Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-644/2022 19.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı təşkilatın nümayəndəsi X2 və vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı təşkilat İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 350 manat əsas borcun, bundan əlavə 35 manat gecikdirilmiş penya pulunun, hüquqi yardım vəkil üçün ödənilmiş 200 manat qonorarın, 13 manat notarius xərcinin, nəticə etibarilə ümumilikdə 598 manat pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı təşkilatın nümayəndəsi qismində izahat verən X4 iddianı müdafiə edərək, onunla Cavabdeh arasında 26 iyun 2021-ci il tarixdə 320 nömrəli müqavilə bağlandığını, həmin müqavilə ilə cavabdehə Redmi 9 markalı telefonu 5 aylıq kreditlə 600 manata satdığını, cavabdehin yaranan borc üzrə cəmi 250 manat ödəniş etdiyini, 350 manat borcunun qaldığını, müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat penya (cərimə) pulunun ödənilməsinin nəzərdə tutulduğunu, buna görə də, həmin məbləğlərin də cavabdehin borcu hesab olunduğunu, özünün telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə etdiyini, qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, yəni vaxtında ödənilməyən ödənişlərin onun üçün maddi zərərlərə gətirib çıxardığını, yəni cavabdehə satılmış telefonların vaxtında ödənilməyən pullarının onun maddi itkilərə məruz qalmağına səbəb olduğunu, cavabdehə yox, başqa şəxslərə həmin telefonlar satılsaydı, özünün maddi itkilərlə qarşılaşmayacağını, borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunduğunu, borc pulun ödənilməsinin ondan tələb edildiyini, lakin onun borcun ödənilməsindən imtina etdiyini, buna görə ciddi maddi itkilərlə qarşılaşdığını, özünün Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanındığını, geniş müştəri dairəsinin olduğunu, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malik olduğunu, satıcı-alıcı münasibətlərinin kəskinləşməsinin, münasibətlərin pozulmasının və mübahisənin məhkəməyə daşınmasının heç də yaxşı hal olmadığını, lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şəraitin dayandığını, əgər cavabdeh borcu vaxtında ödəsəydi, məsələnin də bu səviyyəyə gəlib çıxmayacağını, cavabdehin 26 iyun 2021-ci il tarixli, 320 nömrəli müqavilədən yaranan 350 manat əsas borcunun olduğunu, bundan əlavə 35 manat gecikdirilmiş penya pulunun, hüquqi yardım vəkilə üçün ödənilmiş 200 manat qonorarın, 13 manat notarius xərcinin, nəticə etibarilə, ümumilikdə 598 manat pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istədiyini, bunları nəzərə alaraq, Cavabdeh 350 manat əsas borcun, bundan əlavə 35 manat gecikdirilmiş penya pulunun, hüquqi yardım vəkil üçün ödənilmiş 200 manat qonorarın, 13 manat notarius xərcinin, nəticə etibarilə ümumilikdə 598 manat pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını, 35 manat gecikdirilmiş penya pulunun günlük deyil, illik 10 faiz götürərək qeyd etdiklərini, iddianın təmini barədə qərar verilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: İddiaçı ilə Cavabdeh arasında 26 iyun 2021-ci il tarixdə bağlanmış 320 nömrəli kredit satış müqaviləsinə əsasən, satıcı malı alıcının mülkiyyətinə kredit-satış qaydasında verir, alıcı isə aldığı malın dəyərini müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Alıcı üzərində olan borcu vaxtında ödəməyi tam öhdəsinə götürür. Alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcmində penya hesablanır. Alıcı İddiaçı MMC-dən dəyəri 600 manat, markası Redmi 9 olan mobil telefonu razılaşaraq 5 ay müddətinə kreditlə alır. Alınan malın 100 manatı nağd qaydada, qalan borc isə 500 manata aylıq ödənilir (26 iyul 2021-100 manat, 26 avqust-100 manat, 26 sentyabr 2021-100 manat, 26 oktyabr-100 manat, 26 noyabr 2021-100 manat). Məhkəmə izahatlara, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit satış müqaviləsi bağlanmış, cavabdeh öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmiş, nəticədə icranı gecikdirmişdir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 350 (üç yüz əlli) manat əsas borc, 35 (otuz beş) manat gecikdirilmiş penya pulu, hüquqi yardım vəkilə üçün ödənilmiş 200 (iki yüz) manat qonorar, 13 (on üç) manat notarius xərci, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 628 (altı yüz iyirmi səkkiz) manat məbləğində pul iddiaçı təşkilat İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan müqavilədən görünür ki, iddiaçı hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamış və 200 manat ödəniş etmişdir. Bundan başqa, iş materiallarında olan məhkəməyə müraciət etmək üçün hazırlanan sənəd surətlərinin təsdiqlənmiş surətindən görünür ki, təsdiqlənmə notariat orqanında aparılmış və 13 manat rüsum iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat əsas borc, 35 (otuz beş) manat gecikdirilmiş penya pulu, hüquqi yardım vəkilə üçün ödənilmiş 200 (iki yüz) manat qonorar, 13 (on üç) manat notarius xərci, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 628 (altı yüz iyirmi səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-644/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-644/2022
19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver