Məhkəmə qərarları › İş №e-2(078)-776/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-776/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-776/2022 04.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması barədə tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 5262.94 manat məbləğində əsas borcun, 1055.7 manat məbləğində faiz borcunun, cəmi 6318.64 manat borcun və 84 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir: İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsinə cavabdeh qismində göstərilmiş Cavabdeh2 zamin olmasını təsdiq edən tərəflər arasında bağlanmış zaminlik müqaviləsi əlavə olunmamışdır. Belə olan halda Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iş üzrə zamin qismində öhdəlik daşıyıb-daşımamasını müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan yazılı sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi zamanı yoxlanılmalı məsələlərdən biri də iddia ərizəsinə əlavə edilməli sənədlərin mövcud olub-olmamasıdır. Belə ki, həmin Məcəllənin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli sənədlər qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən bu sənədlərdən biri də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddir. Lakin hazırki iş üzrə məhkəməyə ünvanlanmış iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu ödəməmişdir. İddia ərizəsinin qoşma hissəsində dövlət rüsumunun ödənilməsi barədə qəbz qeyd olunsa da iddia ərizəsinə həmin qəbz əlavə olunmamışdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması barədə tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin onu da qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması barədə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar