Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-481/2024 16.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı MMM QBKT-nın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı MMM QBKT iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4389.52 manat, faiz borcuna görə 756.00 manat, cərimə borcuna görə 156.01 manat, cəmi 5301.53 (beş min üç yüz bir manat əlli üç qəpik) manat məbləğində borcun və 73.02 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir: İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl tərəflə mübahisəyə dair öz aralarında razılaşma əldə olunmamasını təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında məhkəmə vurğulamışdır ki, Mülki Məcəllənin 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Sonda Konstitusiya Məhkəməsinin həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İddia ərizəsinin əsaslandırma hissəsində qeyd olunmuşdur ki, “Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz”. Ancaq iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı müqavilə üzrə yaranmış bütün borcun qaytarılmasını istəyir. Bütün borcun qaytarılmasını tələb edərək isə dolayı yolla müqavilənin ləğv edilməsini istəyir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də qeyd olunan müqavilənin ləğvi üçün cavabdehə təklif göndərməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddələrinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMMnın QBKT cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı MMM QBKT tərəfindən X1 vasitəsilə 12 fevral 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 73.02 (yetmiş üç manat iki qəpik) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, İddiaçı MMM QBKT Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı MMM QBKT-nın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı MMM QBKT tərəfindən X1 vasitəsilə 12 fevral 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 73.02 (yetmiş üç manat iki qəpik) manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı MMM QBKT-yə izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-481/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-481/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver