Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-575/2024 24.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 6655.46 AZN, faiz borcuna görə 1066 AZN, cərimə borcuna görə 528.98 AZN olmaqla, cəmi 8250.44 (səkkiz min iki yüz əlli manat qırx dörd qəpik) AZN məbləğində borcun və 102.51 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı MM QBKT ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, **********3836 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh2 ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25 % dərəcəsi olmaqla 24 ay müddətinə 10000 (on min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 536 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində "Fincard" adı qeyd edilmiş kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********3***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh4, **********3***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 və **********3***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixə olan maliyyə arayışına əsasən Cavabdeh2 borcu əsas borc üzrə 6655.46 AZN, faiz borcuna görə 1066 AZN, cərimə borcuna görə 528.98 AZN, cəmi 8250.44 (səkkiz min iki yüz əlli manat qırx dörd qəpik) AZN təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat İddiaçı MM QBKTnə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, lakin təşkilatın nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərmiş, ərizədə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılması və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə İddiaçı MM QBKT-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın ərizəsini və iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə araşdırması zamanı mülki işin materiallarına əlavə olunmuş xx.xx.2022ci il tarixdə bağlanmış **********3836 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı X1- Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit müqaviləsinin şərtinə əsasən Cavabdeh2 ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə illik 25 % ilə hesablanmaqla 10000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclunun hər ay 536 manat olmaqla bərabər hissələrlə, sonuncu ay isə 524 manat ödəniş etməsi razılaşdırılmışdır. İş materiallarında olan FİNCA Azerbaijan” MM QBKT tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə arayışına əsasən, Cavabdeh2 ilə kredit təşkilatı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən banka əsas borc üzrə 6655.46 manat, faiz borcuna görə 1066 manat, cərimə borcuna görə 528.98 manat olmaqla, cəmi 8250.44 manat məbləğində borcu mövcuddur. Cavabdeh2 tərəfindən təşkilata olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilələr üzrə götürmüş olduqları öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişlər. Belə ki, iddiaçı təşkilat kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh2 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımnca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2022-ci il tarixli, **********3***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh4, xx.xx.2022-ci il tarixli, **********3***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 və xx.xx.2022-ci il tarixli, **********3***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında məhkəmə vurğulamışdır ki, Mülki Məcəllənin 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirib belə qənaətə gəlir ki, faiz borcu miqdarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 1066 (min altmış altı) manat məbləğində faiz borcu əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, tələb olunan faiz borcu 332.80 (üç yüz otuz iki manat səksən qəpik) manat məbləğədək azaldılmalıdır. Beləliklə, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 6655.46 (altı min altı yüz əlli beş manat qırx altı qəpik) manat əsas, 332.80 (üç yüz otuz iki manat səksən qəpik) manat faiz borcu, 528.98 (beş yüz iyirmi səkkiz manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 7517.24 (yeddi min beş yüz on yeddi manat iyirmi dörd qəpik) manat məbləğində pul tutularaq, İddiaçı MM QBKT-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin edildiyinə görə İddiaçı MM QBKT tərəfindən xx.xx.2024-cü il tarixli, ********** qəbzlə ödənilmiş 102.51 (yüz iki manat əlli bir qəpik) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 93.40 (doxsan üç manat qırx qəpik) manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 6655.46 (altı min altı yüz əlli beş manat qırx altı qəpik) manat əsas, 332.80 (üç yüz otuz iki manat səksən qəpik) manat faiz borcu, 528.98 (beş yüz iyirmi səkkiz manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 7517.24 (yeddi min beş yüz on yeddi manat iyirmi dörd qəpik) manat məbləğində pul tutularaq, İddiaçı MM QBKT-nin xeyrinə xeyrinə ödənilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı MM QBKT tərəfindən ödənilmiş 102.51 (yüz iki manat əlli bir qəpik) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 93.40 (doxsan üç manat qırx qəpik) manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-575/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-575/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver