Məhkəmə qərarları › İş №e-2(078)-747/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-747/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-747/2024 24.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 910 manat əsas borcun, 100 manat gecikdirilmiş penya pulunun, nəticə etibarilə ümumilikdə 1010 (min on) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30.10 manat dövlət rüsumunun alınaraq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı təmsilçisi Nümayəndə ilə Cavabdeh arasında 03 may 2021-ci il tarixdə 88 nömrəli kredit-satış müqaviləsi bağlandığını, 03 may 2021-ci il tarixli, 88 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh “Samsung A7” markalı telefonu 9 aylıq kreditlə 1200 manat dəyərində aldığını, hazırki vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla, 290 manat ödənildiyini, lakin hazırda qalan 910 manat borcunu ödəməkdən imtina etdiyini, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat penya (cərimə) pulunun ödənilməsinin nəzərdə tutulduğunu, buna görə də, həmin məbləğlərin də cavabdehin borcu hesab olunduğunu, Nümayəndə telefon satışı ilə məşğul olaraq maddi qazanc əldə etdiyini, qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, yəni vaxtında ödənilməyən ödənişlərin onun üçün maddi zərərlərə gətirib çıxardığını, hazırki vəziyyətdə cavabdehə satılmış telefonların vaxtında ödənilməyən pullarının maddi itkilərə məruz qalmağına səbəb olduğunu, cavabdehə yox, başqa şəxslərə həmin telefonlar satılsaydı, Nümayəndə maddi itkilərlə qarşılaşmayacağını, həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunduğunu, borc pulun ödənilməsinin ondan tələb edildiyini, lakin onun borcun ödənilməsindən imtina etdiyini, buna görə Nümayəndə ciddi maddi itkilərlə qarşılaşdığını, Nümayəndə Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanındığını, geniş müştəri dairəsinin olduğunu, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malik olduğunu, satıcı-alıcı münasibətlərinin kəskinləşməsinin, münasibətlərin pozulmasının və mübahisənin məhkəməyə daşınmasının heç də yaxşı hal olmadığını, lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şəraitin dayandığını, əgər cavabdeh borcu vaxtında ödəsəydi, məsələnin də bu səviyyəyə gəlib çıxmayacağını, cavabdehin 03 may 2021-ci il tarixli, 88 nömrəli müqavilədən yaranan 910 manat əsas borcunun olduğunu, bundan əlavə hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 100 manat penya pulunun və 30.10 manat dövlət rüsumunun da cavabdehdən alınıb Nümayəndə qaytarılmasını istədiyini, bunları nəzərə alaraq, Cavabdeh 910 manat əsas borcun, 100 manat gecikdirilmiş penya pulunun, nəticə etibarilə ümumilikdə 1010 (min on) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30.10 manat dövlət rüsumunun alınaraq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında 03 may 2021-ci il tarixdə bağlanmış 88 nömrəli X1satqı Müqaviləsinə əsasən, satıcı alıcıya ümumi məbləği 1200 manat dəyərində “Samsung A7” markalı mobil telefonu satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini ödəməyi öhdəsinə götürür. 03 may 2021-ci il tarixli, 88 nömrəli X1-satqı Müqaviləsinə 2 nömrəli əlavəyə əsasən, Cavabdeh 1200 manat məbləğində pulun 100 manatını nağd qaydada, qalan 1100 manatını isə 9 ay müddətində, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığında hər ay 123 manat, xx.xx.2022-ci il tarixdə isə 116 manat olmaqla ödəməyi öhdəsinə götürür. 05 aprel 2024-cü il tarixli arayışa əsasən, Cavabdeh İddiaçınə 910 manat əsas borc və 100 manat penya pulu olmaqla, ümumilikdə 1010 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Xəbərdarlıq məktubunun surətindən məlum olur ki, borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı MMC kredit-satış müqaviləsi üzrə dəbbə pulu olaraq cavabdehdən 100 manat tutulmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, əsas borcun 5% miqdarında 45.5 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə, Cavabdeh xx.xx.2021-ci il tarixli, 88 nömrəli kredit-satış müqaviləsinə əsasən 910 manat əsas borc, gecikdirilmiş peniya pulu olan 45.5 manat olmaqla, nəticə etibarilə ümumilikdə 955.5 (manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 88 nömrəli kredit-satış müqaviləsinə əsasən 910 (doqquz yüz on) manat əsas borc, gecikdirilmiş peniya pulu olan 45.5 (qırx beş manat əlli qəpik) manat olmaqla, nəticə etibarilə ümumilikdə 955.5 (doqquz yüz əlli beş manat əlli qəpik) manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar