Məhkəmə qərarları › İş №e-2(078)-425/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-425/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-425/2022 23.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 avqust 2020-ci il tarixli, İK1000673 saylı kredit müqaviləsinə əsasən 16 mart 2022-ci il tarixinə tələb olunan 635.10 (altı yüz otuz beş manat on qəpik) manat gecikdirilmiş faiz borcu, 1351.63 (bir min üç yüz əlli bir manat altmış üç qəpik) manat gecikdirilmiş əsas borc, 61.61 (altmış bir manat altmış bir qəpik) manat faiz borcu, 3659.31 (üç min altı yüz əlli doqquz manat otuz bir qəpik) manat əsas borc olmaqla, ümumilikdə 5707.65 (beş min yeddi yüz yeddi manat altmış beş qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 77.08 (yetmiş yeddi manat səkkiz qəpik) manat dövlət rüsumunun cavabdehdən tutulub "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış 11 avqust 2020-ci il tarixli, İK1000673 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən illik 17% (on yeddi) dərəcəsilə, 36 ay müddətinə 6500 (altı min beş yüz) manat məbləğində istehlak krediti verilmişdir. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsini müqavilənin 1.1. bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq lazımı qaydada icra etməmiş və 16 mart 2022-ci il tarixinə kredit reyestrində Cavabdeh adına 245 gecikmə günü qeydə alınmışdır. Dəfələrlə tərəflərindən borclu ilə telefonla əlaqə saxlanılmasına, 14 yanvar 2022-ci il tarixində cavahdehə müvafiq xəbərdarlıq məktubu ünvanlanmasına baxmayaraq öhdəlik lazımı qaydada icra olunmamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, 23 iyun 2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda 23 iyun 2022-ci il tarixdə olan məhkəməyə maddi imkanı olmadığı üçün gələ bilmədiyini, iddianı təsdiq etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanması, sonuncuya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən illik 17% dərəcəsilə, 36 ay müddətinə 6500 (altı min beş yüz) manat məbləğində istehlak krediti verilməsi işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 11 avqust 2020-ci il tarixli, İK1000673 saylı kredit müqaviləsi ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh yaranmış borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlar və cavabdehin məhkəmədə verdiyi izahatdır. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onların qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmiş, qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və ya iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 11 avqust 2020-ci il tarixli, İK1000673 saylı kredit müqaviləsi imzalanmış və cavabdehə illik 17% dərəcəsilə, 36 ay müddətinə 6500 (altı min beş yüz) manat məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsinin 5.2-ci maddəsinin “a” bəndinə əsasən borcalan müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini ödəniş qrafikinə uyğun olaraq vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə Bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 11 sentyabr 2020-ci ildən başlayaraq 11 avqust 2023-cü il tarixədək ödəməli olması aydın olur. Həmin ödəniş cədvəli cavabdeh tərəfindən imzalanmışdır. 16 mart 2022-ci il tarixli, 57 nömrəli arayışa əsasən Cavabdeh iddiaçı təşkilata 635.10 (altı yüz otuz beş manat on qəpik) manat gecikdirilmiş faiz borcu, 1351.63 (bir min üç yüz əlli bir manat altmış üç qəpik) manat gecikdirilmiş əsas borc, 61.61 (altmış bir manat altmış bir qəpik) manat faiz borcu, 3659.31 (üç min altı yüz əlli doqquz manat otuz bir qəpik) manat əsas borc olmaqla, ümumilikdə 5707.65 (beş min yeddi yüz yeddi manat altmış beş qəpik) manat kredit borcu qaldığı məlum olur. Həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsindən, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş kassa məxaric orderi ilə öz təsdiqini tapır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə 6441 (altı min dörd yüz qırx bir) manat məbləğində pul Cavabdeh verilmiş və həmin kassa məxaric orderi cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2020-ci il tarixli, İK1000673 saylı kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə olunmuş 14 yanvar 2022-ci il tarixli pretenziya məktubdan isə Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməməsi və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xəbərdarlıq göndərilməsi aydın olur. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini əsaslı qəbul edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 77.08 (yetmiş yeddi manat səkkiz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - 11 avqust 2020-ci il tarixli, İK1000673 saylı kredit müqaviləsi üzrə 635.10 (altı yüz otuz beş manat on qəpik) manat gecikdirilmiş faiz borcu, 1351.63 (bir min üç yüz əlli bir manat altmış üç qəpik) manat gecikdirilmiş əsas borc, 61.61 (altmış bir manat altmış bir qəpik) manat faiz borcu, 3659.31 (üç min altı yüz əlli doqquz manat otuz bir qəpik) manat əsas borc olmaqla, ümumilikdə 5707.65 (beş min yeddi yüz yeddi manat altmış beş qəpik) manat kredit borcu Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -77.08 (yetmiş yeddi manat səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 11 avqust 2020-ci il tarixli, İK1000673 saylı kredit müqaviləsi üzrə 635.10 (altı yüz otuz beş manat on qəpik) manat gecikdirilmiş faiz borcu, 1351.63 (bir min üç yüz əlli bir manat altmış üç qəpik) manat gecikdirilmiş əsas borc, 61.61 (altmış bir manat altmış bir qəpik) manat faiz borcu, 3659.31 (üç min altı yüz əlli doqquz manat otuz bir qəpik) manat əsas borc olmaqla, ümumilikdə 5707.65 (beş min yeddi yüz yeddi manat altmış beş qəpik) manat kredit borcu Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 77.08 (yetmiş yeddi manat səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar