Məhkəmə qərarları › İş №e-2(078)-415/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-415/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-415/2024 22.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9798.65 AZN əsas, 462.96 AZN faiz, cəmi 10261.61 AZN məbləğində vəsaitin və ödənilmiş 120.78 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, iddia ərizələrinin tam əsaslı və qanuni olduğunu, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2023-cü il tarixli, RGTK9883783A500 saylı kredit müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 20 faiz dərəcəsi ilə, 9877.92 AZN kredit verildiyini, kredit müqaviləsinə əsasən cavabdehin müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini və banka olan borcunu tam qaytarmadığını, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini, nəticədə cavabdehin 25 yanvar 2024-cü il tarixə İddiaçı ASC-yə 9798.65 AZN əsas, 462.96 AZN faiz, cəmi 10261.61 AZN borcunun yarandığını, bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılmasının təmin edilmədiyini, bunları nəzərə alaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9798.65 AZN əsas, 462.96 AZN faiz, cəmi 10261.61 AZN məbləğində vəsaitin və ödənilmiş 120.78 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasında iddia tələbini qəbul etdiyini, kredit müqaviləsi bağlayaraq pul götürdüyünü, əvvəllər işlədiyi üçün müqavilə şərtlərini yerinə yetirdiyini, hazırda işləmədiyini, fərdi qaydada fəhləlik etdiyini, ailəsində narahatçılıq olduğundan kirayədə yaşadığını, bu səbəbdən ödəmələri tam yerinə yetirə bilmədiyini, pensiya aldığını, ödəmənin pensiyadan tutulduğunu, az olduğundan bankın məhkəməyə müraciət etdiyini, iddia tələbinin təmin olunmasına etirazının olmadığını, qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 24 fevral 2023-cü il tarixli, RGTK9883783A500 nömrəli Kredit Müqaviləsinə əsasən, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərtilə 9877.92 (doqquz min səkkiz yüz yetmiş yeddi manat doxsan iki qəpik) AZN məbləğində kredit verilməsini, borcalan isə aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. Kredit borcalana gündəlik tələbat məqsədilə verilir. Kredit 59 ay müddətinə verilir. Kreditdən istifadəyə görə borcalan illik 20% ödəyir. 25 yanvar 2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 25 yanvar 2024-cü il tarixə 9798.65 AZN əsas, 462.96 AZN faiz, cəmi 10261.61 borcu yaranmışdır. Məhkəmə iddia ərizəsinə, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanılmış, cavabdeh öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmiş, nəticədə icranı gecikdirmişdir. Məhkəmə hazırki mülki iş üzrə yuxarıda göstərilən maddi və prosessual qanunvericilik normalarına istinad edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh 9798.65 (doqquz min yeddi yüz doxsan səkkiz manat altmış beş qəpik) manat əsas borc və 462.96 (dörd yüz altmış iki manat doxsan altı qəpik) manat faiz borcu olmaqla, cəmi 10261.61 (on min iki yüz altmış bir manat altmış bir qəpik) manat məbləğində borc və 120.78 (yüz iyirmi manat yetmiş səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, Cavabdeh tərəfindən iddianın etiraf edilməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsində nəzərdə tutulan əsaslar iş üzrə müəyyən edilmədiyindən, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən: 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli "Məhkəmə qətnaməsi haqqında" qərarının 6.6-cı bəndinə əsasən, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıbazaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 9798.65 (doqquz min yeddi yüz doxsan səkkiz manat altmış beş qəpik) manat əsas borc və 462.96 (dörd yüz altmış iki manat doxsan altı qəpik) manat faiz borcu olmaqla, cəmi 10261.61 (on min iki yüz altmış bir manat altmış bir qəpik) manat məbləğində borc və 120.78 (yüz iyirmi manat yetmiş səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar