Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-47/2023 25.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı təşkilat "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 04 iyun 2020-ci il tarixli, İK0406/06 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 5901.94 (beş min doqquz yüz bir manat doxsan dörd qəpik) manat əsas, 1471.17 (bir min dörd yüz yetmiş bir manat on yeddi qəpik) manat faiz, 526.91 (beş yüz iyirmi altı manat doxsan bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7900.02 (yeddi min doqquz yüz manat iki qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 99 (doxsan doqquz) manat dövlət rüsumunun birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 04 iyun 2020-ci il tarixli, İK0406/06 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 7000 (yeddi min) manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 04 iyun 2020-ci il tarixli, ZM0406/06 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən tərəfimizdən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və Borcalan və Zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, zaminlik müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kredit ödənişləricədvəli və kassa məxaric orderidir. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 2.10cu maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. Kredit müqaviləsinin 8.2-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zamin kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış fazilərin kreditora tam ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci bəndində isə Zamin Borcalanın kreditor qarşısında Kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla Borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşımasımüəyyənləşdirilir. Cavabdeh2 tərəflər arasında bağlanmış 04 iyun 2020-ci il tarixli, İK0406/06 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 5901.94 (beş min doqquz yüz bir manat doxsan dörd qəpik) manat əsas, 1471.17 (bir min dörd yüz yetmiş bir manat on yeddi qəpik) manat faiz, 526.91 (beş yüz iyirmi altı manat doxsan bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7900.02 (yeddi min doqquz yüz manat iki qəpik) manat kredit borcu öhdəliyi var. İddiaçı təşkilat sonda qeyd olunanların, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarının nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən iddiaçı təşkilatın nümayəndəsi X1 iddianı müdafiə etdiyini bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh2 iddianı qəbul edərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, həqiqətən də onun iddiaçı təşkilata iddia ərizəsində göstərdikləri miqdarda borcu var. Onunla iddiaçı təşkilat arasında kredit müqaviləsi bağlanıbdır. Hazırda işsiz olduğu üçün borcunu ödəyə bilmir. Cavabdeh1 ona görə bank qarşısında zamindir. Banka olan borcunu hissə-hissə ödəyib qaytaracaq. Bunların nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə digər Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin maddəyə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin materiallarına əlavə olunmuş 04 iyun 2020-ci il tarixli, İK0406/06 saylı İstehlak krediti müqaviləsinin surətindən görünür ki, həqiqətən "xxxx" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh2 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 1-ci bəndinə əsasən Bank Borcalana istehlak məqsədilə illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 7000 AZN məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən kredit məbləği borcalana illik 17 % dərəcəsi ilə verilir. Faizlər annuitet qaydasında hesablanır, nəticədə kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 17.65 %-dir. Müqavilənin 2.4-cü bəndinə əsasən kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yaranma tarixindən (bu tarix daxil edilir) başlayır və bu borcun qaytarılması tarixində (bu tarix daxil edilmir) qurtarır. Faizlərin ödənilməsi kreditin qaytarılması ilə birlikdə hər ay həyata keçirilir. Ödənişlər müəyyən dövrlər üzrə həyata keçirildiyi halda faizlərin ödənilməsi tarixi ödəniş aparılan dövrə daxil edilmir. İş materiallarına əlavə edilmiş 04 iyun 2020-ci il tarixli, İK0406/06 saylı kredit müqaviləsinə əlavənin surətindən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. İş materiallarına əlavə olunmuş 04 iyun 2020-ci il tarixli, ZM0406/06 saylı saylı Zaminlik müqaviləsinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə "xxxx" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh1 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinin şərtinə əsasən Zamin 04 iyun 2020-ci il tarixli, İK0406/06 saylı İstehlak krediti müqaviləsi üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürür. Cavabdeh2 və Cavabdeh1 Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borclular kredit müqaviləsinin şərtlərini yerinə yetirməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 355 nömrəli arayışın surətindən məlum olur ki, 04 iyun 2020-ci il tarixli, İK0406/06 saylı İstehlak krediti müqaviləsi üzrə Cavabdeh2 həmin tarixə Banka 5901.94 (beş min doqquz yüz bir manat doxsan dörd qəpik) manat əsas, 1471.17 (bir min dörd yüz yetmiş bir manat on yeddi qəpik) manat faiz, 526.91 (beş yüz iyirmi altı manat doxsan bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7900.02 (yeddi min doqquz yüz manat iki qəpik) manat məbləğində borcu mövcuddur. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı əsas borcluya faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh2 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımnca icra etməmiş və buna görə də cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli e-2(078)-1065/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış, Mərkəzin 28 dekabr 2022-ci il tarixli 369 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və 04 iyun 2020-ci il tarixli, İK0406/06 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 iddiaçı "xxxx" ASC-nə xx.xx.2022-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) kredit üzrə olan əsas borcu 5939.91 manat, faiz borcu üzrə 1691.39 manat olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizada ekspert qarşısına qoyulan suallardan cərimə borcunun hesablanmasına münasibətdə hesablanmamışdır. Məhkəmə iddia tələbi ilə ekspert rəyini qarşılıqlı şəkildə tədqiq edib ekspert rəyini sübut kimi qiymətləndirmir. Belə ki, rəydə iddia tələbindən kənara çıxılmaqla artıq məbləğdə əsas borc və faiz borcu hesablanmışdır. Məhkəmə tərəflərin verdiyi tələb üzrə qətnamə qəbul edir və müstəsna hallarda tələbdən kənara çıxır. Hazırki vəziyyətdə cavabdehlərin hüquqlarının pozulmasına gətirib çıxaran kənara çıxılmanı məhkəmə müstəsna hal hesab etmir və verilən tələb daxilində işə baxılmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddiası təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 04 iyun 2020-ci il tarixli, İK0406/06 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 5901.94 (beş min doqquz yüz bir manat doxsan dörd qəpik) manat əsas, 1471.17 (bir min dörd yüz yetmiş bir manat on yeddi qəpik) manat faiz, 526.91 (beş yüz iyirmi altı manat doxsan bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7900.02 (yeddi min doqquz yüz manat iki qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün xx.xx.2022-ci il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********* qəbz nömrəsi ilə ödənilmiş 99 (doxsan doqquz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 04 iyun 2020-ci il tarixli, İK0406/06 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 5901.94 (beş min doqquz yüz bir manat doxsan dörd qəpik) manat əsas, 1471.17 (bir min dörd yüz yetmiş bir manat on yeddi qəpik) manat faiz, 526.91 (beş yüz iyirmi altı manat doxsan bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7900.02 (yeddi min doqquz yüz manat iki qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün xx.xx.2022-ci il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********* qəbz nömrəsi ilə ödənilmiş 99 (doxsan doqquz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-47/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-47/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver