Məhkəmə qərarları › İş №e-2(078)-695/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-695/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-695/2023 04.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı2 MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat "xxxx" MMC-nin nümayəndəsi İddiaçı1 və onun vəkili və nümayəndəsi Məhəmməd Abdullayev Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 460 manat əsas borc, gecikdirilmiş peniya olan 46 manat, 13 manat notarius xərci olmaqla nəticə etibarilə 519 manat pulun və 30 manat dövlət rüsumunun iddiaçı təşkilat İddiaçı2 MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı2 MMC-nin təsisçisi İddiaçı1 ilə Cavabdeh arasında 04 iyul 2022-ci il tarixdə 666 nömrəli kredit-satış müqaviləsi bağlanmış, müqavilənin şərtinə əsasən Samsung Galaxy A53 markalı telefonu 6 aylıq kredit şərti ilə 1000 manata almış, bundan ilkin ödəniş daxil olmaqla 540 manatı ödəmiş və 460 manat borcu qalmışdır. Müqavilədə gecikdirilmiş hər gün üçün 10 manat penya (cərimə) borcunun ödənilməsi nəzərdə tutulmuşdur və bu borc da cavabdehin borcu hesab edilir, belə ki, vaxtında ödənilməyən ödənişlər maddi zərərə səbəb olur. Hazırda cavabdehin 666 nömrəli müqavilə üzrə 460 manat əsas borcu var, bundan başqa cavabdehin 46 manat cərimə borcu vardır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə ödəməli olduğu borcu geri verməkdən boyun qaçırmışdır. İddiaçı təşkilat sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin təsisçi İddiaçı1 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə göndərərək mülki iş üzrə bütün məhkəmə iclaslarını onların iştirakı olmadan keçirməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul edərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, həqiqətən də onun iddiaçı təşkilata iddia ərizəsində göstərdikləri miqdarda borcu var. Onunla iddiaçı təşkilat arasında kredit müqaviləsi bağlanıbdır. Borcunu hissə-hissə ödəyib qaytaracaq. Bunların nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçı təşkilatın ərizəsini və iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 04 iyul 2022-ci il tarixli 666 nömrəli kredit-satış müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı2 MMC tərəfindən İddiaçı1 ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən Cavabdeh dəyəri 1000 manat olan Samsung Galaxy A53 markalı telefonu almış, bundan 300 manat nağd ödəniş edərək qalan 700 manat borcu 6 ay müddətinə aylıq 120 manat (sonuncu ay 100 manat) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün qalan malın dəyərinin 10% miqdarında cərimə ödənilməsi nəzərdə tutulmuşdur. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş mobil telefonu iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 460 manat əsas borc, 46 manat cərimə borcu olmaqla ümumilikdə 506 manat məbləğində pul alınaraq iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı2 MMC tərəfindən X1 xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Eyni zamanda 13 (on üç) manat notarius xərci Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı2 MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh 460 manat əsas borc, 46 manat cərimə borcu olmaqla ümumilikdə 506 (beş yüz altı) manat məbləğində pul alınaraq iddiaçı təşkilat İddiaçı2 MMC-nə ödənilsin. İddiaçı2 MMC tərəfindən X1 xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 13 (on üç) manat notarius xərci Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar