Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-754/2024 10.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, İddiaçı Nümayəndə iştirakı ilə, İddiaçı Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Nümayəndə Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 450 manat əsas borcun, bundan əlavə 50 manat gecikdirilmiş penya pulunun, nəticə etibarilə ümumilikdə 500 (beş yüz) manat pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Nümayəndə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nümayəndə tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin təsisçisi Nümayəndə Elfida oğlu Cavabdeh ilə 05 avqust 2021-ci il tarixdə 106 nömrəli kredit-satış müqaviləsi imzalanmışdır. Həmin 05 avqust 2021-ci il tarixli, 106 nömrəli kredit-satış müqaviləsinə əsasən cavabdeh mebel dəstini 6 aylıq kreditlə 1050 manat dəyərində almış və hazırki vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla, 600 manat ödənilmiş, lakin 450 manat borcunu ödməkdən imtina edir. Eyni zamanda bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat penya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də, həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin mebel satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni, vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırki vəziyyətdə də cavabdehə satdığı mebel dəstinin vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin mebel dəsti satılsaydı, maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə onun tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o, borcun ödənilməsindən imtina etmişdir. Buna görə ciddi maddi itkilərlə qarşılaşmışdır. Həmçinin özü Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınır. Geniş müştəri dairəsi vardır. Müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi, məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. cavabdehin yuxarıda qeyd olunan 106 nömrəli müqavilədən yaranan 450 manat əsas borcu vardır. Bundan əlavə, 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək, iddiaçı Nümayəndə ona qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin onunla heç bir əlaqəsi olmadığından rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərardadı ilə, iddiaçı Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə Cavabdeh etirazı təmin edilmiş və materiallar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 24 iyun 2024-cü il tarixli baxış iclasında iştirak edən iddiaçı Nümayəndə bildirmişdir ki, cavabdehi ümumiyyətlə görməmişdir, cavabdehi tanımır. Malı atası satmışdır. “Cahan”dakı mağazasında atası işləyir. Atası satıcı olaraq işləyir. Atası ilə özü nəzarət edir. Malı satmasına dair sənədi məhkəməyə təqdim edir. Cavabdehə bir ədəd soyuducu satılmışdır. Cavabdehin ondan aldığı soyuduya görə 450 manat borcu qalır. Məhkəmənin 24 iyun 2024-cü il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X1 bildirmişdir ki, Cavabdeh al-ver başlayandan tanıyır. Cavabdeh tərəf 6-7 bacıdırlar, bacıların hamısı da ticarətlə məşğuldurlar. Bunlar həmişə Bakı şəhərinə mal aparıb gətirirlər. Mağazada işlədiyinə görə, həm də cavabdehin əsli qonşu kənddən olduğuna görə cavabdehi tanıyır. Cavabdeh soyuducunu alan zaman bildirdi ki, soyuducunu alıb evə qoyub və həmin evi kirayəyə verəcəkdir. Cavabdeh soyuducunun pulundan bir az verdi. Qalan hissəni isə aylıq ödəyirdi. Darçın Bakı şəhərinə gedəndən sonra onun telefonuna zəng çatmadı. Cavabdehin kirayəyə verdiyi evdə ölüm olduğundan polis onu Naxçıvana gətirdi və həmin vaxt gəlib 100 manat pul ödədi. Daha sonra Darçını tapa bilməmişdir. Məhkəməyə müraciət edəndən sonra Darçın mağazaya gəlib “məni niyə məhkəməyə vermisiniz, mən məhkəməyə məni şərləyirsiniz deyəcəyəm” dedi. Cavabdehin 450 manat borcu qalmışdır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı ərizəsini və iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Tərəflər arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC-nin təsisçisi Nümayəndə Elfida oğlu Cavabdeh arasında bağlanmış 05 avqust 2021-ci il tarixli, 106 nömrəli Kredit-satış Müqaviləsinə əsasən, satıcı alıcının mülkiyyətinə 1050 manat dəyərində mebel dəstini kredit-satış qaydasında verməyi, alıcı isə aldığı malın dəyərini ilkin ödəniş 200 manat olmaqla, qalan 850 manat məbləği 6 aylıq müddətə (05 sentyabr 2021-05 yanvar 2022-ci il tarixləri aralığında ayda 145 manat, 05 fevral 2022-ci il tarixdə isə 125 manat olmaqla) ödəməyi öhdəsinə götürür. Borclu borcunu gecikdirdiyi halda hər keçən gün üçün 10 manat həcmində penya ödənilir. Arayışa əsasən, Cavabdeh "xxxx" mağazasına borcu 450 manat təşkil edir. Bundan əlavə 50 manat gecikdirilmiş penya pulu, nəticə etibarilə ümumilikdə 500 (beş yüz) manat borcu yaranmışdır. Xəbərdarlıq məktubunun surətindən məlum olur ki, borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya olan borcun və gecikdirilmiş penya pulunun ödənilməsi ilə bağlı kredit-satış müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit-satış müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit-satış müqaviləsində müəyyən edilmiş mebel dəstini iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə öz üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Buna görə də cavabdeh kredit-satış müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı Nümayəndə Cavabdeh 50 manat gecikdirilmiş penya pulunun tutulmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan penya pulu əsas borca münasibətdə tənasübdür. Beləliklə, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 450 (dörd yüz əlli) manat əsas borc və 50 (əlli) manat gecikdirilmiş penya pulu olmaqla, cəmi 500 (beş yüz) manat məbləğində pul tutularaq, iddiaçı Nümayəndə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin edildiyinə görə iddiaçı Nümayəndə tərəfindən 13 aprel 2024-cü il tarixli, ********** qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin olunsun. Cavabdeh 450 (dörd yüz əlli) manat əsas borc və 50 (əlli) manat gecikdirilmiş penya pulu olmaqla, cəmi 500 (beş yüz) manat məbləğində pul tutularaq, iddiaçı Nümayəndə xeyrinə ödənilsin. İİddiaçı Nümayəndə tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-754/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-754/2024
10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver