Məhkəmə qərarları › İş №e-2(078)-645/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-645/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-645/2022 14.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 iyun 2020-ci il tarixli, İK1006/08 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə olan 1666.33 (bir min altı yüz altmış altı manat otuz üç qəpik) manat gecikdirilmiş faiz borcu, 4727.79 (dörd min yeddi yüz iyirmi yeddi manat yetmiş doqquz qəpik) manat gecikdirilmiş əsas borc, 25.87 (iyirmi beş manat səksən yeddi qəpik) manat faiz borcu, 4207.54 (dörd min iki yüz yeddi manat əlli dörd qəpik) manat əsas borc olmaqla, ümumilikdə 10627.53 (on min altı yüz iyirmi yeddi manat əlli üç qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 121.88 (bir yüz iyirmi bir manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 10 iyun 2020-ci il tarixli, İK1006/08 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 10000 (on min) manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak ilə 10 iyun 2020-ci il tarixli, ZM1006/08 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuş, nəticədə 23 may 2022-ci il tarixə kredit reyestrində Cavabdeh1 adına 581 gecikmə günü qeydə alınmışdır. Bu səbəbdən tərəflərindən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və Borcalan və Zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. 28 iyun 2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsinə e- 2(078)-645/2022 saylı mülki iş üzrə baxıldığını, iddia tələbində texniki səbəblərdən faiz və cərimə borcunun ayrıca göstərilmədiyini, bu səbəbdən iddia məbləğinin dəqiqləşdirilməsi məqsədilə iddia tələbində göstərilən qaydada düzəlişin nəzərə alınmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 iyun 2020-ci il tarixli, İK1006/08 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə olan 8935.33 (səkkiz min doqquz yüz otuz beş manat otuz üç qəpik) manat əsas borcu, 955.06 (doqquz yüz əlli beş manat altı qəpik) manat faiz borcu, 737.14 (yeddi yüz otuz yeddi manat 14 qəpik) manat cərimə olmaqla, ümumilikdə 10627.53 (on min altı yüz iyirmi yeddi manat, əlli üç qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 121.88 (bir yüz iyirmi bir manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsinin ərizəsi təmin olunaraq iddia tələbinə 10 iyun 2020-ci il tarixli, İK1006/08 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə olan 8935.33 (səkkiz min doqquz yüz otuz beş manat otuz üç qəpik) manat əsas borcu, 955.06 (doqquz yüz əlli beş manat altı qəpik) manat faiz borcu, 737.14 (yeddi yüz otuz yeddi manat 14 qəpik) manat cərimə olmaqla, ümumilikdə 10627.53 (on min altı yüz iyirmi yeddi manat, əlli üç qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 121.88 (bir yüz iyirmi bir manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi həddində baxılması qərara alınmışdır. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə 28 iyun 2022-ci il tarixdə və 14 iyul 2022-ci il tarixdə eyni məzmunlu ərizələr göndərilərək ərizələrdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair ərizəsinə e-2(078)-645/2022 saylı mülki iş üzrə baxıldığını, iddia tələbini müdafiə etdiyini, işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirib işlərin çoxluğunu nəzərə alaraq təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə baxış iclasında izahat verən Cavabdeh1 izahatında iddiaçı bank ilə aralarında həqiqətən də müqavilə bağlandığını, iddiaçı tərəfindən ona 10 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 17% dərəcəsi ilə 36 ay müddətinə 10000 (on min) manat məbləğində istehlak krediti verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyini, krediti anasının müalicəsi üçün götürdüyünü, əvvəllər ödənişi vaxtlı-vaxtında ödədiyini, lakin sonradan əmək haqqında azalma olduğu üçün borcunu ödəyə bilmədiyini, borcunu qəbul etdiyini, borcunu ödəməkdən yayınmaq niyyəti olmadığını, lakin maddi cəhətdən imkanı aşağı olduğundan borcunu ödəyə bilmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit müqaviləsinin bağlanması, sonuncuya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 17% dərəcəsi ilə 36 ay müddətinə 10000 (on min) manat məbləğində istehlak krediti verilməsi, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq iddiaçı ilə Cavabdeh2 arasında 10 iyun 2020-ci il tarixli, ZM1006/08 saylı Zaminlik müqaviləsinin bağlanması, Cavabdeh1 öz öhdəliklərini lazımi qaydada icra etməməsi işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 10 iyun 2020-ci il tarixli, İK1006/08 saylı kredit müqaviləsi və 10 iyun 2020-ci il tarixli, ZM1006/08 saylı Zaminlik müqaviləsi ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 yaranmış borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlar və cavabdehin məhkəmədə verdiyi izahatıdır. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, cavabdehlərə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onların qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmiş, qeyd olunan məhkəmə sənədlərində cavabdehlərə iddia tələbinə qarşı etirazlarının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və ya iddiaçıya təqdim etməsi izah olunsa da, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamış, Cavabdeh1 məhkəmə iclasında iştirak edərək yaranmış borcu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 10 iyun 2020-ci il tarixli, İK1006/08 saylı kredit müqaviləsi imzalanmış və cavabdehə 17% dərəcəsi ilə 36 ay müddətinə 10000 (on min) manat məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsinin 5.2-ci maddəsinin “a” bəndinə əsasən borcalan müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini ödəniş qrafikinə uyğun olaraq vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə Bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. 10 iyun 2020-ci il tarixli, ZM1006/08 saylı Zaminlik müqaviləsinə əsasən iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh1 həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2023-cü il tarixədək ödəməli olması aydın olur. Həmin ödəniş cədvəli cavabdeh tərəfindən imzalanmışdır. 23 may 2022-ci il tarixli, 142 nömrəli arayışa əsasən Cavabdeh1 iddiaçı təşkilata xx.xx.2022-ci il tarixə olan 8935.33 (səkkiz min doqquz yüz otuz beş manat otuz üç qəpik) manat əsas borcu, 955.06 (doqquz yüz əlli beş manat altı qəpik) manat faiz borcu, 737.14 (yeddi yüz otuz yeddi manat 14 qəpik) manat cərimə olmaqla, ümumilikdə 10627.53 (on min altı yüz iyirmi yeddi manat, əlli üç qəpik) manat kredit borcunun qaldığı məlum olur. Həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsindən, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş kassa məxaric orderi və cavabdehin izahatı ilə öz təsdiqini tapır. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, həmin gün Cavabdeh1 9910 manat məbləğində pul verilmiş və onun tərəfindən həmin kassa məxair orderi imzalanmışdır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10 iyun 2020-ci il tarixli, İK1006/08 saylı kredit müqaviləsi Cavabdeh2 arasında bağlanmış 10 iyun 2020-ci il tarixli, ZM1006/08 saylı Zaminlik müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə olunmuş 12 may 2022-ci il tarixli, 04/678 nömrəli pretenziya məktubdan isə Cavabdeh1 və Cavabdeh2 müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməmələri və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xəbərdarlıq göndərilməsi aydın olur. Məhkəmə iddiaçının Cavabdeh2 qarşı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 10 iyun 2020-ci il tarixli, ZM1006/08 saylı Zaminlik müqaviləsində müqavilə tərəfləri iş üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib: -zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin Borcalanın Bank qarşısında 10 iyun 2020-ci il tarixli, İK1006/08 saylı kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin ödənilməsi də daxil olmaqla borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıyır. -zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən zamin və borcalan göstərilən kredit müqaviləsi üzrə borcalanın öhdəliklərini icra etməməsi və icrasının mümkün olmaması zamanı bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki Cavabdeh2 10 iyun 2020-ci il tarixli, İK1006/08 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunmuşdur. Hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 iddiaçı qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Məhkəmə cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehlərə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Məhkəmə iddiaçının cərimə ödənilməsi barədə tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2.10-cu bəndində qeyd olunur ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin cərimənin miqdarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 737.14 (yeddi yüz otuz yeddi manat on dörd qəpik) manat məbləğində cərimə əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, tələb olunan cərimə (dəbbə pulu) 570 manat məbləğədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 121.88 (bir yüz iyirmi bir manat səksən səkkiz qəpik) manat miqdarında dövlət rüsumunun 119 (yüz on doqquz) manat hissəsi cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - 8935.33 (səkkiz min doqquz yüz otuz beş manat otuz üç qəpik) manat əsas borc, 955.06 (doqquz yüz əlli beş manat altı qəpik) manat faiz borcu, 570 (beş yüz yetmiş) manat cərimə olmaqla, ümumilikdə 10460.39 (on min dörd yüz altmış manat, otuz doqquz qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; - iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 121.88 (bir yüz iyirmi bir manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun 119 (yüz on doqquz) manat hissəsi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 8935.33 (səkkiz min doqquz yüz otuz beş manat otuz üç qəpik) manat əsas borc, 955.06 (doqquz yüz əlli beş manat altı qəpik) manat faiz borcu, 570 (beş yüz yetmiş) manat cərimə olmaqla, ümumilikdə 10460.39 (on min dörd yüz altmış manat, otuz doqquz qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. İddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 121.88 (bir yüz iyirmi bir manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun 119 (yüz on doqquz) manat hissəsi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar