Məhkəmə qərarları › İş №e-2(078)-501/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-501/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-501/2022 19.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 14 aprel 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cəmi borcu 23442,04 (iyirmi üç min dörd yüz qırx dörd manat, dörd qəpik) manat - bundan 7773,15 (yeddi min yeddi yüz yetmiş üç manat, on beş qəpik) manat əsas, 8359,73 (səkkiz min üç yüz əlli doqquz manat, yetmiş üç qəpik) manat faiz, 6184,88 (altı min yüz səksən dörd manat, səksən səkkiz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1124,28 (bir min yüz iyirmi dörd manat, iyirmi səkkiz qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 160,33 (yüz altmış manat, otuz üç qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul еdilməsini xahiş etmişdir. İddiaçı Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tələbini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh2 arasında bağlanmış 70011857 nömrəli 30.09.2014-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 20% dərəcəsi ilə ödəmək şərtilə 12000 (on iki min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 70011857/ZM nömrəli 30.09.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqavilə və Zaminlik müqaviləsinə 30.05.2015-ci il tarixli Əlavə Sazişə əsasən kredit Restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 11384,50 (on bir min üç yüz səksən dörd manat, 50 qəpik) manat hesablanmışdır. Kreditin ödənilmə müddəti yeni təyin olunmuş qrafikə əsasən 47 ay müddətinə uzadılmışdır. Kreditin bitmə tarixi 30.04.2019-cu il tarixi müəyyənləşdirilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********271 saylı, 16.02.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. 01.03.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 23 442,04 (iyirmi üç min dörd yüz qırx dörd manat, 04 qəpik) AZN təşkil edir. Bundan 7773,15 (yeddi min yeddi yüz yetmiş üç manat, 15 qəpik) AZN əsas, 8359,73 (səkkiz min üç yüz əlli doqquz manat, 73 qəpik) AZN faiz, 6184,88 (altı min yüz səksən dörd manat, 88 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1124,28 (bir min yüz iyirmi dörd manat, 28 qəpik) AZN faiz borcu təşkil edir. 19 may 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 16 may 2022-ci il tarixdə iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərilərək, ərizədə hal-hazırda icraatda İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair e-2(078)-501/2022 saylı mülki iş olduğunu, həmin mülki işin məhkəmə hazırlıq iclasının 19.05.2022-ci il tarixə saat 10:00-a təyin edildiyini, yaranmış zərurətlə əlaqədar iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin banka qaytarılmalı olduğunu qeyd edərək mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin banka qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı heç bir etiraz daxil olmamışdır. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə göndərilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı - X2 vasitəsilə 11 aprel 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 160.73 (yüz altmış manat, yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar v e r d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı - X2 vasitəsilə 11 aprel 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 160.73 (yüz altmış manat, yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar