Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-527/2023 03.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(078)-131/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 20 sentyabr 2011-ci il təvəllüdlü X3 və 05 yanvar 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər birinə 220 manat olmaqla iki uşaq üçün 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 01 noyabr 2010-cu il tarixdə Naxçıvan şəhər Nikah Evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Cavabdeh və İsmayılova (Hacıyeva) Hürü İsa qızının nikahlarından 20 sentyabr 2011-ci il təvəllüdlü X5 və 05 yanvar 2015-ci il təvəllüdlü X4 adlı övladları vardır. Tərəflər arasındakı nikah qeydi iddiaçının tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli 2(078)-526/2010 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra uşaqlar anasının yanında saxlanılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(078)-131/2020 nömrəli qətnaməsi ilə Cavabdeh 24 dekabr 2019-cu il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla ümumilikdə 320 (üç yüz iyirmi) manat miqdarında aliment tutularaq 20 sentyabr 2011-ci il təvəllüdlü X5 və 05 yanvar 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı İsmayılova (Hacıyeva) Hürü İsa qızına ödənilməsi qət edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu X2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının nümayəndəsi vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı Cavabdeh ilə 01 noyabr 2010-cu il tarixdə Naxçıvan şəhər Nikah Evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların nikahlarından birgə yaşadıqları dövrdə 20 sentyabr 2011-ci il təvəllüdlü X5 və 05 yanvar 2015-ci il təvəllüdlü X4 adlı iki övladı doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən nikahları iddiaçının tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli 2(078)-526/2010 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra uşaqlar anasının yanında saxlanılmışdır. Daha əvvəl İddiaçı aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və Naxçıvan Şəhər Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(078)-131/2020 nömrəli qətnaməsi ilə Cavabdeh 24 dekabr 2019-cu il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla ümumilikdə 320 (üç yüz iyirmi) manat miqdarında aliment tutularaq 20 sentyabr 2011-ci il təvəllüdlü X5 və 05 yanvar 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı Naxçıvan şəhərində kirayə mənzil tutub yaşayır, işləsə də qazancı elə də yüksək deyildir. Bu səbəbdən də maddi imkanı yaxşı deyil. Cavabdehin uşaqlara ödədiyi 320 manat aliment uşaqların maddi tələbatını qarşılamağa yetmir. Uşaqlar elə yaş həddindədir ki, onların təhsilinə, təliminə və digər xərclərinə pul lazım olur. Aldığı ailment bu gün uşaqların təminatını ödəmir və tək qadın olaraq iddiaçı bunun öhdəsindən gəlməkdə çətinlik çəkir. Uşaqlara aliment 2020-ci ilin yanvarında kəsilib, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da onun ailə büdcəsinə təsir edir. Bu səbəbdən də övladlarının saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyir. Uşaqların yaşı artdıqca xərcləri də artır. Uşaqlar artıq böyüyüblər və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh "xxxx"ın Naxçıvan filalında işləyir, yüksək məbləğdə maaş alır. Bundan əlavə cavabdeh maşın alqı-satqısı ilə məşğuldur və hər maşın satışından qazanc əldə edir. Vəkil qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, "xxxx"ın Naxçıvan filalında işləyir, aylıq 760 manata qədər əmək haqqı alır. Hər uşağa hər ay 160 manat olmaqla ümumilikdə 320 manat aliment ödəyir. İkinci dəfə ailə qurub. Bu maaşla həm aliment verir, həm banka kredit borcunu ödəyir, həm də ailəsini saxlayır. Kredit borcu ilə bağı hesabdan çıxarışı və əmək haqqı ilə bağlı çıxarışları məhkəməyə təqdim edib. İddiaçı özü də işləyir. O yetəri qədər artıq aliment ödəyir. Buna görə də tələbi əsassız hesab edir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, 2020-ci il üçün yaşayış minimumu bir uşaq üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmiş, həmin vaxt məhkəmə qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla ümumilikdə 320 (üç yüz iyirmi) manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. 2020-ci ildən 3 ilə yaxın müddət keçdiyindən həmin müddət ərzində uşaqların gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Tərəflərin maddi vəziyyətini, eləcə də uşaqların tələbatlarının artmasının mübahisə doğurmadığını nəzərə aldıqda məhkəmə belə qənaətə gəlir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə qeyd edilənləri, 20 sentyabr 2011-ci il təvəllüdlü X5 və 05 yanvar 2015-ci il təvəllüdlü X1 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşaqların həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 185 (bir yüz səksən beş) manat olmaqla ümumilikdə 370 (üç yüz yetmiş) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə cavabdeh aldığı əmək haqqına münasibətdə kifayət qədər aliment ödəyir. Onun əlavə qazanc əldə etməsi iddiaçı tərəfin izahatında qeyd edilsə də heç bir sübut təqdim edilməmişdir. Buna görə də yaşayış minimumun artmasını, uşaqlarının yaşlarının artmasını və ehtiyaclarının da təbii şəkildə artmasını məhkəmə nəzərə alır və aliment moqdarının hər bir uşağa görə 25 manat olmaqla iki uşağa 50 manat artırılmasını əsaslı hesab edir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən qeyd etməyi zəruri hesab edir ki, elektron məhkəmə informasiya sistemində cavabdehin gəlir məlumatı əmək müqaviləsi əsasında "xxxx" ASC-nin Naxçıvan Filialında xəzinədar işləməsi və 900 manat əmək haqqı alması müəyyən edilmişdir. Cavabdehin kredit öhdəliyi mövcuddur və bu barədə hesabdan çıxarış təqdim etmişdir. İddiaçının vəkili və nümayəndəsi iddiaçının işlədiyini bildirmiş, lakin elektron məhkəmə informasiya sistemində onun gəlir məlumatı aşkar edilməmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili cavabdehin avtomobil alqısatqısı ilə məşğul olduğunu bildirmiş, lakin bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(370-320)=600 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq qiymətləndirilən iddia üzrə 1000 manata qədər tələb üzrə 30 (otuz) manat dövlət rüsumunun tutulması əsası ilə 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(078)-131/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 185 (bir yüz səksən beş) manat olmaqla iki uşaq üçün ümumilikdə 370 (üç yüz yetmiş) manat miqdarında aliment tutularaq 20 sentyabr 2011-ci il təvəllüdlü X5 və 05 yanvar 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-527/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-527/2023
03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver