Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-579/2023 10.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı nağd pul krediti müqaviləsi üzrə pul tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, İddiaçıAçıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 340947-CNS-32491 №-li Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsinə əsasən xx.xx.2023-cü ildə banka borclu olduğu 2.766/14 (iki min yeddi yüz altmış altı manat on dörd qəpik) manat məbləğində əsas borc, 383.37 (üç yüz səksən üç manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu, 340.20 (üç yüz qırx manat iyirmi qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3.489.71 (üç min dörd yüz səksən doqquz manat yetmiş bir qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 54.90 (əlli dörd manat doxsan qəpik) manat məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2022-ci il tarixli, 340947-CNS-32491 №-li Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 25% (iyirmi beş faiz) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 3.000 (üç min) AZN məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmişdir, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti Bank Xidmətlərinin göstərilməsi X2 şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra Müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün Müştəriyə Ödəniş kartı təqdim edir və Müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2023-cü il tarixə 2.766.14 (iki min yeddi yüz altmış altı manat on dörd qəpik) manat məbləğində əsas borc, 383.37 (üç yüz səksən üç manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu, 340.20 (üç yüz qırx manat iyirmi qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3489.71 (üç min dörd yüz səksən doqquz manat yetmiş bir qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianı əsaslı sayıb təmin edərkən iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlara istinad edir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə cavabdeh Məmmədov X1 şəhəri, Xətai məhəllə, döngə 4, ev 22 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 04 aprel 2023-cü il tarixli, e-2(078)-579/2023 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmiş, 07 aprel 2023-cü il tarixdə həmin sənədlər qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə göndərilmiş bildirişdə cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında müqavilədən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki iş materiallarından aydın olur ki, tərəflər arasında borc (kredit) müqaviləsindən irəli gələn öhdəliklər mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə görə, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407-ci maddəsinə görə, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.1-ci maddəsinə əsasən, müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin.Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri”nin 1.2-ci bəndinə əsasən Aksept - Müştərinin Banka təqdim etdiyi Ərizə-Razılaşmanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra "Mülki Məcəllə”) 409.1-ci maddəsinə uyğun olaraq qeyd-şərtsiz qəbul etməsi barədə həmin Ərizə-Razılaşmada imza etməklə və Bankın möhürü ilə təsdiqlənməsi ilə ifadə olunan Bankın yazılı cavabıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 418.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. 16 fevral 2022-ci il tarixli 340097-CNS-32941 saylı “nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsindən görünür ki, cavabdeh İddiaçı ASC-nə müraciət etmiş və ona istehlak məqsədilə illik 25 (iyirmi beş) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. “Bank xidmətlərinin göstərilməsi X2 şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan "kart hesabı"na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Kreditin həmin cari hesaba köçürüldüyü tarix kredit və girov barədə ümumi şərtlər üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən kredit faizlərinin hesablanması başlayır. Bu müqavilə üzrə gecikdirilmiş kreditə görə nağd pul kreditləri üzrə hər gecikdirilən gün üçün ərizədə göstərilən cərimə tətbiq edilir. Ərizəyə əlavə edilmiş 06 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 340947-CNS-32491 saylı “Nağd pul krediti müqaviləsi” üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 06 yanvar 2023-cü ilə 2.766,14 (iki min yeddi yüz altmış altı manat on dörd qəpik) AZN məbləğində əsas borc, 383.37 (üç yüz səksən üç manat otuz yeddi qəpik) AZN məbləğində faiz borcu, 340.20 (üç yüz qırx manat iyirmi qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3.489,71 (üç min dörd yüz səksən doqquz manat yetmiş bir qəpik) AZN məbləğində borcu mövcuddur. İddia ərizəsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdehin banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh imzalamışdır. Həmin ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 119.21 (yüz on doqquz manat iyirmi bir qəpik) manat kredit müqaviləsi üzrə ödənişin son tarixi xx.xx.2025-ci il tarixdə isə 122.24 (yüz iyirmi iki manat iyirmi dörd qəpik) manat ödəməli olması aydın olur. İddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, 3000 (üç min) manat məbləğində pul müqavilə bağlandığı gün bank tərəfindən borcalanın hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də müqavilə şərtlərindən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə müqavilə ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və sair haqları, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş hesabdan çıxarış ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. İddianın təmin edilməsi ilə bağlı məhkəmə istinad etdiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun ödənilməsinə dair hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. xx.xx.2022-ci il tarixli, 340947-CNS-32491Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsindən isə müəyyən edilir ki, gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 340.20 (üç yüz qırx manat iyirmi qəpik) manat məbləğində dəbbə pulu əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, tələb olunan dəbbə pulu 200 (iki yüz) manat məbləğədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 54,90 (əlli dörd manat doxsan qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının da cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 54,90 (əlli dörd manat doxsan qəpik) manat məbləğində dövlət rüsumunun 43.34 (qırx üç manat otuz dörd qəpik) manat hissəsi və 0.40 (qırx qəpik) manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - 2766.14 (iki min yeddi yüz altmış altı manat on dörd qəpik) manat məbləğində əsas borc, 383.37 (üç yüz səksən üç manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3349.51 (üç min üç yüz qırx doqquz manat əlli bir qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə verilməli; - iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 54.90 (əlli dörd manat doxsan qəpik) manat məbləğində dövlət rüsumunun 43.34 (qırx üç manat otuz dörd qəpik) manat hissəsi və 0.40 (qırx qəpik) manat xidmət haqqı Cavabdeh alınaraq iş üzrə iddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən edilsin. 2766.14 (iki min yeddi yüz altmış altı manat on dörd qəpik) manat məbləğində əsas borc, 383.37 (üç yüz səksən üç manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3349.51 (üç min üç yüz qırx doqquz manat əlli bir qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 54.90 (əlli dörd manat doxsan qəpik) manat məbləğində dövlət rüsumunun 43.34 (qırx üç manat otuz dörd qəpik) manat hissəsi və 0.40 (qırx qəpik) manat xidmət haqqı Cavabdeh alınaraq iş üzrə iddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-579/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-579/2023
10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver