Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-505/2025 24.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh Hümbət qızına qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh Hümbət qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh Hümbət qızından "xxxx" ASC-nin xeyrinə ödənilməmiş nağd krediti üzrə 13974.11 manat əsas borc, kredit xətti üzrə 300 manat əsas borc, 5.01 manat faiz borcu olmaqla, cəmi 14279.12 borcun, ödənilmiş 132.84 manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2023-cü il tarixli, BPM**********47 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 19%-lə, 48 ay müddətinə 14700 manat kredit verilmişdir. X1 ilə xx.xx.2022-ci il tarixli, BPM**********40 nömrəli tam kart müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 24%-lə, 36 ay müddətinə 300 manat kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 346144 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 2104 nömrəli məktubdan görünür ki, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh Hümbət qızı 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə xx.xx.2024-cü il tarixində 2V-22 və 2V- 21 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr” verilmişdir. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X3 xx.xx.2025-ci ilədək nağd krediti üzrə banka ödənilməmiş 13974.11 manat əsas borcu və xx.xx.2025-ci il tarixinədək kredit xətti üzrə banka ödənilməmiş 300 manat əsas borcu və ödənilməmiş 5.01 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2025-ci il tarixində 6-2-22/2-22/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı təşkilat sonda qanunvericiliyin müvafiq normalarına istinad edərək qeyd olunanların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə2 elektron ərizə göndərərək, iddia tələbini müdafiə etdiklərini, mülki işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh Hümbət qızına qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə işə Cavabdeh Hümbət qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın ərizəsini, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarına əlavə olunmuş 14 iyul 2023-cü il tarixdə verilmiş AZ-İİ 346144 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X5 27 iyun 2023-cü ildə Bakı şəhəri, Xətai rayonunda vəfat etmişdir. 18 yanvar 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin surətinə əsasən, X3 vərəsəsi Cavabdeh Hümbət qızıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31.93 kv.m yaşayış sahəsi 16.5 kv.m olan 1 otaqlı mənzildən ibarətdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, BPM**********40 nömrəli tam kart müqaviləsinin surətindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" ASC ilə cavabdeh X5 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, BPM**********40 nömrəli X8 1 nömrəli əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, BPM**********47 nömrəli kredit müqaviləsinin surətindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" ASC ilə cavabdeh X5 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, BPM**********47 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışının surətinə əsasən, X3 "xxxx" ASCyə 13974.11 manat əsas borcu vardır. İş materiallarına əlavə olunmuş 04 fevral 2025-ci il tarixli maliyyə arayışının surətinə əsasən, X3 "xxxx" ASC-yə 300 manat əsas borcu və 5.01 manat faiz borcu vardır. Cavabdeh Hümbət qızına banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı 06 yanvar 2025-ci il tarixdə bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmə iclasında araşdırılmış hallarından aydın olmuşdur ki, iddiaçı təşkilat "xxxx" ASC ilə X5 arasında kredit müqaviləsi üzrə mülki hüquq münasibətləri yaranmışdır. Kreditor olaraq iddiaçı təşkilat müqavilədə nəzərdə tutulan pul vəsaitinin borcluya verilməsi öhdəliyini yerinə yetirmişdir. Borclunun vəfat etməsi ilə onun müqavilədə nəzərdə tutulan qaydada və vaxtda öhdəliyi tam icra olunmamışdır. Kredit müqaviləsi əsasında zaminlik müqaviləsi bağlanmamışdır. Bu halda borclunun vəfatı ilə önün öhdəliyi vərəsələrinə münasibətdə müəyyən edilmişdir. X3 vəfatından sonra ondan qalan miras aktivi bir otaqlı mənzil və xəstəlik müavinəti müəyyən edilərək birinci növbəli vərəsəsi-arvadı Cavabdeh Hümbət qızı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu halda isə borclu X3 miras passivinin həcmi yəni hazırki iddianın predmeti vərəsənin qəbul etdiyi miras aktivindən-mənzildən xeyli az olması nəzərə alınaraq vərəsənin mirası qəbul etdiyi həcmdə yəni tam miras passivi üçün məsuliyyəti müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə görə vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İşə baxılan zaman notarius tərəfindən mərhumun əmlakının siyahıya alınmasına dair cavabdeh tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Verilən şəhadətnamə ilə mərhumun miras aktivinin mövcud olması müəyyən edilmiş, digər miras aktivlərinin olubolmamasına dair mərhumun əmlakının siyahıya alınmasına dair hər hansı sənəd verilməmişdir. Bu halda isə sübutetmə yükü cavabdehə məxsusdur, ona görə də, iddia tam təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh Hümbət qızına qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası əsaslı olduğundan təmin olunmalı, Cavabdeh Hümbət qızından 31 mart 2023-cü il tarixli, BPM**********47 nömrəli Kredit Müqaviləsinə əsasən 13974.11 (on üç min doqquz yüz yetmiş dörd manat on bir qəpik) manat əsas borc, 28 mart 2022-ci il tarixli, BPM**********40 nömrəli X8 əsasən 300 (üç yüz) manat əsas borc, 5.01 (beş manat bir qəpik) manat faiz borcu olmaqla, cəmi 14279.12 (on dörd min iki yüz yetmiş doqquz manat on iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" ASC tərəfindən 12 fevral 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 132.84 (yüz otuz iki manat səksən dörd qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 133.24 (yüz otuz üç manat iyirmi dörd qəpik) manat Cavabdeh Hümbət qızından alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 238, 241, 242-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. Cavabdeh Hümbət qızından 31 mart 2023-cü il tarixli, BPM**********47 nömrəli Kredit Müqaviləsinə əsasən 13974.11 (on üç min doqquz yüz yetmiş dörd manat on bir qəpik) manat əsas borc, 28 mart 2022-ci il tarixli, BPM**********40 nömrəli X8 əsasən 300 (üç yüz) manat əsas borc, 5.01 (beş manat bir qəpik) manat faiz borcu olmaqla, cəmi 14279.12 (on dörd min iki yüz yetmiş doqquz manat on iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddiaçı "xxxx" ASC tərəfindən 12 fevral 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 132.84 (yüz otuz iki manat səksən dörd qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 133.24 (yüz otuz üç manat iyirmi dörd qəpik) manat Cavabdeh Hümbət qızından alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamə onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-505/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-505/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver