Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-674/2024 21.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh "xxxx" QSC-nin xeyrinə 14227.33 (on dörd min iki yüz iyirmi yeddi manat otuz üç qəpik) manat məbləğində kredit bоrcu, 2111.13 (iki min yüz on bir manat on üç qəpik) manat məbləğində faiz bоrcu və 748.35 (yeddi yüz qırx səkkiz manat otuz beş qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 17086.81 (on yeddi min səksən altı manat səksən bir qəpik) manat məbləğində bоrcun və bank tərəfindən ödənilmiş 141.26 (yüz qırx bir manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15800 (on beş min səkkiz yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1572.67 manat ödəniş etmiş və оnun iddiaçıya 14227.33 (on dörd min iki yüz iyirmi yeddi manat otuz üç qəpik) manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 263 gün üçün hesablanmış faiz borcu 2111.13 (iki min yüz on bir manat on üç qəpik) manat manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 263 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 748.35 (yeddi yüz qırx səkkiz manat otuz beş qəpik) manat təşkil edir. İddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 21 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi Nümayəndə1 21 may 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə icraatda olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulmasına dair e-2(078)- 674/2024 saylı mülki iş üzrə iddia tələbini müdafiə etdiklərini və xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasının iştirakları olmadan keçirilməsini, iş üzrə məhkəmə baxış iclasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 21 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş Cavabdeh anası X2 məhkəməyə 08 may 2024-cü il tarixdə ərizə göndərərək ərizədə Cavabdeh adına ünvan 1 ünvanına məktublar göndərilsə də Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etdiyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 296579 nömrəli ölüm haqqında şəhadətnamədən Cavabdeh xx.xx.2023-cü il tarixdə qaraciyərin dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 250 nömrə ilə qeyd aparılması aydın olur. Həmçinin iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış cavabdehin şəxsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu isə o deməkdir ki, iddia tələbi hazırda sağ olmayan şəxsə qarşı qaldırılıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunur ki, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qanunvericiliyin yuxarıda qeyd olunan normasından aydın olur ki, prosessual hüquq varisliyinə iş məhkəmənin icraatına daxil olduqdan sonra bu hal baş verdikdə yol verilir. Bu Məcəllənin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1.-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırki mülki iş üzrə yuxarıda qeyd olunan cavabdeh öldüyündən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 149.2.2-ci maddənin tələblərinə əməl edilməmişdir. Çünki qanunvericiliyin tələbinə əsasən iddia ərizəsində cavabdehin yaşayış yeri həmçinin olduğu halda iş yeri göstərilməlidir. Ölmüş fiziki şəxsin yaşayış yerinin iddia ərizəsində qeyd olunması mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş tələblərə riayət edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.12-ci maddələrinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X5 vasitəsilə 14 sentyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 141.26 (yüz qırx bir manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırarkən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X5 vasitəsilə 14 sentyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 141.26 (yüz qırx bir manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-674/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-674/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver