Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-736/2025 30.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7080.01 (yeddi min səksən manat bir qəpik) manat əsas, 361.08 (üç yüz altmış bir manat səkkiz qəpik) manat faiz, cəmi 7441.09 (yeddi min dörd yüz qırx bir manat doqquz qəpik) manat məbləğində vəsaitin və ödənilmiş 94.41 (doxsan dörd manat qırx bir qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK1423641C299 saylı Kredit müqaviləsinə əsasən ona illik 17 faiz dərəcəsi ilə, 83 ay müddətinə 7080.01 (yeddi min səksən manat bir qəpik) manat olan kredit verilmişdir. Daha dəqiq deyilsə kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 7080.01 (yeddi min səksən manat bir qəpik) manat əsas, 361.08 (üç yüz altmış bir manat səkkiz qəpik) manat faiz, cəmi 7441.09 (yeddi min dörd yüz qırx bir manat doqquz qəpik) manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi Nümayəndə 01 may 2025-ci il, 17 iyun 2025-ci il və 30 iyun 2025-ci il tarixdə məhkəməyə eyni məzmunlu ərizələr göndərərək ərizələrdə İddiaçı ASC-nin cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, mülki işin məhkəmə iclasının təyin edildiyini, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia ərizəsinin tam əsaslı və qanuni olduğunu, yuxarıda göstərilənləri, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizələri nəzərə alaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bankdan 7080 manat kredit götürdüyünü, özünün X3 Sistemlərinin İstismarı İdarəsində işlədiyini, həmin vaxt krediti ödədiyini, ştat ixtisara düşdüyü üçün işdən çıxarıldığını, anasının da 33 ildir Duzdağda işlədiyini, onların da Həmkarlar İttifaqının tərkibinə verildiyini, bu səbəbdən onun da işdən çıxarıldığını, anasının da kredit borcu olduğunu, onun borcunu ödədiyini, öz borcunu ödəyə bilmədiyini, kredit borcunu qəbul etdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında sənədlər mübadiləsi yolu ilə xx.xx.2024-cü il tarixli, RGTK1423641C299 saylı kredit müqaviləsi imzalanması və cavabdehə 83 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 7080.01 (yeddi min səksən manat bir qəpik) manat məbləğində kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, RGTK1423641C299 saylı kredit müqaviləsi ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh yaranmış kredit borcunun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə öz təsdiqini tapdığından, onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, cavabdeh Həsənov X2 şəhəri, Xətai məhəlləsi, döngə 9, ev 1 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 01 may 2025-ci il tarixli məhkəmə bildirişi onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilərək Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən ona iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, ona əlavə olunmuş sənədləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.5-ci maddəsi və “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240-cı bəndinə əsasən, yuxarıda qeyd edilən hallar məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Belə ki, Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Eyni zamanda, qeyd edilməlidir ki, Mülki Məcəllənin 331.3-cü maddəsi ilə müəyyən edilmiş "Əqdlərin bağlanması zamanı ... şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir" müddəası həm bağlanması nəzərdə tutulan əqdlərin, həm də belə əqdlərin bağlanması üçün nəzərdə tutulan digər sənədlərin (əqdlərin) imzalanmasını ehtiva edə bilər. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bu Qərarda əks olunmuş hüquqi mövqelər müqavilələrin bağlanması üçün qanunvericiliklə tələb olunan əlaqəli sənədlərin imzalanması ilə bağlı münasibətlərə də şamil edilir. Həmin sənədlərin imzalanması zamanı tərəflərin iradəsi dəqiq, birmənalı, aydın və sui-istifadəni istisna edən şəkildə ifadə olunmalıdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən belə məlum olur ki, müqavilənin bağlanması təklifi razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını özündə ehtiva etmişdir. Müqavilə sənədlər mübadiləsi yolu ilə imzalanmışdır. Lazımi qaydada məlumatlandırılmış cavabdeh bununla bağlı hər hansı bir etiraz irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, RGTK1423641C299 saylı kredit müqaviləsi imzalanmış və kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərtilə gündəlik tələbat məqsədilə 83 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 7080.01 (yeddi min səksən manat bir qəpik) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.8 və 2.8.1-ci bəndlərinə əsasən, müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) borcalan tərəfindən əsas borc yaxud onun bir hissəsinin ödəniş qrafiki üzrə ödənilməsi vaxtında ödənilməsi müddətləri pozulduqda, kreditor borcalandan vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini xx.xx.2024-cü ildən başlayaraq xx.xx.2031-ci il tarixədək hər ay 145.60 (bir yüz qırx beş manat altmış qəpik) manat, sonuncu ay isə yəni xx.xx.2031-ci il tarixdə 149.77 (bir yüz qırx doqquz manat yetmiş yeddi qəpik) manat ödəməli olması aydın olur. Qeyd olunan ödəniş cədvəli də cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2025-ci il tarixə xx.xx.2024-cü il tarixli, RGTK1423641C299 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 7080.01 (yeddi min səksən manat bir qəpik) manat əsas, 361.08 (üç yüz altmış bir manat səkkiz qəpik) manat faiz, cəmi 7441.09 (yeddi min dörd yüz qırx bir manat doqquz qəpik) manat borcu yarandığı məlum olur. Həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsindən, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, mülkiprosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, iddia ərizəsində göstərilən məbləğdə pul həmin gün bank tərəfindən borcalanın yəni cavabdehin hesabına köçürülmüşdür. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK1423641C299 saylı kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də, o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə olunmuş 17 mart 2025-ci il tarixli, 16/MH9154 nömrəli pretenziya məktubundan isə Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməməsi və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xəbərdarlıq göndərilməsi aydın olur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini bu hissədə əsaslı qəbul edir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericiliyin tələbləri daxilində ərizəni və ona əlavə əlavə olunmuş sənədləri araşdıran məhkəmə yekunda qeyd edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı əsas və faiz borcuna dair tələbinin əsaslı olması iş materialları ilə təsdiq olunur. Buna görə də, həmin tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 94.41 (doxsan dörd manat qırx bir qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -xx.xx.2024-cü il tarixli, RGTK1423641C299 saylı kredit müqaviləsi üzrə 7080.01 (yeddi min səksən manat bir qəpik) manat əsas borc, 361.08 (üç yüz altmış bir manat səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 7441.09 (yeddi min dörd yüz qırx bir manat doqquz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -94.41 (doxsan dörd manat qırx bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli, RGTK1423641C299 saylı kredit müqaviləsi üzrə 7080.01 (yeddi min səksən manat bir qəpik) manat əsas borc, 361.08 (üç yüz altmış bir manat səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 7441.09 (yeddi min dörd yüz qırx bir manat doqquz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 94.41 (doxsan dörd manat qırx bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-736/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-736/2025
30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver