Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-472/2022 03.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(078)-542/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmaqla 07 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin və uşağın əlavə xərcləri kimi 200 (iki yüz) manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 02 avqust 2019-cu il tarixli 2(078)-542/2019 saylı qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan övladı 07 oktyabr 2015-ci il təvəllüdlü X2 onun himayəsində qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay 130 manat alimentin tutulması qət edilmişdir. Hazırda uşaqlar üçün yaşayış minimumu artmışdır. Belə ki, yeni Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Həmçinin aylıq 193 manat yaşayış minimumu kimi nəzərdə tuutulsa da bugünki gün uşağın normal yaşayışı üçün ayda 300 manat alimentin müəyyən edilməsi zəruridir. Son zamanlar qiymətlərin nə dərəcədə bahalaşması hər kəsə məlumdur. Hazırda cavabdehdən tutulmalı olan alimentin miqdarı uşağın layiqli həyat şəraitinin təmin olunması üçün kifayət etmir. Həmçinin nəzərə alınmalıdır ki, hər il uşaqarın yaşayış minimumu artırılır və alimentin artırılması barədə tələbin hər il sürülməsi məhkəmələrin iş yükünün artmasına səbəb olur. Aylıq 130 manat isə xeyli azdır, heç uşağın yaşayış minimumuna belə kifayət etmir. Cavabdeh hazırda işləyir, aylıq gəliri yüksəkdir və 300 manat aliment ödəmək iqtidarındadır. Uşağa görə tutulan aliment onun yalnız qidalanması, geyimi yəni yaşayış minimumu üçün nəzərdə tutumuşdur. Uşağın əlavə xərclərini qarşılamır. Uşaq ibtidai məktəbin birinci sinifində oxuyur. O bütün arzularını, xəyallarını uşağına bağlamışdır, onunla nəfəs alır. Təlim tərbiyəsinə təhsilinə çox ciddi diqqət ayırır. Dərslərindən geri qalmasın deyə əlavə hazırlıq kurslarına yazdırmışdır. Lazimi dərs vəsaitləri alır, uşağın qayğısına qalmaq üçün lazım olan hər şeyi etməyə çalışır. Uşağı maddi cəhətdən saxlamaq onun üçün çox çətindir. Cavabdehin bir valideyn kimi yalnız uşağın yaşayış minimumunu qarşılamaqdan əlavə bir ata kimi uşağın əlavə xərclərdə iştirak etmək vəzifəsi vardır. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Maddi cəhətdən imkanlıdır. Ona görə də cavabdehin uşağın əlavə xərcində iştirakına cəlb olunmasını istəyir.Hesab edir ki, uşağın əlavə xərclərini qarşılamaq üçün cavabdehdən hər ay 200 manat tutularaq ona ödənilməlidir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflərin birgə nikahlarından 07 oktyabr 2015-ci il təvəllüdlü X4 adlı övladları var. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(078)-542/2019 saylı qətnaməsi ilə pozulmuş, boşanmadan sonra 07 oktyabr 2015-ci il təvəllüdlü X4 anasının yanında saxlanılmaqla onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 27 mart 2019-cu il tarixindən hesablanmaqla hər ay 130 (bir yüz otuz) manat miqdarında aliment tutulmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə 03 avqust 2022-ci il tarixdə yazılı izahatını göndərmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə yazılı izahatında iddia ərizəsində qeyd edilən halları göstərməklə yanaşı göstərmişdir ki, məhkəmə hazırlıq iclasında müəyyən edilmiş hallar Naxçıvan MR DİN X7 İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2022ci il tarixli 1/542 nömrəli cavab məktubundan müəyyən olunur ki, cavabdeh 2016-cı ildən bəri 27 avtomobil alğı-satqı müqaviləsi bağlamışdır. Hazırki avtomobili olan “Kia Sportage” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 25.500 manata almışdır. Lakin həmin avtomobilin real qiyməti daha yüksəkdir. Bu onu göstərir ki, cavabdeh qeyri-rəsmi olaraq avtomobil alğı-satqısı ilə məşğul olmaqla gəlir əldə edir. Çünki 5 il mütəmadi olaraq avtomobil alıb-satmaq və bunun 1 ilinə ortalama 5 alqı-satqı müqaviləsi bağlamaq normal avtomobil idarəçilərinə xas xüsusiyyət deyil. Bu avtomobil alveri ilə məşğul olmanın bariz sübutudur. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti vəkil sorğusuna xx.xx.2022-ci il tarixli 02/321 nömrəli cavab məktubundan müəyyən edilir ki, cavabdehin mülkiyyətində ünvan 1 ünvanında yerləşən 111.11 kv.m torpaq sahəsi və ümumi sahəsi 120.48 kv.m olan 4 otaqlı fərdi yaşayış evi vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli **********11 nömrəli cavab məktubundan müəyyən olunur ki, cavabdehin mülkiyyətində ünvan 2 ünvanında yerləşən mənzil vardır. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında etiraf etmişdir ki, mülkiyyətində ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzili qeyri-rəsmi olaraq kirayəyə verməklə gəlir əldə etmişdir. Hamıya bəlli olan haldır və internet vasitəsilə də kirayəyə verilən evlərin elanlarından müəyyən etmək olar ki, bugünki gün Bakı şəhərində 3 otaqlı mənzilin kirayə haqqı 500-600 manat civarındadır. Cavabdeh özü Naxçıvan şəhərində yerləşən ona məxsus evdə daimi olaraq yaşadığı üçün Bakı şəhərindəki evini kirayəyə verməklə asanlıqla gəlir əldə etmək imkanına malikdir. Hazırda Bakı şəhərində kirayə evə olan tələbat yüksək səviyyədədir. Naxçıvan MR Dövlət Vergi Xidmətinin vəkil sorğusuna verilmiş 25 aprel 2022-ci il tarixli **********879800 nömrəli cavab məktubundan müəyyən edilir ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə Naxçıvan Şəhər vergilər İdarəsində ev (kənd təsərrüfatı) quşlarının yetişdirilməsi (01471) fəaliyyət növü üzrə fərdi sahibkar kimi qeydiyyata alınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında etiraf etmişdir ki, Türkiyə Respublikasından mal gətirib Azərbaycanda satışı ilə məşğul olmuş və bu sahədə gəlir əldə etmişdir. Cavabdehin izahatı və onun tərəfindən təqdim edilmiş ümumvətəndaş pasportu ilə müəyyən edilmişdir ki, cavabdeh hər il mütəmadi olaraq dəfələrlə xarici ölkələrə qısa və uzunmüddətli səfərlərə getmişdir. Bu hal cavabdehin maddi vəziyyətinin yaxşı olduğunu təsdiq edir. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında etiraf etmişdir ki, şəxsən özü uşağın gözünün müalicəsinə iki dəfə ümumilikdə 300 manat xərc çəkmişdir. Qalan hallarda anası bu xərcləri çəkməkdədir. Bu hal uşağın əlavə tibbi xərclərə ehtiyacı olduğunu və cavabdehin bu xərci qarşılamaq imkanında olduğunu təsdiq edir. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında etiraf etmişdir ki, ö ödədiyi 130 manatdan əlavə uşağı üçün lazım olan əlavə xərcləri özü çəkir. Onun artıq aliment ödəmək imkanı vardır. Lakin əlavə pulu aliment kimi ödəmək istəmir, lazım olduqca şəxsən bu xərcləri sərf edəcəkdir. Lakin iddiaçı aliment miqdarının artırılmasını istəyirsə aliment miqdarının artırılıb 160 manat olmasına etiraz yoxdur. 160 manatdan artıq rəsmi aliment ödəmək istəmir. Cavabdehin bu etirafı bir daha təsdiq edir ki, onun maddi imkanı artıq məbləğdə aliment ödənilməsinə imkan verir. Bütün Naxçıvan şəhərində market işlədən şəxslər bilir ki, hətta özü də əvvəlki məhkəmə iclası başlamazdan 1 gün əvvəl görərək şahid olmuşdur ki, cavabdeh müxtəlif növ kolbasaların Naxçıvan şəhərində paylanması və satışı ilə məşğuldur. Belə ki, üzərində müxtəlif növ kolbasa və sosiskaların reklamı olan avtomaşını özü idarə edərək malları dükanlara paylayır. Bu barədə sonuncu məhkəmə iclasında sual versə də həqiqətə uyğun olmayan cavab verərərək inkar etmişdir. İndi çoxlarının istifadə etdiyi “Getcontact” proqramı vasitəsilə cavabdehin telefon nömrəsindən çıxan adlarda onun adının qarşısında dəfələrlə “kolbasa”, “Sab”, “Payım”, “Kolbasa Bakı” “1001 Bərəkət Sab Bakı”, “Kolbasa min bərəkət”, “Naxçıvan ekspeditor”, “Kolbasa satışı”, “Bakı kolbasa”, “Kalbasa”, “Kalpasa”, “Qalbasa”, “Sab kolbasaları”, “58 minlik ev istəyən naxçıvanlı”, “Nefçilər boş 3 otaq 250”, “Min bərəkət halal nemət”, “Tahirin evini alan”, “Yük maşını alan”, “Manqalüstü” və sair ifadələr qeyd olunmuşdur. Bu ifadələri şərh etməyə ehtiyac yoxdur. Ayrı-ayrı şəxslər tərəfindən cavabdehin nömrəsinin bu adlarla qeyd etməsi onun qeyri-rəsmi olaraq və vergidən yayınaraq hansı fəaliyyətlə məşğul olduğunu təsdiq edir. Beləliklə cavabdehin maddi vəziyyətinin yaxşı olduğu sübuta yetirilmişdir. Hesab edir ki, cavabdehin iddianı təmin etməyə maddi imkanı kifayət edir. Ona görə də hesab edir ki, cavabdehlə birgə nikahdan olan 07 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat pulun aliment qismində tutularaq iddiaçıya ödənilməsi, eyni zamanda uşağın əlavə xərcləri kimi 200 manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. 04 may 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, tərəflər arasında olan nikah qeydi məhkəmə qətnaməsi ilə 2019-cu ildə pozulub. Tərəflərin nikahlarında olan 07 oktyabr 2015-ci il təvəllüdlü X4 ananın yanında saxlanılır. Cavabdeh tərəfindən hər ay 130 manat aliment ödənilir. Lakin bu məbləğ uşağın sağlam böyüməsi və inkişafı üçün aşağı bir məbləğdir. Cavabdehin adına olan əmlakları ilə bağlı, vergi ödəyicisi kimi qeydiyyatda olması ilə bağlı və fəaliyyəti ilə bağlı maraqlanmışdır və cavabdehin kifayət qədər artıq miqdarda aliment ödəmək imkanı vardır. Ona görə də hesab edir ki, cavabdeh uşağın saxlanılması üçün hər ay 300 manat aliment ödəyə bilər, uşağın əlavə xərclərdə iştirakında hər ay 200 manat ödəyə bilər. 17 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili əvvəlki izahatını bir daha təsdiq edərək əlavə olaraq cavabdehin tez-tez xarici ölkələrə gedib-gəldiyini qeyd edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 03 avqust 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Nümayəndə gəlməmiş və elektron ərizə göndərərək səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, yazılı izahatını təqdim etdiyini, əgər mümkün olarsa məhkəmə baxışının onun iştirakı ilə keçirilməsi üçün məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin məhkəməyə gəlməməsi səbəbinin üzrlü olması barədə hər hansı sübut təqdim etmədiyini, yazılı izahatını göndərdiyini, işə baxılması müddətini nəzərə alıb işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 04 may 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, nikahları 2019-cu ildə pozulub. O məhkəmə qərarı ilə hər ay 130 manat aliment ödəyir. Ancaq hər ay 130 manat alimentin üzərinə əlavə olaraq 30 manat qoyub 160 manat pul ödəyir. Uşaqlar üçün yaşayış minimumu 193 manatdır. Belə olan halda iddianın heç bir əsası yoxdur. İddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq cavabdeh bildirmişdir ki, 2020-ci ilin dekabr ayının 31-də ikinci dəfə ailə qurub. Yeni bir övladı doğulacaqdır. Onun adına VÖEN-i olsa da bağlatdırmışdır. Təxminən 2 ildən artıqdır ki, vöeni dayandırmışdır. Hazırda heç bir yerdə işləmir, əvvəl Türkiyə Respublikasına gedib mal gətirib paylamışdır, sonra fəaliyyəti dayandı. Adına iki ev vardır. Biri Naxçıvanda, biri Bakıdadır. Hər ikisi atasından miras qalan evlərdir. Adına bir avtomobil var, Kia Sportage markalı, başqa avtomobili yoxdur. Hər hansı icarəyə verdiyi əmlak yoxdur. Sonuncu dəfə 4 ay olar Türkiyəyə getmişdir. Sağlamlığı ilə bağlı Ərzuruma, oradan təyyarə ilə İstanbula getmişdir. Tez-tez Türkiyəyə getmir. O əlavə olaraq ikinci ailəsinin də qayğısını çəkir, o övladı üçün alimentdən əlavə də xərclər çəkir, bunu özünə bir vəzifə bilir. Uşağın saxlanılmasında anası ilə bərabər iştirak edir. 300 manat aliment məbləği çox yüksəkdir və qətiyyən həmin məbləğlə razılaşmır. 17 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçıya kifayət qədər aliment verir, onların məhkəmə qaydasında əmlak məsələləri də olubdur və o iddiaçıya həmin məsələdə güzəştə getmişdir. Onun xarici ölkələrə giriş-çıxışı olub, daha çox qonşu ölkələrə İran və Türkiyə Respublikalarına giriş-çıxış etmişdir. 03 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, onun adına olan VÖENİ dayandırmışdır və hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Bakı şəhərində yerləşən evini hər ay 300 manat məbləğində kirayə vermişdir və kirayə pulu ilə övladının tələbatlarını ödəyir. Özü kolbasa şirkətində dostuna kömək edir, şirkət onun dostunundur, o isə mal paylayır və ekspeditor kimi hər ay 450-500 manat pul alır. Bu hər hansı rəsmi iş deyildir. O əvvəl maşın alqı-satqısı etsə də son 4-5 ildir ki, belə bir fəaliyyəti yoxdur. Özü vergi ödəyicisi kimi fəaliyyətini dayandırmışdır və hər hansı vergi ödənişi olmamışdır. Çünki bu sahədə fəaliyyəti olmamışdır. İki dəfə qızının müalicəsi üçün 300 manat pul vermişdir. Çünki qızı Bakı şəhərinə nə vaxt gözü üçün müalicəyə gedibsə onun xərcini özü çəkibdir. Ən cüzi xəstəlik olduqda belə bir dərman almaq lazım olanda ona müraciət ediblər. Övladının bütün tələbatlarını özü qarşılayır. İddiaçı uşağı saxlamaqdan başqa bir qayğı çəkmir. Onun hər hansı maddi imkanı yoxdur. Özü ailəsini və qızını ancaq dolandırır. Hər hansı rəsmi gəliri və iş yeri yoxdur. Keçmişdə hər hansı fəaliyyətlə məşğul olması və gəliri olması bu gün də o fəaliyyətini davam etdirməsi demək deyildir. Bunun üçün onun heç bir rəsmi sənədi yoxdur. Bu gün o övladı üçün hər ay 160 mnata pul ödəyir. Həmin məbləği artırılmasını istəmir. Çünki bundan artıq aliment ödənilməsinə imkanı yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası alimentin artırılmasına münasibətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası çəkilən xərclərdə iştiraka münasibətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. - Naxçıvan Şəhər Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(078)-542/2019 saylı qətnaməsinin təsdiq edilmiş surətindən aydın olur ki, tərəflər arasında 04 aprel 2014-cü ildə bağlanmış nikah pozulmuş, nikahın pozulmasından sonra onların birgə nikahından olan 07 oktyabr 2015-ci il təvəllüdlü X4 iddiaçının yanında saxlanılmaqla, yetkinlik yaşına çatanadək Cavabdeh oğundan hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 02 avqust 2019cu il tarixli, 2(078)-542/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə bildirir ki, hər bir uşağın saxlanılmasında, onun tərbiyə edilməsində, qayğıları ilə məşğul olmada hər iki valideyn eyni qaydada məsuliyyət daşımaqla, bərabər iştirak etməlidir. Aliment uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi üçün onunla birlikdə yaşamayan və ya saxlanılmasıda iştirak etməyən valideyndən alınan maddi vəsaitdir. Təbii ki, uşağın qeyd edilən qayğıları ilə məşğul olmaq hər iki valideynin üzərinə düşür və aliment miqdarı da hər bir valideynin üzərinə düşən hissədə müəyyən edilir. Bu vəzifəni bir valideynin üzərinə qoymaq olmaz. Həmin qayğılar himayəsində olduğu vaxt ərzində uşağın yanında qaldığı valideynin üzərinə düşdüyündən və digər valideyn daimi uşaqla birlikdə yaşamadığından, həmin qayğılardan tam və ya qismən uzaq olduğundan aliment miqdarı qeyd edilən qayğılar nəzərə almaqla təyin edilir. Yəni aliment miqdarı özündə müəyyən mənada bu qayğıları əks etdirir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. İddiaçı övladının saxlanılması üçün cavabdehdən hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tələb edir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi prosesi sübutetmə materiallarının həm qanunun tələblərinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyət üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə görə yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, rəsmi yazılı sübutlar hüquqi və ya fiziki şəxslər tərəfindən tərtib olunur və qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq rəşmiləşdirilərək təsdiqlənir (məsələn, vətəndaşın dövlət orqanına ünvanladığı ərizə, müxtəlif arayışlar, diplomlar, qəbzlər və s). Texnikanın inkişafının indiki səviyyəsində istənilən rəsmi sənədi də saxtalaşdırmaq, onların məzmununu təhrif etmək mümkündür. Odur ki, yazılı sübut qismində yalnız həqiqiliyi heç bir şübhə doğurmayan, lazımi qaydada rəsmiləşdirilmiş və müvafiq rekvizitlərə malik olan sənədlər çıxış edə bilər. İddiaçı tələbinin əsaslandırmaq üçün bir neçə sübutlar məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin sübutları işin halları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, təqdim edilən sübutlar alimentin məhz iddiaçının qeyd etdiyi məbləğdə müəyyən edilməsinə əsas deyildir. Belə ki, iddiaçının nümayəndəsi və vəkilinin təqdim etdiyi sübutlar məhkəmə baxışında tədqiq edilmiş və müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi və vəkili yazılı izahatında cavabdehin avtomobil alqı-atqısı aparması və gəlir əldə etməsi qeyd etsə də və bu barədə Naxçıvan MR DİN X7 İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli 1/542 nömrəli cavab məktubu təqdim edilsə də, məktubda cavabdehin konkret olaraq həmin fəaliyyətlə məşğul olması öz əksini tapmamışdır. Belə ki, müəyyən edilmişdir ki, ilk dəfə aliment təyin edildikdən sonra keçən bu müddət ərzində cavabdeh tərəfindən 4 avtomobilin alqı-satqısı aparılmış, sonuncusu hazırda onun mülkiyyətindədir. Cavabdehin mülkiyyətində avtomobil olması onun maddi imkanının yaxşı olması və 300 manat məbləğində aliment ödənilməsi imkanının olması barədə nəticəyə gəlməyə əsas vermir. Həmçinin cavabdehin adına iki mənzilin olması işin mübahisəsiz halıdır. Eyni zamanda Bakı şəhərində yerləşən mənzilin cavabdeh tərəfindən kirayə verilməsi öz izahatı ilə təsdiq edilmişdir. Lakin kirayə məbləğinin iddiaçının nümayəndəsi və vəkilinin bildirdiyi kimi 500- 600 manat olması barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh mənzilini 300 manata kirayə verdiyini göstərmiş, bu hal iddiaçı tərəfindən təkzib edilməmişdir. Həmçinin cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, kolbasa satışı və paylanmasını həyata keçirməsi barədə iddiaçının nümayəndəsi və vəkilinin arqumentlərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və yüksək gəlir əldə etməsinə dair rəsmi sənəd təqdim edilməmişdir. İddiaçının nümayəndəsi və vəkilinin təqdim etdiyi cavabdehin adına VÖEN olması ilə bağlı müvafiq məktubda hər hansı vergi ödənişi həyata keçirmədiyi qeyd edilmişdir. Həmçinin həmin məktubda cavabdehin ev quşlarının təsərrüfatı ilə əlaqədar vergi ödəyicisi kimi qeydiyyatda olması göstərilmişdir. Bütün bunları qiymətləndirib məhkəmə hesab edir ki, iddiaçı alimentin artırılaraq 300 manat sabit pul məbləğində müəyyən edilməsinə münasibətdə tələbinin tam əsaslılığını sübuta yetirə bilməmişdir. Lakin məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, 2019-cu il üçün yaşayış minimumunun bir uşaq üçün 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə 07 oktyabr 2015ci il təvəllüdlü X1 üçün 130 (bir yüz otuz) manat alimentin tutulması qərara alınmışdır. 2019-cu ildən 3 il müddət keçdiyindən həmin müddət ərzində uşağın gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmur. Belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə bütün qeyd edilənləri, 07 oktyabr 2015-ci il təvəllüdlü X2 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşağın həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq, onun digər qayğıları ilə anasının məşğul olmasını əsas gətirərək uşaqlar üçün yaşayış minimumu miqdarında hər ay 193 (bir yüz doxsan üç) manat miqdarında Cavabdeh aliment tutulmasını məqsədəuyğun hesab edir. Məhkəmə iddianın uşağın əlavə xərclərində cavabdehin iştiraka cəlb edilməsi və hər ay 200 manat pulun verilməsi hissəsini rədd edərkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarda qeyd olunur ki, layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunur ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. İddiaçının tələbindən aydın olur ki, o, cavabdehlə birgə nikahından olan X2 əlavə xərclərində onun atası X3 cəlb edilməsini məhkəmədən xahiş edir və tərəflər arasında qeyd edilən məsələyə dair saziş bağlanmayıb. Məhkəmə qeyd edir ki, iddiaçı övladının əlavə xərclərində cavabdehin iştirak etməli olduğunu qeyd etsə də tərəflərin birgə nikahlarında doğulmuş X2 ailə qanunvericiliyində nəzərdə tutulmuş qaydada ağır xəstəliyi ilə bağlı, həmçinin ona məcburi müalicə təyin edilməsinə dair təkzibolunmaz sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı övladının sağlamalığı və müalicəsi üçün real şəkildə çəkilmiş xərclərin verilməsini mövcud və mötəbər sübutlar əsasında cavabdehdən tələb edə bilərdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, 07 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Naxçıvan Şəhər Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(078)-542/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək Cavabdeh hər ay sabit məbləğdə 193 (bir yüz doxsan üç) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilmədir. Hazırki alimentin tutulmasının əvvəlki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(193-130)=65 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(078)-542/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat miqdarında aliment tutularaq 07 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-472/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-472/2022
03.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver