyinə görə ona yox deyə bilmədiyi üçün razılaşmışdır. Sonra Eyvazla birlikdə dayısı Cavabdeh ilə görüşmüş, söhbət əsnasında Sevindiklə belə razılaşmışlar ki, o, Sevindiyə 40000 (qırx min) manat borc pul versin. O da bildirdi ki, bir il müddətinə borcu qaytaracaq. Bu razılaşmaya əsasən notariusa getmişlər. 26 aprel 2018-ci ildə Bakı şəhərində yerləşən 32 saylı notariat kontorunda Cavabdeh ilə bir il müddətinə yəni 26 aprel 2019-cu il tarixədək qaytarmaq şərti ilə kredit müqaviləsi bağlayaraq ona 40000 (qırx min) manat pul vermişdir. Müqavilədə müəyyən olunmuş müddət başa çatdıqdan sonra Sevindikdən ona borclu olduğu pulu istəməyə başlamışdır. Hər dəfəsində yaxın vaxtlarda borcunu ödəyəcəyini bildirsə də borcu ödəməmişdir. Borcun ödənilməsi barədə dəfələrlə Eyvazdan da xahiş etmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh bu günədək borcun ona qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə ödəməli olduğu boru geri verməkdən boyun qaçırdır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 40000 (qırx min) manat borc məbləğinin cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı 2018-ci ilin əvvəllərində uzun müddətdir tanıdığı və dostluq etdiyi Eyvazla söhbət edərkən dayısı Sevindiyin ticarətlə məşğul olduğunu hazırda pula ehtiyacının olduğunu bildirərək ona borc pul verməyini xahiş etmiş, iddiaçı da Eyvazla uzun müddət dostluq etdiyinə görə ona yox deyə bilmədiyi üçün razılaşmışdır. Sonra Eyvazla birlikdə dayısı Cavabdeh ilə görüşüb, söhbət əsnasında Sevindiklə belə razılaşmışdır ki, o Sevindiyə 40000 (qırx min) manat borc pul verəcək. O da bir il müddətinə borcu qaytaracaq. Bu razılaşmaya əsasən tərəflər notariusa gedib 26 aprel 2018-ci ildə Bakı şəhərində yerləşən 32 saylı notariat kontorunda Cavabdeh ilə bir il müddətinə yəni 26 aprel 2019-cu il tarixədək qaytarmaq şərti ilə kredit müqaviləsi bağlayaraq ona 40000 (qırx min) manat pul vermişdir. Müqavilədə müəyyən olunmuş müddət başa çatdıqdan sonra iddiaçı Sevindikdən borclu olduğu pulu istəməyə başlayıb. Hər dəfəsində yaxın vaxtlarda borcunu ödəyəcəyini bildirsə də, borcu ödəməmişdir. Borcun ödənilməsi barədə dəfələrlə Eyvazdan da xahiş etmiş lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh bu günədək borcunu iddiaçıya qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcu geri verməkdən boyun qaçırdır. Artıq bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlib. İddiaçı pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmasını, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 40000 (qırx min) manat borc məbləğinin cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili təmsil etdiyi şəxs İddiaçı ilə əlaqə saxladığını müqavilə bağlandıqdan sonra cavabdehin ona 2000 (iki min) manat pul göndərdiyini bildirmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, əslində bu borc 2014-cü ildə 20000 (iyirmi min) ABŞ dolları olaraq verilib. Şahin onun uzaqdan tanıdığı bir tanışıdır. Şahin neçə illər Naxçıvan MR "xxxx" MMC-də yaxşı vəzifədə işləyib. Bir gün Şahinlə söhbət edəndə Şahin ona dedi ki, “Sevindik dayı mənim əlimdə bir az pulum var. Mən onu dövriyyə verib əlavə gəlir əldə etmək istəyirəm. Bu barədə mənə köməklik edərsən?” O da razılaşmışdır. Çünki o vaxtlar o Bakıdan Ukrayna Respublikası və Rusiya Federasiyası ilə əlaqəli alver edirdi. Vergi ödəyicisidir və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bakıdan taxta vurur və Ukraynada satılırdı. Uzun illər belə ticarətlə məşğul olmuşdur. Şahin ona 20.000 ABŞ dolları pul verdi. Onda Azərbaycanda dolların manata olan məzənnəsi 0.78 qəpik təşkil edirdi. Həmin pulu götürmüşdür. Sonra Həştərxana satış məqsədilə çay məhsulu vurur, 1-ci dəfə həmin alverdən 5000 manat qazanc əldə etmişdir. Həmin qazancın yarısı yəni 2500 manatı Şahinin payına düşürdü. Şahinin verdiyi pulun üzərinə 2500 manat pul gəldi. Bu barədə Şahinə xəbər verəndə Şahin dedi ki, “Sevindik dayı qoy elə sənə verdiyim pulun üzərinə qalsın. Sonra səndən alaram.” O da razılaşmışdır. Lakin sonra həmin ticarətdə xeyli iflasa uğramışdır. O da xeyli ziyana düşmüşdür. Şahinə məlumat verdi ki, bu alver alınmadı və ziyana getmişdir. Bu hadisə 2016-cı ildə baş vermişdir. Sonra Şahin işlədiyi “Gəmiqaya “ MMC-də problemlər yaşadı və işdən azad edildi. Şahin Bakıya köçdü və hazırda da Bakıdadır. Lakin dəfələrlə ondan pulunu tələb edir və pulunu dollar məzənnəsi ilə tələb edir. Hazırda dolların manata olan nisbəti 1.70-dir. Şahin isə 20000 dolları ona verəndə dolların kursu aşağı idi. Ancaq o yenə də Şahinə demişdir ki, “darıxma mən sənə köməklik edib, pulunu qaytaracam”. Hələ bir dəfə Şahinə Bakı şəhərində başqa bir şəxsin vasitəsilə 2000 manat pul vermişdir. Heç həmin şəxsi tanımır. Şahin dedi ki, etibar etdiyi adamdır, pulu versin ona o da verdi. Şahin o qədər onu narahat edirdi ki “bəs mənim pulumu ver” o da axırda məcbur qalıb Şahinə dedi ki, “mən sənə necə kömək edə bilərəm?”. Şahin də dedi ki, “gəl gedək notariusa borc müqaviləsi bağlayaq”. O razılaşmışdır, çünki Şahinə borclu idi. O razılaşmış və notariusda borc müqaviləsi bağlayanda demişdir ki, hazırda borcu 18500 (on səkkiz min beş yüz) manatdır. Şahin də dedi ki, “sən indidən mübahisə yaradırsan dollar bahalaşıb, sənin mənə 40000 (qırx min) manat borcun var”. Şahini bu vəziyyətdən qurtarmaq üçün görünüş olaraq 40000 manat borclu olması ilə bağlı öhdəlik götürmüşdür. Müqaviləni 2018-ci ildə bağlamışlar. Onun hesabladığı qədər ilə Şahinə 18500 manat borcu var idi, dolları 0.78 ilə hesablayır. Əlavə 2000 manat Şahinə pul göndərmişdir və onun 16500 (on altı min beş yüz) manat borcu qalıbdır. Ancaq yenə də çalışıb Şahinə olan borcunu verəcək. O da bilir ki, Şahinə borcu var. Lakin hazırda işsizdir. Tezlikdə borcu qaytaracaqdır. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh bildirmişdir ki, onun adına VÖEN var, lakin onu sonra bağlatdırmışdır. Şahinlə ticarətlə məşğul olmuşlar. İşləri o aparmış, hər dəfə məlumatı Şahinə vermişdir. Şahin Naxçıvanda idi həmin zaman. Şahinin adına VÖEN olub-olmadığını bilmir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını tədqiqi edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istinsa deyil. Nəticə etibarı ilə onların hər birinini dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. Hər bir halda, tələbin uğurluluğu məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının müvafiq normanın dispozisiya şərtlərinə uyğun gəlib-gəlməməsindən asılı olacaq. Hazırkı işdə məhkəmələrin müəyyən etməli olduğu mühüm hal-İddiaçı ilə Cavabdeh arasında borc münasibətlərinin yaranıb-yaranmaması ilə bağlı məsələdir. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin dispozisiya şərtlərinə görə pulun verilməsinə münasibətdə sübutetmə yükü iddiaçının, pulun qaytarılmasına münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İddiaçı pulun cavabdehə verilməsinə dair kredit müqaviləsi təqdim etmişdir. İş materiallarına əlavə edilən 26 aprel 2018-ci il tarixli kredit müqaviləsinin 1-ci bəndinə görə “borc verən” “borc alan”a 40000 (qırx min) manat məbləğində pul borc verir. Həmin müqavilənin 2-ci bəndinə görə “borc alan” krediti 26.10.2019-cu il tarixədək “borc verən”ə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3-cü bəndinə görə tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Göründüyü kimi iddiaçı müqavilə təqdim etməklə pulun cavabdehə verilməsini sübuta yetirmişdir. Belə ki, müqavilə həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıöz tələbinin əsası kimi istnad etdiyi halları sübuta yetirə bilmişdir. Məhkəmə cavabdehin izahatında bildirdiyi pulun reallıqda 2014-cü il tarixdə ABŞ dolları olaraq 20000 (iyirmi min dollar) şəklində verilməsi, həmin vaxt dolların manatla məzənnəsinin 0.78 manat təşkil etməsi, pulun verilməsində məqsədin ortaq iş görmək olması, onun vergi ödəyicisi olması və görülən işləri özü aparması, bu barədə iddiaçıya məlumat verməsi, sonuncu işin uğursuzluğu səbəbindən pulun qaytarılmasının mümkün olmaması, 2000 manat müqavilə bağladıqdan sonra iddiaçıya pul verməsi, qazancın iddiaçı ilə yarı bölünməsinə dair arqumentləri üzrə aşağıdakıları qeyd edir. İş materiallarında olan vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən aydın olur ki, Cavabdeh 27.10.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir. Elektron məhkəmə informasiya sistemindən İddiaçı vergi məlumatlarından Çıxarışdan aydın olur ki, İddiaçı 21.08.2013-cü il tarixdə vergi ödəyicisi olaraq qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-in 24.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə görə məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır Məhkəmə yuxarıda göstərilən prosessual hüquq normalarını cavabdehin izahatı, iş materiallarında olan sənədlərlə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, cavabdeh bununla bağlı konkret və mötəbər sübutlarını təqdim etməmişdir. Belə ki, iddiaçının və cavabdehin vergi ödəyicisi kimi qeydiyyata alınması işin aidiyyətini müəyyən etmək üçün qanunvericilikdə nəzərdə tutulan üç başlıca şərtin sadəcə birini təşkil edir. Digər əsaslar yəni mübahisənin predmeti və hüquq münasibətinin xarakteri də işin aidiyyətini müəyyən etmək üçün başlıca şərtdir. Hazırki işdə cavabdeh hüquq münasibətinin xarakterinin məhz birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, gəlir əldə etmək, qazanc götürmək olması, dolların manata olan keçmiş məzənnəsi ilə onun 16500 (on altı min beş yüz) manat borclu olması ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin pulun iddiaçı tərəfindən 2014-cü il tarixdə ABŞ dolları olaraq 20000 (iyirmi min) verilməsini qeyd etsə də bunu sübuta yetirə bilməmiş, digər tərəfdən 2018-ci il tarixli kredit müqaviləsinin onun tərəfindən imzalanmasını təsdiq etmişdir. Yəni cavabdeh 2018-ci il tarixdə tərəflər arasında bağlanan müqavilənin reallıqda mövcud olmayan sadəcə görünüş üçün bağlanan müqavilə olmasına dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh öz arqumentlərinin təsdiqi üçün sübutlarını təqdim etmədiyi halda tərəflər arasında bağlanan müqavilənin etibarlılığını şübhə altına alınması əsası da olmamışdır. Cavabdeh iddiaçıya olan borcundan 2000 (iki min) manat ödədiyini bildirmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil bu halı təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2000 (iki min) manat pul ümumi borc məbləğindən çıxılmalı, qalan 38000 (otuz səkkiz min) manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia qismən təmin edildiyindən İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan Filialına 22 fevral 2022-ci il tarixdə 146 nömrəli qəbzlə ödənilən 210 (iki yüz on) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 200 (iki yüz) manatı Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilməli, Cavabdeh 38000 (otuz səkkiz min) manat pul alınıb İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. İddia qismən təmin edildiyindən İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan Filialına 22 fevral 2022-ci il tarixdə 146 nömrəli qəbzlə ödənilən 210 (iki yüz on) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 200 (iki yüz) manatı Cavabdeh alınıb İddiaçı verilməlidir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilsin. Cavabdeh 38000 (otuz səkkiz min) manat pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan Filialına 22 fevral 2022-ci il tarixdə 146 nömrəli qəbzlə ödənilən 210 (iki yüz on) manat dövlət rüsumunun 200 (iki yüz) manatı Cavabdeh alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar